18 noyabr 2025 00:14
88

Cəmiyyətin sağlamlığını təhdid edən səssiz təhlükə - İnfarkt

Tibbdə miokard infarktı kimi tanınan ürək tutması müasir şəraitdə bütün dünyada ən çox yayılmış və təcili tibbi müdaxilə tələb edən ciddi sağlamlıq problemlərindən biridir. Ürək əzələsini qidalandıran damarlar tıxandıqda ürəyə oksigen çatmır və bu da daimi zədələnmələrə, həyati təhlükələrə səbəb olur. Bu səbəbdən də infarkt əlamətləri müşahidə olunan zaman təcili tədbirlər görülməlidir.

Son aylarda ölkədə ürək tutması səbəbindən baş verən ölüm hallarının sayında nəzərəçarpacaq artım müşahidə olunur. Müşahidələrə əsasən, ürək-damar sistemi xəstəlikləri hazırda Azərbaycanda ölüm səbəbləri arasında ilk yeri tutur. Ürək xəstəliklərinin bu qədər geniş yayılması bir çox amillərlə əlaqələndirilir. Gündəlik stress, hərəkətsiz həyat tərzi, nizamsız qidalanma, siqaret və enerji içkilərinin çox istifadəsi ürəyin fəaliyyətini zəiflədir. Şəhər həyatının sürətli ritmi, yuxu rejiminin pozulması və davamlı gərginlik də bu prosesə təsir edən əsas amillərdən sayılır.

Ürək tutması çox zaman qəfil baş verir və bir neçə dəqiqə ərzində həyati təhlükə yaradır. Bəzi hallarda insan heç bir simptom hiss etmədən də bu vəziyyətlə üzləşə bilər. Lakin sinə nahiyəsində ağrı, nəfəs darlığı, qəfil halsızlıq və ya ürək döyüntülərinin nizamsızlaşması kimi əlamətlər bədən tərəfindən göndərilən xəbərdarlıq siqnalları sayılır. Bu simptomlara laqeyd yanaşmaq ölümcül nəticələrə gətirib çıxara bilər.

Müşahidələr göstərir ki, xüsusilə 35 yaşdan yuxarı şəxslər arasında ürək tutması riski daha yüksəkdir. Bununla yanaşı, artıq çəki, yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkən insanlarda bu risk ikiqat artır.

Qeyd edək ki, ABŞ-da aparılan bir araşdırma D vitamininin ikinci dəfə infarkt keçirmə riskini yarıbayarı azalda biləcəyini göstərib. Tədqiqat, qısa müddət əvvəl infarkt keçirən 600-dən çox şəxs üzərində həyata keçirilib. İştirakçıların bir qisminə standart müalicə tətbiq olunub, digərlərinə isə qandakı D vitamini səviyyəsini artırmaq məqsədilə D3 vitamini əlavəsi verilib. Ürək çatışmazlığı, insult və ölüm halları baxımından hər iki qrup arasında fərq müşahidə edilməyib. Lakin D3 vitamini əlavəsi qəbul edənlər arasında ikinci dəfə infarkt keçirmə ehtimalı standart müalicə alanlara nisbətən təxminən iki dəfə az olub.

Müasir dövrdə ürək sağlamlığını qorumağın ən sadə yolları həyat tərzi ilə bağlı seçimlərdən asılıdır. Düzgün və balanslı qidalanma, mütəmadi fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və profilaktik tibbi müayinələr bu istiqamətdə mühüm rol oynayır. Ürək tutması səbəbi ilə ölüm hallarının artması cəmiyyətdə sağlam həyat tərzinə diqqətin artırılmasının vacibliyini bir daha önə çıxarır. Hər bir insanın öz sağlamlığına məsuliyyətlə yanaşması və vaxtında tibbi yardıma müraciət etməsi həyatı xilas edə biləcək ən önəmli addımdır.

