21 noyabr 2025 00:12
79

İnkarçılığın əsirinə çevrilən Əli Kərimlinin absurd teatrı

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də hər kəsin mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır.

Bunları xatırlatmaqda, yada salmaqda məqsədimiz ölkəmizin əleyhinə həyasızcasına aparılan qərəzli kampaniyanın əsas fiqurlarından olan, mayası xəyanətkarlıqla yoğrulan Əli Kərimlinin milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum olduğunu tam çıpaqlığı ilə bir daha ortaya qoymaqdır. AXCP sədri son zamanlar dövlətçiliyimizin əleyhinə səsləndirdiyi əsassız iddiaları, hədyanları ilə diqqəti daha çox çəkir. Belə ki, erməni lobbisinin təsiri altında olan fondlardan aldıqları çirkli pulların müqabilində bu həşəmətli “bəy” hər gün sosial şəbəkələrdə ölkəmizin beynəlxalq imicini korlamaq, ictimai rəyi çaşdırmaq üçün ən iyrənc üsullara əl atır. Qalib xalqın vətəndaşı kimi yaşamaq duyğusundan məhrum olan Ə.Kərimli indi də xaricdəki ağalarından aldığı tezislər əsasında iddia edir ki, “Azərbaycan regionun lider dövləti deyil”.

Azərbaycanın son illərdə qazandığı nailiyyətlər ölkəmizə qarşı düşmən mövqedə olan və ölkəmizdəki radikal müxalifəti çox narahat edir, necə deyərlər, onların kürkünə birə salır. “Sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur”,- deyə düşünən bəzi məkrli qüvvələr, anti-Azərbaycan dairələr öz yalan və saxta məlumatları ilə cəmiyyəti çasdırmaq, respublikamızın beynəlxalq imicinə, eləcə də milli maraqlarına zərbə vurmaq məqsədilə çirkli pulları ilə bəslədikləri antimilli qüvvələrdən daha çox istifadə edirlər. Başda AXCP sədri Əli Kərimli olmaqla ölkədəki radikal müxalifət təmsilçiləri və xaricdəki məlum “siyasi mühacir” qaragüruhu sosial medianın informasiya məkanındakı üstünlüklərindən istifadə edərək internet tv-lərdə, “YouTube”da, “Facebook”da və s. ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının rəngini daha da tündləşdiriblər.

Anti-Azərbaycan dairələri və onların muzdlu nökəri, milli vicdan hissinin nə olduğunu bilməyən Ə.Kərimlini narahat edən ölkə rəhbərliyinin milli maraqlara əsaslanan praqmatik və çoxverktorlu xarici siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanın gündən-günə inkişaf etməsi, qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsidir. Bizcə, dünyanın ən demokratik, demokratiyanın beşiyi sayılan ölkələrindən Prezidentimizə gələn təbrik məktubları Ə.Kərimlini dəli edib.

Bütün bunlar gözümüzün qarşısında yaşanır. Uzun illərdir ki, bəzi anti-Azərbaycan dairələrlə gizli əməkdaşlıq edən Əli Kərimli və onun kimilərin sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı apardığı “qara piar” kampaniyasının əsl səbəbi, eləcə də bu xəyanətkar marginalların əsl siması cəmiyyətimizə bir daha məlum oldu. Nəhayət, hər kəsə bəllidir ki, AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Əli Kərimli həmişə bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynayıb. Keçmiş dövlət başçısı, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəy də müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir. 

Bütün bunların fonunda əminliklə demək olar ki, artıq siyasi kapitalı tükənən, müxalifətçiliyi dağıdıcılıq, pozuculuq, inkarçılıq kimi qavrayan, antimilli görüşlərinin, şəxsi ambisiyalarının və siyasi hirsinin-hikkəsinin əsirinə çevrilən, absurd teatrındakı rolunu uğursuzcasına oynayan, marginallaşaraq xalqdan uzaq düşən Ə.Kərimli və onun kimilər isə siyasi səhnədən silinərək tarixin zibilliyində itib-batacaqlar.

Zahid Rza, “İki sahil”