19 noyabr 2025 00:15
80

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən “Diri Baba” türbəsində jurnalistlərə məlumat verilib ki, türbə 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilib. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.

Sonra “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, qoruq İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir. “Basqal” Qoruğu ərazisində tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqal həm də 500 ilə yaxın yaşı olan, 1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə məşhurdur. 

Bildirilib ki, Dövlət Turizm Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində “Basqal” Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Bununla yanaşı, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri davam etdirilir.

"Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğuna təşkil olunan mediatur zamanı media nümayəndələri "Basqal Hamamı" muzeyində də olublar.

Muzey bələdçisi jurnalistlərə məlumat verib ki, Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir.  Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan "Basqal hamamı" maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında "Basqal Hamam" Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzey bələdçisi jurnalistlərə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar verdi.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir.

Mediaturda iştirak edən jurnalistlər “Basqal” Qoruğu ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izləyiblər. Bildirilib ki, 2014-cü ildə “Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Sonda qonaqlar Basqal mətbəxinin incisi, Basqal halvasının hazırlanması prosesi ilə tanış olublar.

Mediatur zamanı jurnalistlərə açıqlamasında Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib ki, Basqal qəsəbəsində köhnə məktəb binası yenidən bərpa ediləcək: "Məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa ediləcək. Artıq binanın bərpa layihələndirilməsi tamamlanıb və növbəti illərdə tikinti işlərinə başlanılacaq. Köhnə məktəb binasının layihəsi hazırdır. Bu bina məktəb funksiyasını davam etdirməyəcək. Onun yuxarı hissəsi beş-altı otaqlı qonaq evi, aşağı hissəsi isə sənətkarlar üçün emalatxana və sənətkarlıq məkanı kimi fəaliyyət göstərəcək".

M.Ağabəyli qeyd edib ki, yeni konsepsiya Basqalın tarixi-mədəni mühitinə uyğun olaraq müəyyən edilib və qəsəbədə sənətkarlığın inkişafına dəstək vermək məqsədi daşıyır: "Burada yaradılacaq sənətkarlıq məkanı həm yerli ustalar, həm də turistlər üçün açıq olacaq. Məqsəd həm ənənəvi sənətlərin qorunması, həm də qəsəbənin turizm potensialının artırılmasıdır. Bərpa zamanı binanın tarixi-memarlıq xüsusiyyətləri maksimum dərəcədə saxlanılacaq və bütün işlər qoruq qaydalarına uyğun aparılacaq."

M.Ağabəyli əlavə edib ki, qəsəbədə ümumilikdə bərpa prosesi davam edir, tarixi strukturlar yenilənir, küçələr, divarlar və bulaqlar mərhələli şəkildə restavrasiya olunur.

Murad Ağabəyli deyib ki, Basqal qəsəbəsində "Hacı Bədəl" məscidində təmir işləri yekunlaşmaq üzrədir. Məscidin bərpası gələn ilin əvvəlində yekunlaşacaq.

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına bildirilib ki, qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.

Qeyd olunub ki, Qoruq ərazisində 30-a yaxın sənətkarlıq sahəsi inkişaf etmişdir. Qəsəbənin mərkəzi küçəsi sayılan Böyük küçə və ya Bazar küçəsi sənətkarlar məhəlləsidir. Lahıcın demək olar ki, bütün mis mağazaları, emalatxanaları burada yerləşir. Turistlərin əsas ziyarət etdiyi məhəllə “Lahıc” Qoruğunun bu hissəsidir. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə onların emalatxanalarında canlı olaraq tamaşa etmək mümkündür. XIX əsrdə 52 misgər dükanı olan İsmayıllının Lahıc qəsəbəsi tarixən mis məmulatlarının istehsalında xüsusi yer tutub və bu gün də həmin ənənə yerli ustalar tərəfindən uğurla davam etdirilir. Dəri məmulatlarının istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

“Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Nəzər Əliyev məlumat verib ki, qəsəbə 1980-ci ildən qoruq elan olunub. O qeyd edib ki, burada yüzdən çox tarixi abidə mövcuddur: Qədim yaşayış evləri, məscidlər, su dəyirmanı, bulaqlar, tikililər və sair. Qoruğun əsas vəzifəsi bu abidələrin qorunmasıdır".

O söyləyib ki, biz yalnız ayrı-ayrı abidələri deyil, bütün ərazini kompleks şəkildə mühafizə edirik.

Direktor qeyd edib ki, hazırda qəsəbədə təxminən 2000 nəfər yaşayır: "Lakin rəsmi məlumatlara əsasən, 1939-cu ildə – II Dünya müharibəsindən əvvəl – burada 18 minə yaxın əhali olub. O vaxt mövcud daş tikililər, yaşayış evləri və məscidlər böyük bir əhaliyə xidmət edib. Bu gün isə kənddə təqribən 2000 nəfər yaşayır. Ümumilikdə qəsəbədə tarixən 7 məscid mövcud olub. Onlardan 5-i bu günə qədər salamat qalıb. İki məscid isə II Dünya müharibəsi illərində baxımsızlıq səbəbindən dağılıb, çünki həmin məscidlərin dam örtüyü torpaqdan ibarət olduğundan zamanla uçub.

Media mənsublarına “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib. Qeyd edilib ki, qoruq ərazisində Qoruq evinin inşası tamamlanmaq üzrədir. Bundan başqa, turistlərin və yerli sakinlərin rahatlığı üçün ərazidə parkinq zonası yaradılır, geniş abadlıq işləri görülür. Jurnalistlər mediatur çərçivəsində buradakı qədim daş küçələri, Bəndəvan məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək, misgərlik və dəriişləmə sənəti ilə məşğul olan ustaların iş prosesini izləməklə Lahıcın memarlığı, sənətkarlıq tarixi barədə zəngin məlumat toplayıblar.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Orxan Vahidoğlu, "İki sahil"