Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib.
“İki sahil” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər. Görüşdə həmçinin KOBİA və müvafiq palataların nümayəndələri, iş adamları iştirak ediblər.
Görüşdə Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dair müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistika və İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranın potensialından geniş istifadə olunması qeyd edilib. KOB-ların rəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərin bu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında 2025-ci ildə KOBİA və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir.
KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata ilə əməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslər arasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdən keçirilib.