Deputat: COP29-da əsas uğurlardan biri maliyyə hədəfinin artırılması idisə, COP30-un əsas vəzifəsi həmin hədəfə real və ölçülə bilən şəkildə çatılmasını təmin etməkdir
Hazırda bütün diqqətlər Braziliyanın Belem şəhərində keçirilən COP30-a yönəlib. Bu konfransdan gözləntilər daha böyük, məsuliyyət isə daha dərin olacaq. “Bakıdan Belemə” uzanan strateji xətt həm iqlim ədalətinin, həm də beynəlxalq həmrəyliyin möhkəmlənməsində vacib bir keçid mərhələsidir.
COP29-un nəticələrinin davamı olaraq Azərbaycanın qlobal iqlim diplomatiyasındakı mövqeyini, bu sahədə əldə olunan strateji nailiyyətləri və COP30-un qarşısında dayanan əsas prioritet istiqamətləri müzakirə etmək üçün Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilə həmsöhbət olduq.
-COP30-dan əsas gözləntilər nədir?
-COP30-un əsas gözləntilərindən biri ölkələrin qlobal istiləşmənin 1,5°C həddindən yuxarı çıxmaması üçün dəqiq, ölçülə bilən, sektorlar üzrə bölünmüş planlar təqdim etmələridir. Buraya enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və meşələrin qorunması üzrə konkret hədəflər daxildir. 2025-ci il Paris Sazişi çərçivəsində ölkələrin yeni və daha gücləndirilmiş Milli Müəyyən olunmuş Töhfələr (NDCs) təqdim etməli olduqları dövrdür. COP30-da ölkələr emissiyaların səviyyəsini daha çox azaltmağı, daha genişmiqyaslı uyğunlaşma tədbirlərini, iqlim risklərinin idarə olunması mexanizmlərini təqdim ediblər. COP30 Fəaliyyət Gündəliyi, ilk Qlobal Yekun Qiymətləndirmənin (GST-1) nəticələrinə əsaslanaraq artıq razılaşdırılmış məsələlərin icrasını sürətləndirmək üçün bütün aktorları və səyləri səfərbər edə biləcək bir çərçivənin yaradılmasını hədəfləyib. Qlobal Yekun Qiymətləndirmə — Paris Sazişinin məqsədlərinə nail olunması üzrə irəliləyişi 5 illik dövrlərlə qiymətləndirən və qlobal fəaliyyət planına istiqamət verən əsas alətdir. COP30 sədrliyi, Qlobal Yekun Qiymətləndirməsinin nəticələrini 6 əsas tematik sütuna və 30 əsas hədəfə çevirib. Fəaliyyət Gündəliyinin 6 sütunu iqlim dəyişikliyinin yumşaldılması (mitiqasiya), uyğunlaşma (adaptasiya), maliyyə, texnologiya və potensialın artırılması sahələrində səyləri əhatə edir.
-Azərbaycan COP29 sədrliyini uğurla Braziliyaya təhvil verib. Bu təcrübə Azərbaycanın qlobal iqlim diplomatiyasındakı rolunu necə gücləndirir və COP30 prosesinə hansı üstünlüklər gətirir?
-Azərbaycan təkcə sədrliyi deyil, COP29-un irsini COP30 dövrünə ötürdü. COP30 COP29 zamanı əldə olunmuş razılaşmaların və qərarların icrasını sürətləndirməyə yönəlib. COP29 iqlim diplomatiyası tarixində dönüş nöqtəsi kimi yadda qaldı. COP29-un ən mühüm nailiyyəti kimi qiymətləndirilən Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) — yaxud “Baku Breakthrough”, qlobal iqlim maliyyəsində tarixi dönüş yaratdı. Bununla əvvəlki iqlim maliyyəsi hədəfləri üç dəfə artırılaraq, bütün dövrlərin ən böyük maliyyə öhdəliyini ortaya qoydu. Yeni məqsədə əsasən, inkişaf etmiş ölkələr tərəfindən 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları məbləğində vəsait inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bununla yanaşı, Bakı Maliyyə Məqsədi bütün aktorları birgə fəaliyyətə çağıraraq 2035-ci ilə qədər ümumi iqlim maliyyəsini illik 1,3 trilyon dollara qədər artırmaq məqsədini ortaya qoydu. COP29 zamanı çoxtərəfli inkişaf bankları da iqlim fəaliyyəti üzrə illik 170 milyard dollarlıq vədi verdilər ki, bunun 130 milyardı inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu qərar iqlim maliyyəsinin praktiki şəkildə səfərbər edilməsində əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir.Bundan əlavə, Paris Sazişinin 6-cı Maddəsi üzrə karbon bazarlarının çoxdan gözlənilən çərçivəsini yekunlaşdırmağa nail olduq və bununla da Paris Qaydalar Toplusu (Paris Rulebook) tam formalaşaraq, sazişin qəbulundan 10 il sonra tam əməli mərhələyə keçidini təmin etdik. Bu bazarlar milli iqlim planlarının icra xərclərini illik 250 milyard dollaradək azalda bilər. 2050-ci ilə qədər isə illik 1 trilyon dollara qədər dəyərə çatmaq potensialına malikdir və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə əlavə resurs axını yaradacaq.