Kardioloq Günel Şahmarova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ürək-damar sistemi xəstəlikləri bütün dünyada, o cümlədən Azərbaycanda ölüm səbəbinə görə birinci yerdə durur: “Burada modifikasiya oluna bilən və modifikasiya oluna bilməyən olmaqla ikiyə ayrılan risk faktorları rol oynayır. Modifikasiya oluna bilən risk faktorları dedikdə, bədən çəkisi, fiziki aktivlik, qidalanma, bir sözlə, həyat tərzi kimi faktorlar nəzərdə tutulur. Dəyişdirilə bilməyən, modifikasiya oluna bilməyən risk faktorları isə irsən keçən genetik xəstəliklərdir.

Ürək-damar xəstəliklərindən qorunmaq üçün dəyişdirə bildiyimiz risk faktorlarına diqqət yetirmək lazımdır. Fiziki aktivliyi təmin etmək üçün gün ərzində minimum beş kilometr, maksimum on kilometr məsafəyə qədər yürüyüş etmək lazımdır. Fiziki aktivlik, həyat tərzinin dəyişdirilməsi ilə yanaşı, düzgün qidalanma da ürək-damar xəstəlikləri riskini azaltmaqda xüsusi rol oynayır. Belə ki, kərə yağı əvəzinə zeytun yağından istifadə etmək, duzdan istifadəni isə mütləq şəkildə minimuma endirmək lazımdır. Məlumdur ki, təbiətdən əldə edilən bir çox məhsulun tərkibi natrium xloriddən ibarətdir. Bu səbəbdən də gündəlik qida rasionunda növündən asılı olmayaraq beş qramdan artıq duz istifadə edilməməlidir.

Dəyişdirə bilmədiyimiz risk faktorlarına irsi ötürülən xəstəliklər, genetik kodlarla ötürülən dəyərlər daxildir. Orqanizmin sağlamlığı üçün vacib olan xolesterin maddəsi buna misal ola bilər. LDL xolesterinin (pis xolesterin) qanda yüksək miqdarda olması damarlarda tıxanıqlığın yaranmasına səbəb olur. Bu da infarkt, insult kimi həyati təhdidlərə yol aça bilər. Qanda xolesterin norması əksər hallarda yetmiş faiz genetik olaraq ötürülür, lakin insanların bunu azaltma şansı otuz faiz mümkündür.”

Kardioloq qeyd etdi ki, qadınların menopauza dövrünə qədər kişilər daha çox risk altındadır: “Lakin menopauzadan sonra qadınların estrogen səviyyəsinin düşməsi ilə əlaqədar olaraq orta yaşlı qadınlar və kişilərin orqanizmləri bərabərləşir. Xüsusilə 40-45 yaş arası qadınların ildə ən az bir dəfə qanda xolesterin miqdarını yoxlatmalı və ehtiyac yarandığı halda dərman qəbul etməli və ya pəhriz saxlamalıdırlar.”

Günel Şahmarovanın sözlərinə görə, ilk növbədə, heç bir xəstəliyi olmayan şəxslər 40 yaşdan sonra hər il mütəmadi olaraq həkim müayinəsindən  keçməlidirlər. Qeyd edək ki, qalxanvari vəzdə problemləri, şəkərli diabet kimi hər hansı xəstəliyi olan şəxslər yaşından asılı olmayaraq kardioloqa müraciət etməlidirlər. Ürək döyüntülərində ritm pozğunluğu, fiziki aktivlik zamanı döş qəfəsində yanma, ağrı hiss edən şəxslərin vaxt itirmədən tibbi müayinədən keçmələri mütləqdir. Onu da qeyd etmək lazımdır ki, şəkərli diabet xəstələrində sinirlər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmədiyindən onlarda adətən halsızlıq, tənginəfəslik kimi atipik şikayətlər müşahidə olunur. Bu kimi şikayətləri olan şəkərli diabet xəstələri laqeyd yanaşmamalı, kardioloq müayinəsindən keçməlidirlər.

Şahnigar Əhmədova, “İki sahil”