17 noyabr 2016 14:18
261

OPEC və Rusiya neft hasilatı ilə bağlı razılığa gələcəkmi?

OPEC və Rusiya hökuməti bu həftə Qətərin paytaxtı Dohada Səudiyyə Ərəbistanının və bir neçə körfəz ölkəsinin iştirakı ilə görüşlər keçirməyi planlayıb. Həm OPEC, həm də Rusiya tərəfi neft hasilatının azaldılması ilə bağlı diplomatik yollara əl atıb.

OPEC-in baş katibi Mohammed Barkindo və Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid Əl-Falih arasında Londonda baş tutan qapalı görüşdən sonra OPEC tərəfi neft hasilatının azaldılması ilə bağlı məsələdə öz səylərini artırıb. Noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq OPEC-in növbəti iclasına 2 həftədən az müddət qalsa da, Səudiyyə Ərəbistanı, İraq və İran hökumətləri hələ də neft hasilatının azaldılması məsələsini öz aralarında necə böləcəkləri ilə bağlı razılığa gələ bilməyiblər.

Vyanadakı növbəti görüşdə OPEC-ə üzv olan ölkələr 28 sentyabrda Əlcəzairdə qərara aldıqları neft hasilatının azaldılması məsələsində nəticə əldə etmək istəyirlər. Bu qərar açıqlanandan sonra oktyabr ayında neftin qiyməti 54 dollara qədər yüksəlmişdi, amma ötən həftə neft hasilatının azaldılması ilə bağlı razılığın əldə olunmaması ilə birjalarda neftin qiymətində enmə müşahidə olundu.

Həmidağa Məcidov, “İki sahil”