Azərbaycan İtkilər və Zərərin Ödənilməsi Fondunun operativ fəaliyyətə başlaması üçün mühüm addımlar atdı. 2024-cü ilin sentyabrında Bakıda fondun İdarə Heyətinin tarixi iclası keçirildi və iclas zamanı icraçı direktor seçildi, həmçinin Dünya Bankı ilə sazişlər təsdiqləndi. COP29 zamanı Fondun tam fəaliyyətə başlamasını təmin edən sənədlər imzalandı.
COP29 Prezidentliyi, həmçinin enerji keçidini dəstəkləmək məqsədilə öz təşəbbüslərini irəli sürdü. Bu təşəbbüslər qlobal bərpaolunan enerji gücünün üç dəfə enerji səmərəliliyinin isə ikiqat artırılmasını, metan emissiyalarının azaldılmasını və karbonsuz enerji sistemlərinə keçidi hədəfləyir. COP29 çərçivəsində irəli sürülən 14 Qlobal Təşəbbüs, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil, urbanizasiya və rəqəmsallaşma kimi müxtəlif sahələri əhatə edir. Bu təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uyğunlaşdırılıb və dövlətlərə milli iqlim planlarına sektor hədəflərini daxil etmək imkanı verir.
Adaptasiya məsələləri uzun illər diqqətdən kənarda qalsa da, COP29 bu sahədə qlobal səviyyədə dönüş yaratdı. Bakıda keçirilən konfransda Bakı Adaptasiya Yol Xəritəsi təqdim olundu. Bu sənəd Paris Sazişi çərçivəsində Qlobal Adaptasiya Məqsədinə nail olmaq üçün konkret addımları müəyyənləşdirir və UNFCCC-nin institusional dəstək mexanizmlərini gücləndirir. Bundan əlavə, COP29-da keçirilmiş Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində itkilər və zərər üzrə illik yüksək səviyyəli dialoq təsis olundu. Bu platforma maliyyə mexanizmləri arasında koordinasiyanı gücləndirmək və kollektiv cavab tədbirlərini təşviq etmək məqsədi daşıyır.
COP30-a hazırlıq çərçivəsində Azərbaycanın təcrübəsi öyrənilib. Azərbaycan və Braziliya arasında imzalanan “Bakıdan Belemə Yol Xəritəsi” bu istiqamətdə konkret addımların müəyyən edilməsini təmin edib və COP29-un qəbul etdiyi mandat çərçivəsində iki ölkə COP30-dək birgə əməkdaşlıq edib. COP29 nəzəri və struktur qərarların qəbul edildiyi mərhələ idi – maliyyə hədəfi qoyuldu, karbon bazarları üzrə razılaşma əldə edildi. COP30 isə həmin qərarların icrası, mexanizmlərin tətbiqi və daha çox sahə üzrə konkret addımların atılması mərhələsinə keçiddir. COP29-da əsas uğurlardan biri maliyyə hədəfinin artırılması idisə, COP30-un əsas vəzifəsi həmin hədəfə real və ölçülə bilən şəkildə çatılmasını təmin etməkdir.
-COP30-un “Az müzakirə, daha çox fəaliyyət” prinsipi iqlim öhdəliklərinin icrasına hansı praktik təsirlər gətirə bilər?
-Braziliya tarixdə ilk dəfə qlobal iqlim dəyişmələri konfransına ev sahibliyi edib. BMT-in ilk iqlim konfransı 1992-ci ildə Braziliyanın Rio-de-Janeiro şəhərində keçirilib, buna görə də Amazoniya regionunun yenidən beynəlxalq iqlim danışıqlarına ev sahibliyi 32 il öncəki hadisə ilə sinerji təşkil edib.
