07 noyabr 2025 10:03
122

Üçrəngli bayrağımız əbədi dalğalansın!

“1990-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq... Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”

Azərbaycan xalqının milli qürurunu, azadlıq arzusunu və dövlət müstəqilliyi ideyasını özündə birləşdirən üçrəngli bayrağımızın yenidən dövlət səviyyəsində qaldırılması 1990-cı ilin 17 noyabr tarixində Naxçıvan torpağında baş vermişdir. Bu hadisə təkcə bir simvolun ucaldılması deyil, həm də Azərbaycan dövlətçiliyinin dirçəlişinin başlanğıcı idi. Bu tarixi qərarın müəllifi isə Ümummilli Lider Heydər Əliyev idi.

O dövr  1990-cı ilin sonları  Sovet imperiyasının dağılmağa başladığı, lakin hələ də onun sərt ideoloji sisteminin hökm sürdüyü bir zamana təsadüf edirdi. Azərbaycan hələ müstəqil deyildi, Kommunist Partiyası hakimiyyətdə idi və milli atributların qaldırılması təhlükə kimi qiymətləndirilirdi. Məhz belə bir zamanda Heydər Əliyev böyük siyasi cəsarət və uzaqgörənlik nümayiş etdirərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən dövlət səviyyəsində qaldırdı.

Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin o tarixi sessiyasına Heydər Əliyev sədrlik edirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarlar Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun ilk rəsmi addımları oldu. Sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvanın dövlət bayrağı kimi üçrəngli bayraq qəbul edildi. Bu, o vaxt hələ Sovet hakimiyyətinin mövcud olduğu şəraitdə, misilsiz bir siyasi iradə nümunəsi idi.

Naxçıvan sessiyasının qərarı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi bayraq rəsmi dövlət atributu kimi təsdiqləndi və salonun baş tərəfində qaldırıldı. Heydər Əliyev bu addımı ilə həm milli özünüdərk prosesinə yeni nəfəs verdi, həm də müstəqil Azərbaycan dövlətinin əsasının qoyulmasında dönüş nöqtəsi yaratdı.

O, sonradan bu hadisəni belə xatırlayırdı:
“Biz bu bayrağı küçədə yox, dövlət səviyyəsində qaldırdıq. Bu, təsadüfi bir hərəkət deyil, siyasi qərar idi. Çünki biz artıq azad Azərbaycanın gələcəyini görürdük.”

Məhz həmin qərardan sonra ölkənin digər bölgələrində də milli bayrağa hörmət və sevgi hissi gücləndi. 1991-ci ildə isə bu rəmz artıq bütün Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu.

Heydər Əliyevin Naxçıvanda atdığı bu cəsarətli addım sonradan Azərbaycanın müstəqilliyə gedən yolunda əsas siyasi təkanlardan birinə çevrildi. 1991-ci ilin oktyabrında qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” məhz Naxçıvanda başlanan dövlətçilik ideyasının davamı idi.Bu baxımdan, 17 noyabr təkcə bir tarix deyil – milli dirçəlişin simvoludur. Bu gün həmin tarix Azərbaycan Respublikasının Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu gün xalqımızın milli yaddaşında azadlıq, qürur və vətənpərvərlik simvoluna çevrilib.

Heydər Əliyevin rəhbərliyi ilə dövlət atributlarının – bayraq, gerb, himnin – bərpası, Azərbaycan xalqının milli ruhunun oyanışına səbəb oldu. Üçrəngli bayraq bu gün yalnız dövlət idarələrində deyil, hər bir azərbaycanlının qəlbində dalğalanır.

Azərbaycanın hər yerində – Bakıda, Şuşada, Xankəndidə, Naxçıvanda – ucalan bu bayraq müstəqilliyimizin, birliyimizin və əbədiliyimizin simvoludur.
Ulu Öndərin Naxçıvanda başladığı bu müqəddəs yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələrə çatıb. Şuşada, Xankəndidə, Laçında dalğalanan üçrəngli bayraq bu ideyanın qalibiyyətidir.

1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılan bayraq sadəcə bir parça deyil, Azərbaycanın azadlıq tarixinin başlanğıc səhifəsidir. Bu hadisə xalqımızın milli kimliyini qorumaq və müstəqil dövlət qurmaq əzmini bütün dünyaya göstərdi.
Heydər Əliyevin uzaqgörənliyi və vətənə sevgisi nəticəsində Azərbaycan bu gün azad, güclü və bayrağı ucalarda dalğalanan bir dövlətdir.

Üçrəngli bayrağımız əbədi dalğalansın!

Cahan Bayramlı,
 YAP Xətai rayon təşkilatının fəalı