Hər bir xalqın varlığını, müstəqilliyini və milli kimliyini təcəssüm etdirən ən müqəddəs rəmzlərdən biri onun bayrağıdır.
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müasir Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsaslarını, milli kimliyimizi və müstəqil dövlət atributlarımızın formalaşma prosesini əks etdirən mühüm tarixdir. Bu gün xalqımızın minillik tarixinin, mübarizə və yenidən doğuluş yolunun rəmzi olan üçrəngli bayrağımızın ucaldıldığı, milli yaddaşımızda əbədi iz buraxan bir gündür. Dövlət Bayrağı Günü təkcə milli rəmzlərə ehtiramın ifadəsi deyil,həm də müstəqil Azərbaycanın siyasi inkişaf yolunun, dövlətçilik ənənələrinin və milli ideologiyasının davamlılığını göstərən simvolik tarixdir.
Cənab Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur
Azərbaycan Respublikasının Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni ilə birlikdə ölkəmizin əsas milli rəmzlərindən biridir. Bayraq hər bir xalqın kimliyini, birliyini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən ali simvoldur. O, istər dövlət və milli bayramlarda, istər xalqın sevincli və ya hüznlü anlarında, istərsə də Zəfər mərasimlərində və şəhidlərimizin dəfnində başlıca atribut kimi ön plana çıxır. Bu fakt bir daha sübut edir ki, Dövlət Bayrağı Azərbaycan xalqının həmrəyliyinin, vətənpərvərlik duyğularının və milli qürur hissinin rəmzidir.
Azərbaycan xalqının bayrağa olan sevgisi onun milli ruhunun,azadlıq ideallarına sədaqətinin və dövlətçilik düşüncəsinin göstəricisidir. Buna görə də üçrəngli bayrağımız hər bir vətəndaş üçün müqəddəsdir və onun qorunması, ucaldılması milli borc hesab olunur.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmi şəkildə qəbul edilmiş, həmin gün Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Bayrağında yer alan üç rəng – mavi, qırmızı və yaşıl – xalqımızın milli ideologiyasını, tarixi köklərini və mənəvi dəyərlərini özündə birləşdirir. Mavi rəng türk etnik mənsubiyyətimizi və qədim mənşəyimizi ifadə edir. Qırmızı rəng ölkəmizin inkişafını,müasir dünyaya inteqrasiyasını və tərəqqi ideyasını simvollaşdırır. Yaşıl rəng isə İslam mədəniyyətinə mənəvi bağlılığımızı və dini dəyərlərə sədaqətimizi təcəssüm etdirir. Bu rənglərin ideoloji əsasını XX əsrin əvvəllərində görkəmli fikir adamı Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipi təşkil edir.
1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Ardınca, Naxçıvan Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın bütün respublika üçün rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatətə baxaraq “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul etmiş və üçrəngli bayrağı yenidən dövlət bayrağı elan etmişdir.
Bayraq Gününün məhz 9 noyabr tarixində qeyd edilməsi Cənab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə və onun dövlətçilik ənənələrinə verdiyi xüsusi önəmin göstəricisidir.1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan dövləti Xalq Cümhuriyyətinin hüquqi varisi kimi elan olunmuş, onun dövlət rəmzləri – o cümlədən üçrəngli bayrağı – bərpa edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağının hüquqi statusu və istifadəsi Konstitusiyanın 23-cü maddəsi, həmçinin 2018-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu ilə tənzimlənmişdir. Eyni zamanda, 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bayrağın istifadəsinə dair tələblər müəyyən edilmişdir. Bu qanun, Dövlət Bayrağının yalnız rəsmi qurumlarda deyil, vətəndaşların ictimai və mənəvi həyatında da mühüm yer tutmasını təmin edir. Bayrağa hörmətsizlik qanunla məsuliyyət doğurur və hər bir Azərbaycan vətəndaşının bu müqəddəs rəmzə ehtiramla yanaşması tələb olunur.
Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağını Azərbaycan xalqının ruhunu, milli kimliyini və dövlətçilik əzmini təcəssüm etdirən müqəddəs rəmz kimi dəyərləndirmişdir. Ümummilli Liderin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” kəlamı bu rəmzlərə olan sevgi və hörmətin dövlətçilik ideologiyasının ayrılmaz hissəsi olduğunu ifadə edir. Bu yanaşma həm də milli mənsubiyyətin və dövlətə sədaqətin ən ali göstəricisidir.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli həmrəyliyinin və Ordumuzun qəhrəmanlığının təntənəsi oldu. Bu mübarizənin ən parlaq simvollarından biri isə işğaldan azad edilən torpaqlarda ucaldılan üçrəngli Dövlət Bayrağımız idi. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Zəfər nəticəsində Azərbaycan Bayrağı artıq Şuşada, Laçında, Ağdamda, Xankəndində və digər azad edilmiş bölgələrdə qürurla dalğalanır. Hər bir azad edilən kənd və şəhərdə yüksəldilən bayraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli suverenliyinin dönməzliyini rəmzi şəkildə təsdiq edir. Dalğalanan hər bir bayraq, bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Bu sərəncam milli qürurun və dövlətçilik şüurunun simvoluna çevrilmişdir. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Dövlət Bayrağını uca tutmaq, onu xalqın birliyinin və müstəqil dövlətin əbədi nişanəsi kimi təqdim etmək idi.
Meydanın rəsmi açılışı 2010-cu il sentyabrın 1-də keçirilmiş, burada həmçinin Dövlət Bayrağı Muzeyi yaradılmışdır. 2010-cu il noyabrın 9-da – Dövlət Bayrağı Günündə muzeyin açılışı baş tutmuşdur. Muzeydə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizin müxtəlif tarixi dövrlərində mövcud olmuş dövlət və xanlıqların bayraqları da nümayiş olunur.
Ziyarətçilər burada Azərbaycanın zəngin dövlətçilik tarixini əks etdirən 400-dən çox eksponatla tanış ola bilirlər. Bu eksponatlar vasitəsilə dövlət atributlarının formalaşma mərhələləri, milli dəyərlərin və azadlıq ideyalarının inkişaf yolu əyani şəkildə göstərilir.
2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın üçrəngli bayrağını ucaldaraq ölkəmizin müasir inkişaf mərhələsində milli birliyin və müstəqilliyin rəmzini bir daha nümayiş etdirmişdir.
Bu gündən etibarən dünyanın ən böyük dövlət bayrağı Bakı Dövlət Bayrağı Meydanında dalğalanır. Meydanın yenilənmiş Dövlət Bayrağı Muzeyi isə həm müasir tərtibatı, həm də zəngin ekspozisiyası ilə diqqət çəkir.
Muzeydə xüsusi yer tutan “Zəfər qalereyası” 44 günlük Vətən müharibəsinə həsr olunmuşdur. Burada Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldırdığı tarixi anların, eləcə də Xankəndidə keçirilən Qələbə paradının fotoları sərgilənir. Bu ekspozisiya xalqın qəhrəmanlıq ruhunu və Azərbaycan Ordusunun şanlı tarixini əbədiləşdirir.
Altı sərgi salonundan ibarət olan muzeydə Azərbaycanın qədim, orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövrlərinə aid eksponatlar, eləcə də Ümummilli Lider Heydər Əliyevin dövlətçilik sahəsində xidmətləri, Prezident İlham Əliyevin ordu quruculuğu və Ali Baş Komandan kimi tarixi Qələbəsi haqqında videomateriallar nümayiş etdirilir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı yalnız rəsmi atribut deyil, həm də xalqımızın tarixindən gələn milli iradəsinin, müstəqillik uğrunda mübarizəsinin və gələcəyə inamının rəmzidir. Bu bayraq altında birləşmək, onu uca tutmaq və mənəvi dəyər kimi qorumaq hər bir vətəndaşın borcudur. Gələcək nəsillərə bu qürur və məsuliyyət hissini ötürmək isə dövlətçilik düşüncəsinin davamlılığını təmin edən mənəvi vəzifədir.
Dövlət Bayrağı Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə daim sülh, tərəqqi və möhkəm müstəqillik arzulayıram.
Qoy uca bayrağımız daim yüksəklərdə dalğalansın, xalqımızın qürur və birliyinin simvolu olaraq əbədi yaşasın!
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini