17 noyabr 2025 17:35
82

Ramin Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziç ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Dini Komitənin sədri Azərbaycanda multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dini sahədə görülən işlər ölkədə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir.

R.Məmmədov bu baxımdan Azərbaycanın tolerantlıq modelinin örnək olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb.

M.Kuyundziç qısa müddət ərzində Azərbaycanda dinlərarası harmoniyanın canlı şahidi olduğunu qeyd edib. Dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında bu cür birgəyaşayış modelinin təbliğinin xüsusi önəm kəsb etdiyini deyib.

Azərbaycanda dini icmalarla əməkdaşlıq və qarşılıqlı dialoq sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edən səfir Aİ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Eyni zamanda, görüşdə dini sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.