Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6200 metr olan 125 nömrəli istismar quyusu istismara buraxılmışdır.
Quyuda qazma işlərinə 29 iyul 2015-ci il tarixində başlanılmış, qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilmişdir. Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6182 metr dərinliyə kimi aparılmış, layihə horizontu tam açılmışdır. 3 noyabr 2016-cı ildə hazır süzgəc (6092-6140m intervalında) istifadə etməklə 6182-6003,5m intervalına paker yığımlı “alt” istismar kəməri endirilmişdir.
Mənimsəmə işlərinə başlanılmış və 125 nömrəli istismar quyusu sutkalık 280 min kubmetr qaz və 80 ton kondensat hasilati ilə N.Nərimanov adına NQÇİ-nin istismar fonduna təhvil verilmişdir.