8 Noyabr – Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq möhtəşəm bir tarixdir. Bu gün biz dövlətimizin, ordumuzun və xalqımızın birliyinin bəhrəsi olan böyük Qələbəni – Zəfər Gününü qürurla qeyd edirik. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində parlaq qələbə qazanaraq, torpaqlarımızı işğaldan azad etdi, 30 illik həsrətə son qoydu, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də dövlətimizin gücünün, xalqımızın milli ruhunun və azadlıq iradəsinin təntənəsidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz torpaqları, öz haqqı və ədaləti uğrunda mübarizədə heç vaxt geri çəkilmir.
Vətən müharibəsi dövründə xalqımız bir yumruq kimi birləşdi. Cəbhədə döyüşən igid əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə hər bir vətəndaş dövlətin yanında oldu. Bütün xalq “Qarabağ Azərbaycandır!” şüarı ətrafında birləşərək, tarix yazdı. Bu həmrəyliyin, bu birliyin nəticəsində Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biri yazıldı.
Bu Zəfərin baş memarı – Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev oldu. Onun qətiyyəti, siyasi iradəsi, strateji uzaqgörənliyi və xalqla sarsılmaz birliyi bizi bu möhtəşəm qələbəyə gətirib çıxardı. 44 günlük Vətən müharibəsi boyu cənab Prezidentin həm döyüş meydanında, həm də diplomatik cəbhədə göstərdiyi liderlik nümunəsi gələcək nəsillər üçün örnək olacaq.
Zəfərimiz həm də şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin igidliyi bahasına qazanılıb. Bu gün biz onların hər birinin qarşısında baş əyirik. Vətən uğrunda canından keçən hər bir qəhrəman Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış qəhrəmanıdır. Onların ruhu bizim qələbəmizin mənəvi sütunudur.
Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlanır. Dövlətimiz həmin ərazilərdə böyük quruculuq və bərpa işləri həyata keçirir. Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və digər rayonlarda yeni şəhərlər, kəndlər salınır, yollar, hava limanları, məktəblər, xəstəxanalar tikilir. Hər bir inşa olunan bina, çəkilən yol, əkilən ağac Zəfərimizin davamıdır. Bu, təkcə fiziki yenidənqurma deyil, həm də ruhun, həyatın, gələcəyin bərpasıdır.
Zəfər Günü bizə həm də böyük məsuliyyət yükləyir. Bu qələbəni qazanmaq necə çətin olubsa, onu qorumaq, yaşatmaq da bir o qədər önəmlidir. Gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqətin aşılanması hər birimizin borcudur. Çünki bu Zəfər – gələcək nəsillərə ötürüləcək müqəddəs mirasdır.
Bu tarixi Qələbə həm də regionda yeni reallıqlar yaratdı. Azərbaycan bu gün Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın əsas təminatçısına çevrilib. Dövlətimizin güclənməsi, ordumuzun müasir səviyyəyə çatması və xalqımızın birliyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır.
Zəfər Günü münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir, qəhrəman şəhidlərimizin xatirəsini dərin hörmətlə anıram. Onların fədakarlığı sayəsində bu gün biz azad, qalib və güclü bir Azərbaycanda yaşayırıq.
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Yaşasın Qalib Azərbaycan Dövləti!
Qarabağ Azərbaycandır!
Anar Məmmədov,
Milli Məclisin deputatı