16 noyabr 2016 21:14
472

Zərdab rayonunun daha iki kəndinə təbii qaz verilib

Noyabrın 16-da Zərdab rayonunun Bıçaqçı və Yuxarı Seyidlər kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Zərdab rayonunun 328 abonenti olan Bıçaqçı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24650 metr olan müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 155 abonenti olan Yuxarı Seyidlər kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 21588 metrlik polietilen və metal boru xətləri çəkilmiş, 155 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

Qeyd edək ki, hazırda Zərdab rayonunun daha 4 kəndində (Şahhüseynli, Əlvənd, Otmanoba və Aşağı Seyidlər kəndləri) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.