19 noyabr 2025 00:56
108

Çin ölkəmizdə bərpaolunan enerji layihələrinə böyük maraq göstərir

100 MVt gücündə Günəş Elektrik Stansiyası üçün təxminən 700 milyon ABŞ dolları həcmində investisiya nəzərdə tutulur

Son bir neçə ildə xarici investorların ölkəmizə marağının artması birmənalı olaraq davamlı iqtisadi inkişafla bağlıdır. Xüsusilə Azərbaycanda investorlara yaradılan şəffaf və səmərəli mühit burada əsas prioritetdir. Xarici investorlar aydın şəkildə görürlər ki, ölkəmizdə biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətlərini də Azərbaycana investisiya yatırmağa sövq edir. Belə ki, Prezident İlham Əliyevin noyabrın 12-də «China Datang Corporation Ltd.» şirkətinin Direktorlar Şurasının sədri Lü Cün rəhbərliyində olan nümayəndə heyətini qəbul etməsi Azərbaycan – Çin iqtisadi dialoqunda növbəti müsbət amilin göstəricisi oldu. Görüş zamanı Çin şirkətinin geniş tərkibli nümayəndə heyətinin Bakıya səfərinin əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi baxımından xüsusi önəm daşıdığı vurğulandı.

Hazırda çoxlu sayda Çin şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi buna əyani misaldır. Üstəlik, ölkəmiz ilə «China Datang Corporation Ltd.» şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi formalaşan yeni enerji mühitində olduqca önəmlidir. Ölkəmiz bu şirkətlə quruda 100 MVt gücündə Günəş, dənizdə isə 2 QVt gücündə külək enerjisi layihələrinin reallaşdırılmağı planlaşdırır. Layihələr «Yaşıl Enerji Dəhlizi» təşəbbüsünün reallaşmasına töhfə vermək məqsədi daşıyır. Bu, regionda bərpaolunan enerji sahəsində Azərbaycanın liderliyini daha da gücləndirəcək.

Azərbaycanlı mütəxəsislərlə Çin şirkətinin əməkdaşları arasında aparılan müzakirələrdə dəniz küləyi layihələrinin həyata keçirilməsi üçün texniki və iqtisadi məsələlər dəyərləndirilib. Külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər və enerjinin ötürülməsi üzrə detallı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə atılan addımlar gələcəkdə Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi ehtimalını artırır. Həmçinin Günəş enerjisi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə mövzusu olub. Tərəflər bu sahədə əməkdaşlığın ekoloji baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

İmzalanan 100 MVt gücündə Günəş elektrik stansiyası layihəsi üçün təxminən 700 milyon ABŞ dolları həcmində investisiya nəzərdə tutulur. Bu məbləğ texniki şərtlərdən, istifadə ediləcək avadanlıqlardan və bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. Layihənin icrası zamanı təxminən 100–200 nəfər müvəqqəti, 30–40 nəfər isə daimi işlə təmin olunacaq. Bu da yeni iş yerlərinin yaradılması baxımından mühüm hadisədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə səfəri zamanı bu barədə ilkin razılaşmalar var idi. Yəni, səfər çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanmışdı və bu 260 MVt gücündə Günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən Günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edirdi.

Bəli, bu gün Çin kimi fövqəldövlət üçün Azərbaycan vacib geostrateji əhəmiyyətə və mövqeyə malik tərəfdaşdır. Ölkəmiz coğrafi mövqeyi ilə nəqliyyat və kommunikasiyaların mərkəzində dayanmaqla Çini, Orta Asiyanı və Avropanı birləşdirir, etibarlı tranzit mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycan həm də Çinə Rusiyanı əhatə edən Avropaya yeganə quru yoluna çıxış da təklif edir.

Azərbaycan-Çin ticarət dövriyyəsinin artırılması ilə bağlı qurulan böyük planlar hər iki tərəfin iqtisadi potensialına da, siyasi iradəsinə də uyğundur, maraqlarımıza cavab verir. Çinin şəhərlərindən Azərbaycana, burdan da Qərbə konteyner qatarları yola salınır. Qatarların sayı hər keçən il artır. Dövlət başçımız forumda onların daha da artacağı ilə bağlı əminlik ifadə etmişdi. Azərbaycan Çin tərəfindən irəli sürülən «Bir kəmər, bir yol» təşəbbüsünü lap öncədən dəstəkləyən tərəfdir. Ölkəmizdə məhz bu təşəbbüsə uyğun nəqliyyat-logistika infrastrukturunun hazır edilməsi Azərbaycanın yanaşmasının aydın, konkret ifadəsidir. Çin tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən ölkəmizə, sonra isə beynəlxalq marşrutlar boyu yük axınlarının həcminin artmasına gətirib çıxaracaq. Təbii ki, Çin kimi fövqəlgücün şirkətlərinin ölkəmizə investisiya yatırmaq istəməsi Azərbaycanın inkişafına töhfə verərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə qaldıracaq.

Bu arada Azərbaycanla Çin arasındakı iqtisadi əlaqələin hər il daha da genişləndiyini göstərəmək də lazım gəlir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir. Azərbaycanla Çin arasında əməkdaşlıq «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla həm də Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib.

Elçin Zaman, "İki sahil"