COP30-un Braziliyada keçirilməsi Amazon meşələrinin gündəliyə çıxarılmasını qaçılmaz edib.Burada meşələrin qırılmasının 2030-cu ilədək dayandırılması üzrə qlobal öhdəlik, meşə ekosistemlərinin bərpası, yerli icmaların və yerli xalqların hüquqlarının gücləndirilməsi, meşə mühafizəsinə ayrılan qlobal maliyyənin artırılması kimi mövzular müzakirə olunub. Amazon meşələrini qorumaq üçün 2008-ci ildə yaradılmış Amazoniya Fonduna 103 milyon real (BR pul vahidi) ianə edilib.
Praktik təsirlər deyərkən, bu konfrans zamanı inkişaf etmiş ölkələr COP29-da öhdəlik götürdükləri vəsaitləri tam olaraq ödəməyə başlaya bilərlər. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsait səfərbər etməlidir.
-“Bakıdan Belemə Yol Xəritəsi” 2035-ci ilə qədər illik 1,3 trilyon dollar maliyyə hədəfi nəzərdə tutur. Bu hədəfin real icrası üçün qarşıda duran əsas çətinliklər hansılardır və inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxışı necə təmin edilə bilər?
-Bu hədəf qarşıya qoyulub. Bütün tərəflərin birlikdə işləməsini təmin edən və iqlim fəaliyyəti üçün inkişaf etməkdə olan ölkələrə bütün dövlət və özəl mənbələrdən maliyyələşmənin ən azı 2035-ci ilə qədər illik 1,3 trilyon ABŞ dollarına çatdırılmasına imkan verən Yol Xəritəsi inklüziv şəkildə hazırlanıb. Təbii ki, burada əsas maliyyə mənbəyi inkişaf etmiş ölkələrdir. COP30, eləcə də bunlar sonrakı COP-lar maliyyənin artırılmasına çağırış edəcək. Lakin dünyadakı geosiyasi qeyri-sabitlik, müharibələr, təzyiqlər, ticarət savaşları və s. kimi problemlər iqlim dəyişmələri ilə mübarizəni üstələyir. Ölkələr real, gözlə görülən təhdidlərlə mübarizəni prioritet sayır. Bu, bir həqiqətdir ki, hazırda hərbi, siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə daha çox maliyyə vəsaiti ayrılır.
Azərbaycanın əvvəlki Qlobal İqlim maliyyə hədəfini üç dəfə artırması dünyanın iqlim dəyişmələri ilə mübarizəsinə böyük töhfə oldu. Bu, o deməkdir ki, artıq daha çox inkişaf etməkdə olan ölkənin qlobal istiləşmənin fəsadları ilə mübarizəsi üçün maliyyə vəsaitinə əlçatanlığı mümkün olacaq. Ehtiyacı olan daha çox ölkə bundan faydalana biləcək.
-COP30 zamanı beynəlxalq iqlim səhnəsində Azərbaycan hansı təşəbbüslərlə çıxış edib?
-COP29-un sədri Muxtar Babayev Belemdə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib. M. Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi Bakı Maliyyə Məqsədi də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib. Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur. Sənədə əsasən, beynəlxalq donor ölkələr bir sıra maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Belə ki, adaptasiya maliyyəsi ikiqat artırılmalıdır – illik 40 milyard ABŞ dollar, UNFCCC iqlim fondları 2030-dək üçqat artırılmadır – illik 5,1 milyard ABŞ dollar.
Belemdə COP29-un nailiyyətlərinin təbliği aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edib. O, “Enerji Keçidi” tematik sessiyasında çıxış edərək Azərbaycanda bərpa olunan enerji keçidinin davamlılığını və əhəmiyyətini vurğulayıb. Milli Məclisin sədri COP29-da əldə olunan nailiyyətləri COP30-da yenidən xatırladıb. Azərbaycan nümayəndə heyəti COP30-un Köməkçi Orqanlarının sessiyalarında iştirak edib və sədrliyin danışıqlar qrupunun üzvü kimi iş aparıb.
COP29 və COP30 Yüksək Səviyyəli Çempionları COP30-un Fəaliyyət Gündəliyi və birgə fəaliyyət planı üzrə maraqlı tərəflərlə, xüsusilə özəl sektor, beyin mərkəzləri, vətəndaş cəmiyyəti ilə müzakirələr aparıblar. Bu da Azərbaycanın COP prosesində diplomatik aktivliyini və təsir dairəsini genişləndirib.
-COP30-dan sonra Azərbaycanın iqlim siyasətində hansı uzunmüddətli hədəflər prioritetləşəcək və bu, ölkənin dayanıqlı inkişaf modelinə necə inteqrasiya olunacaq?
-Azərbaycan COP30-da ambisiyalı yeni iqlim hədəfləri qoyaraq (NDC 3.0), öz öhdəliklərini artırıb. Əsas məqsəd ölkəni regional yaşıl enerji liderinə çevirmək və iqtisadiyyatı dekarbonizasiya etməkdir. Azərbaycan 4 yaşıl enerji dəhlizi və 3 yaşıl enerji zonası daxil olmaqla, yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə onlarla layihə həyata keçirir ki, bu da ölkəmizi regionun enerji “hub”na çevirib. Ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda 2050-ci ilə qədər “Net-Zero” hədəfini qarşıya qoyması onun beynəlxalq öhdəliklərə sadiqliyinin və “təmiz enerji” sahəsinə inteqrasiya olunaraq, dayanıqlı iqtisadi inkişaf modelinə köklənməsinin daha bir göstəricisidir.
-COP30 çərçivəsində Azərbaycan qlobal iqlim öhdəliklərinin icrasını sürətləndirmək üçün hansı konkret addımlar atıb?
-Azərbaycan COP30-da iqlim sazişlərinə və istixana qazlarının emissiyasının azaldılmasına dair yeni milli məqsədlərini (NDC) təqdim edib. Azərbaycanın yeni NDC-si daha ambisiyalıdır. Əvvəlki hədəfdən fərqli olaraq, artıq 2035-ci ilədək 40% emissiyalarımızı azaltmağı hədəfləyirik. Bu, əvvəlki 2050-ci ilə hədəfini 15 il qabağa çəkib.
-Pərvanə xanım, ümumilikdə COP proseslərini nəzərə alaraq, qlobal iqlim siyasətinin gələcək inkişafı üçün hansı strateji addımları və prioritetləri zəruri hesab edirsiniz?
-İndi dünyada siyasi qütbləşmənin, sağçı və konservativ hərəkatların güclənməsi, qlobalizmdən uzaqlaşma meyilləri və ODA/maliyyə yardımlarının azalması fonunda iqlim siyasətinin gələcəyi barədə düşünərkən həm risklər, həm də praktik həllər nəzərə alınmalıdır. Geosiyasi rəqabət, bloklaşma, sanksiyalar, hərbi gərginlik qlobal layihələrin həyata keçirilməsini çətinləşdirir, texnologiya transferi və beynəlxalq layihələrin icrasına əngəl ola bilər. Nəticədə iqlim gündəliyinin maliyyələşməsi və icrası daha mürəkkəb, daha siyasi olacaq — buna görə də strategiyalar siyasi reallıqlara davamlı olmalıdır. Strategiya öncə hər bir ölkədə milli səviyyədə uğurlu qurulmalıdır. Düşünürəm ki, hər bir ölkənin bütün sektorları (xüsusilə sənaye və istehsal sahələri) – istər dövlət, istər özəl qurumlar istixana qazı emissiyalarının azaldılmasını strateji hədəf kimi müəyyənləşdirsə və ildən-ilə azaltmağa nail olsa, həmçinin dövlət tərəfindən də düzgün nəzarət və mexanizmlər tətbiq edilməklə, ümumilikdə, ölkənin milli məqsədlərinə (NDC), iqlim dəyişmələrinin yumşaldılmasına nail oluna bilər. Enerji keçidi strategiyaları isə sosial ədalətə əsaslanmalıdır. Yaşıl enerjiyə keçid cəmiyyətlər arasında bərabərsizliyə yol açmamalıdır. Ancaq dünyada elə ölkələr var ki, onlar sıfır emissiya öhdəliyi götürüblər, çünki onların illik karbon emissiyaları çox cüzidir, lakin iqlim dəyişmələrinin fəsadlarından daha çox əziyyət çəkirlər. Bunlar ən az inkişaf etmiş ölkələr (LDCs): Afrika, Okeaniya regionu, kiçik ada dövlətləri və s.-dir. Kəskin quraqlıq, daşqınlar, tayfunlar burada insanları fəlakətlər, xəstəliklər, ərzaq qıtlığı ilə üz-üzə qoyur. Qlobal iqlim siyasəti elə qurulmalıdır ki, ilk növbədə, həmrəyliyi və ədalətli yanaşmanı təmin etsin. Qeyd edim ki, Azərbaycan qlobal məsələlərin həllində, istər Qoşulmama Hərəkatına sədrliyi, istərsə də COP29-a sədrliyi dövründə həmrəyliyi təbliğ etmiş, Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynamışdır.
Beləliklə, qlobal iqlim siyasətinin gələcək inkişafı üçün ədalətli yaşıl inkişaf yanaşması ilə həm rifah və ekoloji davamlılığı təmin edilməli, həm də bərabərlik, inklüzivlik və nəticələrin ədalətli paylaşımı olmalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub