07 noyabr 2025 10:22
426

Yüksəklərdə dalğalanan üçrəngli bayrağımız qürur mənbəyimizdir

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət rəmzlərimizdən və qürur mənbəyimizdən  biri olan Dövlət Bayrağımızın yaranmasının şanlı tarixi var. Belə ki, üçrəngli bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Ümummilli lider Heydər Əliyev Dövlət Bayrağı haqqında demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyev hmişə dövlət rəmzlərimizə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Qürur mənbəyimiz olan üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Bu şanlı səhifəni tariximizə  Müzəffər Sərkərdəmiz  İlham Əliyev yazdı.

Yeni  bir möhtəşəm  Qələbəmiz isə 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi ilə tarixə düşdü.  24 saatdan aə müddətdə qazanılan hərbi Zəfər suverenliyimiz bərpa etdi. Qarabağdakı separatçı rejim birdəfəlik ləğv olundu.

Qürurverici daha bir tarixi məqam isə 2023-cü il oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi. 2023-cü ilin  noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrindən biri oldu.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda  düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Artıq Qarabağda və Şərqi Zəngəzurda 30 minə yaxın insan məskunlaşıb və bu rəqəm sürətlə artmaqdadır. Yaxın üç ildə bu ərazilərə 140 min insanın köçürülməsi planlaşdırılır.

Məhz bu zəfərlər təqdimatında xalqımız  Dövlət Bayrağı Gününü çox yüksək  əhvali-ruhiyyədə qarşılayır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri