07 noyabr 2025 14:02
89

Sahil Babayev: Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi qeyri-neft gəlirləri hesabına olacaq

Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi, icmal büdcəsinin 63 faizi qeyri-neft gəlirləri hesabına olacaq. Bəzən bunu müxtəlif istiqamətlərə yönəldərək vergilərin artırılması ilə tam bağlamağa çalışırlar. Bu, düzgün yanaşma deyil. Artımın birinci mənbəyi nədən ibarətdir? Qeyri-neft ÜDM-in özünün artımından.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, gələn il bizim qeyri-neft ÜDM-miz nominal rəqəm olaraq təqribən 10 faiz artacaq. Real rəqəm olaraq 5 faiz artır, vergi isə nominal rəqəmlərdən tutulur. Yəni birinci növbədə ÜDM-in özü artdığına görə bu gəlirlər artır və ümumiyyətlə, bu tipli məsələlərin müzakirəsində makroiqtisadi olaraq hər zaman verginin ÜDM-də payına baxılır ki, nə dərəcədə vergilər, toplanan yığımlar ÜDM-də yük yaradır.