Azərbaycan 5 il əvvəl tarixi zəfər qazandı. 44 gün davam edən haqq mübarizəmizdə digər ərazilərimiz kimi, Qarabağın baş tacı olan Şuşanın da azad olunması əsas missiya idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində nüfuzlu KİV-lərə verdiyi müsahibələrdə bəyan etmişdi: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşasız bizim işimiz yarımçıq olar.”
Sentyabrın 27-də Qarabağda başlayan uğurlu əks-hücum əməliyyatı nəticəsində, noyabrın 9-dək Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən nüfuzlu KİV-lərinə verdiyi 30-dan çox müsahibəsində münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Bu, döyüş meydanında hər gün uğur qazanan Azərbaycanın həm də informasiya cəbhəsindəki qələbəsi idi. Dövlət başçımız bütün çıxışlarında Azərbaycanın ədalətli sülh istədiyini bəyan edirdi.
44 günlük müharibə eyni zamanda xalqımızın milli birliyini və siyasi həmrəyliyini nümayiş etdirdi. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması, milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığının təsdiqi idi.
Noyabrın 8-də, alınmaz qala sayılan Şuşanın işğaldan azad olunmasından sonra müharibənin taleyi həll olundu. Dövlət başçımızın da bəyan etdiyi kimi, Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda qəhrəmanlıq, zəfər və sülh rəmzidir.”
Şuşa qəhrəmanlıq, peşəkarlıq, fiziki güc və yüksək milli ruh nəticəsində azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdamı, 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçın rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan öz sərhədlərində möhkəmlənməyə başladı. 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması isə Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi tarixə düşdü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam edən əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu idi. Əminliklə söyləmək olar ki, beş il əvvəl Azərbaycanın qazandığı zəfər regionun təhlükəsizliyini təmin etdi.
Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan edilib. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bütün azad olunmuş ərazilərimizdə olduğu kimi, burada da bərpa-quruculuq işləri planlı şəkildə aparılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi siması qorunur.
Dövlət başçısının bəyan etdiyi kimi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.
Son 5 il ərzində işğaldan azad olunmuş ərazilərin kompleks bərpası uğurla reallaşmaqdadır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb. Təsadüfi deyil ki, növbəti ilin büdcəsində də azad olunmuş ərazilərin bərpası əsas prioritetlər sırasındadır.
Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı və iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59.565 nəfərdir. Prezident İlham Əliyevin sərəncamına əsasən, “Böyük Qayıdışa dair II Dövlət Proqramı” da hazırlanır.
8 Noyabr həm də Şuşa Şəhəri Günü kimi qeyd olunur. Ümumiyyətlə, işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması, Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Növbəti Zəfər Paradına hazırlaşan Azərbaycan xalqının 5 il əvvəl qazandığı böyük Qələbə bütün gələcək nəsillər üçün qürur mənbəyidir.
Nigar Məmmədova,
Milli Məclisin deputatı