07 noyabr 2025 16:09
104

Ənənələrin, Zəfərin və milli birliyin ucaldığı zirvə - Azərbaycan Bayrağı

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələri, milli kimliyi və suverenlik idealları öz ən parlaq ifadəsini dövlət rəmzlərimizdə - bayraqda, gerbdə və himndə tapır. Bu rəmzlər xalqın müstəqilliyə, azadlığa və milli həmrəyliyə olan sarsılmaz inamını ifadə edir. Onların içərisində xüsusilə üçrəngli Dövlət Bayrağımız müstəqil Azərbaycanın simvolu, milli qürurumuzun və birliyimizin təcəssümüdür.

Hər il 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu tarix təkcə bir rəmzin yaranma günü deyil, həm də xalqımızın milli mənəvi dəyərlərinə, müstəqillik yolunda keçdiyi şərəfli tarixə və dövlətçilik ideallarına olan ehtiramın təntənəsidir.

Üçrəngli bayrağımız Azərbaycanın müasir simasını, xalqımızın azadlıq iradəsini, milli birliyini, həmçinin, suveren və qüdrətli dövlət kimi mövqeyini dünyaya nümayiş etdirən müqəddəs rəmzdir.

Üçrəngli bayrağımızın şanlı tarixi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il noyabrın 9-da qəbul edilən qərarla təsdiqlənmiş üçrəngli bayraq, müasir milli dövlət rəmzlərimizin başlanğıcını qoydu. O dövr üçün bu bayraq azərbaycanlıların azadlıq arzularını, türk kimliyini, müasir sivil dəyərlərə açıq dünyagörüşünü və mənəvi-mədəni köklərinə sadiqliyini ifadə edən böyük ideya daşıyıcısı idi.

Bayrağın mavi rəngi xalqımızın türk mənşəyini, qırmızı rəngi müasirlik, tərəqqi və inkişaf ideyalarını, yaşıl rəngi isə islam sivilizasiyasına mənsubiyyətimizi simvolizə edir. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi bütövlüyümüzün, milli kimliyimizin və dövlətçilik düşüncəmizin rəmzidir.

Beləliklə, üçrəngli bayraq yalnız rənglərin birləşməsi deyil, bir millətin azadlıq fəlsəfəsinin, kimliyinin və mənəvi bütövlüyünün ifadəsidir.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə üçrəngli bayraq dövlət rəmzi kimi ucalarda dalğalandı. Lakin cümhuriyyətin süqutundan sonra bu müqəddəs bayraq uzun illər unudulmağa məhkum edilmişdi.

Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı - milli dövlətçilik ənənələrinin bərpası

XX əsrin sonlarında baş verən tarixi hadisələr içərisində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərar nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi.

Bu qərar təkcə Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan üçün tarixi dönüş nöqtəsi oldu. Həmin vaxt hələ müstəqil dövlət rəmzlərinə sahib olmayan Azərbaycan SSR şəraitində bu addım böyük cəsarət, milli iradə və dövlətçilik uzaqgörənliyi tələb edirdi.

Ulu Öndər Heydər Əliyev bu barədə qeyd edirdi: “Üçrəngli bayrağımız Azərbaycan xalqının milli varlığının, azadlıq və müstəqillik arzularının rəmzidir. Bu bayraq Azərbaycanın gələcəyinə, onun dövlətçiliyinin əbədiliyinə inamın ifadəsidir.”

Məhz bu tarixi qərar gələcək müstəqil Azərbaycan dövlətinin rəmzlərinin - bayraq, gerb və himnin bərpasına ideoloji zəmin yaratdı.

Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan Respublikasının üçrəngli bayrağı yenidən dövlət rəmzi kimi təsdiqləndi. Beləliklə, xalqımızın milli kimliyinin, azadlıq iradəsinin və dövlətçiliyinin simvolu olan bu bayraq yenidən mavi göylərdə dalğalanmağa başladı.

Bu gün üçrəngli bayrağımız dünyanın bir çox ölkələrində - Azərbaycan səfirliklərində, beynəlxalq tədbirlərdə, idman arenalarında və sülh missiyalarında qürurla dalğalanır. O, müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasının, dövlətimizin suverenliyinin və qüdrətinin simvoluna çevrilmişdir.

Bakı şəhərində Dövlət Bayrağı Meydanı - milli qürurun təcəssümü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda yaradılmış Dövlət Bayrağı Meydanı müasir dövlətçilik tariximizin ən əlamətdar abidələrindən biridir. 162 metr hündürlüyündə ucalan bayraq dirəyi uzun illər dünyanın ən hündürlərindən biri olmuş və milli qürurun, dövlət müstəqilliyinin simvoluna çevrilmişdir.

Bu meydanda yerləşən Dövlət Bayrağı Muzeyi və ətrafda qurulan abidə-komplekslər Azərbaycan dövlət rəmzlərinin tarixi inkişafını, xalqın milli birliyini və azərbaycançılıq məfkurəsinin dərin mənasını təcəssüm etdirir.

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız

Azərbaycanın ən yeni tarixində üçrəngli bayrağımız yeni, daha şanlı mənaya qovuşmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında və digər işğaldan azad edilmiş torpaqlarımızda dalğalandı.

Bu mənzərə təkcə qələbənin deyil, həm də 30 illik həsrətin sona çatmasının, milli qürurun və əzəli torpaqlarımıza qayıdışın rəmzidir. O bayraqlar bu gün hər bir azərbaycanlının qəlbində azadlıq və qürur hisslərini alovlandırır.

Şuşa üzərində dalğalanan bayrağımız, əslində, tarix üzərində dalğalanan haqqın və ədalətin rəmzidir.

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

Dövlət Bayrağı Günü həm də xalqımızın milli həmrəyliyini, azərbaycançılıq ideologiyasını və müasir dövlət quruculuğu prinsiplərini birləşdirən mənəvi bayramdır. Üçrəngli bayraq bütün azərbaycanlıları bir amal ətrafında birləşdirir – azad, güclü və suveren dövlətin inkişafına xidmət etmək amalı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün bayrağımız təkcə dövlət binalarında deyil, xalqın qəlbində dalğalanır. O, müasir Azərbaycanın qüdrətinin, iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və xalqın dövlətinə olan sədaqətinin təcəssümüdür.

Ümumiyyətlə, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, müstəqil dövlətimizin tarixində qürur və ehtiramla qeyd edilən milli bayramlardan biridir. Bu gün biz üçrəngli bayrağımıza baxaraq keçdiyimiz şərəfli tarixi, mübarizələrlə dolu yolu, qazanılmış müstəqilliyi və sabaha olan inamı bir daha xatırlayırıq.

Üçrəngli bayrağımız Azərbaycan xalqının əzəli azadlıq sevgisinin, milli birliyinin, dövlət müstəqilliyinin və qələbə ruhunun rəmzidir.

O daim mavi göylərdə dalğalansın, xalqımıza qürur, dövlətimizə əzəmət gətirsin!

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri