Astarada Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla anılıb.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundovun , Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxovanın və Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımovun iştirak etdikləri tədbirdə daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Geniş məruzəsində partiyanın yaranma tarixi, ölkəmizin ictimai-siyasi inkişafında rolu və gələcək strateji hədəflərindən danışan YAP Astara rayon təşkilatının sədri H. Cəfərov bildirib: “33 il ərzində Yeni Azərbaycan Partiyası milli maraqların qorunması, demokratik ənənələrin möhkəmləndirilməsi və dövlətçiliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Həmçinin partiyanın yeni təşəbbüsləri, ictimaiyyətlə uğurlu əməkdaşlığı, dövlətimizin praqmatik siyasəti və işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən Böyük Qayıdış Proqramı respublikamızın dinamik inkişafında əhəmiyyətli rol daşıyır.”
Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadur Əhmədov çıxışında dövlətimizin səhiyyə sahəsinə göstərdiyi yüksək diqqətə toxunaraq deyib ki, ölkə rəhbərliyinin təşəbbüsü, dəstəyi sayəsində regionlarda tibbi infrastruktur yenilənib, xəstəxanaların maddi-texniki bazası güclənib və həkimlərin peşəkarlıq səviyyəsi artırılıb. Həyata keçirilən bu tədbirlər isə vətəndaşların sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin əlçatan olmasına gözəl töhfədir.
Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbin müəllimi Məryəm Məmmədli çıxışında təhsil sahəsinə dövlət dəstəyindən söz açıb: “Məktəblərdə maddi-texniki baza yenidən qurulub, təhsil proqramları təkmilləşdirilib. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif layihələr həyata keçirilib. Görülən işlər yalnız bölgə gənclərinin intellektual və mənəvi inkişafına, təhsilin keyfiyyətinə yaxşı nəticə gətirir.”
Çıxış edən YAP Mərkəzi aparatının məsul əməkdaşı Əli Axundov partiyanın 33 illik fəaliyyəti ərzində əldə etdiyi uğurları, ölkənin inkişafında və dövlətçilik siyasətində oynadığı aparıcı rolu diqqətə çatdırıb. O qeyd edib ki, YAP xalqın rifahı naminə səmərəli fəaliyyət həyata keçirib, regionların inkişafına dəstək olub və ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edib. Natiq, həmçinin partiyanın parlaq gələcəyi naminə atılan addımlardan danışıb.
Sonra YAP Astara rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı təşəkkürnamələrlə təltif edilib, yeni üzvlərə isə partiya vəsiqələri təqdim olunub.
Yeni Azərbaycan Partiyasının himnin səslənməsi ilə tədbir sona çatıb.
Zəfər Əliyev,
Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“SOCAR Türkiyə”də İnvestorlarla Əlaqələr Dərnəyi tərəfindən panel təşkil edilib