“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Azərbaycan bayrağı hər bir vətəndaş üçün qürur, azadlıq və dövlət müstəqilliyinin simvoludur. Bu bayraq təkcə bir parça parçadan ibarət deyil – onun hər rəngi, hər xətti xalqımızın tarixi, mədəniyyəti və milli dəyərləri ilə bağlı dərin mənaya malikdir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan bayrağı bizim dövlətçiliyimizin əsas sütunlarından biridir. Bu rəmz xalqımızın keçdiyi çətin, amma şərəfli mübarizə yolunun, azadlıq uğrunda göstərdiyi fədakarlığın təcəssümüdür.
Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdir. O vaxtdan etibarən bu bayraq azərbaycançılıq ideyasının, milli birliyin və müstəqilliyin simvoluna çevrilmişdir. Bayrağımızın mavi rəngi türklüyü, qırmızı rəngi müasirlik və inkişaf yolunu, yaşıl rəngi isə islam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Ortasındakı aypara və səkkizguşəli ulduz isə xalqımızın milli kimliyini və mənəvi dəyərlərini özündə birləşdirir.
Sovet dövründə bu bayraq uzun illər gizli şəkildə xalqın qəlbində yaşadı. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən rəsmi olaraq dövlət rəmzi kimi ucaldıldı. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə bayrağımız dövlətin rəsmi simvoluna çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə isə bu rəmz daha böyük dəyərlə ucaldıldı, dövlət səviyyəsində hörmət və ehtiramla qorundu.
Bayrağımıza olan sevgi təkcə sözlə deyil, əməllə də nümayiş olunur. 2007-ci ildə Ulu Öndərin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” təsis olundu və hər il 9 noyabr tarixində böyük qürurla qeyd edilir. Bu gün hər bir azərbaycanlının vətənpərvərlik duyğularını bir daha alovlandırır, milli birliyimizi möhkəmləndirir.
Azərbaycanın hər bir guşəsində, hər bir dövlət müəssisəsində, məktəbdə, evdə ucalan üçrəngli bayraq bizi bir amal ətrafında birləşdirir — azad, güclü və müstəqil Azərbaycan! Xüsusən gənc nəsil üçün bu bayraq təkcə bir simvol deyil, həm də milli kimliyini, dövlətinə və xalqına olan sədaqətini ifadə edən müqəddəs dəyərdir. Gənclər bu bayrağın mənasını, onun altında qazanılan qələbələrin qiymətini dərk etdikcə, ölkəmizin gələcəyi daha da parlaq olur.
Bu gün üçrəngli bayrağımız təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində, beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik təmsilçiliklərdə ucalır. Xüsusilə 2020-ci ildə Qarabağ torpaqlarımızın azad edilməsi zamanı bayrağımız yenidən Şuşada, Xankəndidə, Qubadlıda və Zəngilanda dalğalanarkən hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaşandı. Bu, həm xalqımızın birliyinin, həm də dövlətimizin gücünün rəmzi idi.
Ümummilli Lider Heydər Əliyevin sözləri bu gün də hər birimizin yaddaşında və qəlbində yaşayır. Azərbaycan bayrağı bizim tariximiz, bu günümüz və gələcəyimizdir. Onu sevmək, qorumaq və ucalara qaldırmaq hər bir vətəndaşın müqəddəs borcudur. Çünki bayrağımız dalğalandıqca Azərbaycan var olacaq, Azərbaycan var olduqca isə üçrəngli bayrağımız əbədi olaraq ucalarda dalğalanacaq.
Aydan Dilqəmli,
YAP Xətai təşkilatının fəalı