16 noyabr 2016 17:54
646

SOCAR-da gənclərlə görüş keçirilib

SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilmişdir 

Noyabrın 15-də SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilmişdir.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli tədbiri açıq elan edərək, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd etmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışılmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyəti xüsusi vurğulanmışdır. Daxili Təqaüd Proqramının, SOCAR Yay Məktəbi layihəsinin gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqqında dolğun informasiya əldə etməsində rolu qeyd olunmuşdur. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı gənclərin dünyanın aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Xarici Təqaüd Proqramı üzrə işlərin uğurla davam etdiyi diqqətlə çatdırılmış, bildirilmişdir ki, SOCAR-ın nəzdində peşəkar fəhlə kadrlarının hazırlanması prosesinə başlanılması gənclər arasında peşə təhsilinə marağın artmasına səbəb olmuşdur. 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 114 qeyri-hökumət təşkilatını özündə birləşdirir və ölkədə gənclər siyasətinin təşkil olunmasında mühüm rol oynayır. ARGTMŞ-nı təşkil edən qurumların SOCAR-la sıx əməkdaşlıqda maraqlı olduqları, fəaliyyət mübadiləsinin gələcəkdə sənaye və iqtisadiyyatımızın daha da inkişaf etməsinə şərait yaradacağı vurğulanmışdır. 

Tədbirdə SOCAR-ın gənclərlə bağlı lahiyələri haqqında video-çarx nümayiş etdirilmişdir. Daha sonra İRD-nin Təlim və inkişaf şöbəsinin rəis müavini Roman Süleymanov təqdimatla çıxış edərək bildirmişdir ki, 2004-2016-cı illər ərzində SOCAR-ın Daxili Təqaüd Proqramına 19162 nəfər müraciət etmiş və 1918 tələbə təqaüdçü seçilmişdir. Yay Məktəbi Proqramına 2490 nəfər müraciət etmiş və 272 nəfər qalib olmuşdur. Ödənişli Yay Təcrübəsi Proqramına 5663 nəfər müraciət etmiş və 1372 nəfər təcrübəçi seçilmişdir. Xarici Təqaüd Proqramı çərçivəsində 275 nəfər tələbənin xaricdə təhsili maliyyələşdirilmiş və təhsilini başa vuranlar işlə təmin olunmuşlar. Həmçinin qeyd olunmuşdur ki, peşəkar fəhlə kadrlarının hazırlanması üzrə 2012-2016-cı illər ərzində təlim mərkəzlərinə qəbul üçün müraciət etmiş 8561 nəfərdən 1247 nəfəri məzun olmuş və 841 nəfər işlə təmin olunmuşdur. 

''İnternat Məzunlarının Sosial İnteqrasiyası'' gənclər İctimai Birliyinin sədri Araz Əhmədov internat evinin 100-dən çox məzununun peşə təhsili üzrə SOCAR tərəfindən maliyyələşdirildiyi və işlə təmin edildiyini, habelə ailə qurmuş 60 gəncin mənzil probleminin həll edildiyini bildirmişdir. A.Əhmədov belə xeyirxah işlərə görə SOCAR rəhbərliyinə təşkilat adından təşəkkürünü bildirmişdir. 

Sonda qonaqlar üçün SOCAR-ın yeni inzibati binası üzrə gəzinti və birgə nahar təşkil olunmuşdur. Sonda xatirə şəkilləri çəkdirilmişdir.