Daha çox hansı ölkədən mal alıb, mal satırıq?
Noyabrın 18-i - 19-da İranda Xəzəryanı ölkələrin sahilyanı regionları rəhbərlərinin toplantısı keçirilib Toplantıda beş Xəzəryanı dövlətin - Azərbaycanın, Rusiyanın, İranın, Qazaxıstanın və Türkmənistanın nümayəndələri iştirak edirb Toplantıda məqsəd qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsini, nəqliyyat-tranzit imkanlarının artırılmasını, həmçinin balıqçılıq və bioresursların qorunmasını, qarşılıqlı sərmayə yatırımını və ekoloji təhlükəsizliyi gündəmə gətirmək idi. Xüsusilə burada Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı əsas müzakirə mövzusu olub.
Əslində, Azərbaycanın Xəzəryanı ölkələrlə iqtisadi-ticarət əlaqələri ildən ilə daha da genişlənir. Məsələn, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında Rusiya ilə ticarət dövriyyəsi 3,659 milyard ABŞ dolları olub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faizlik artım deməkdir. Həmin dövrdə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,34 faizini təşkil edib. Bununla da Rusiya Azərbaycanla ən böyük ticarət dövriyyəsinə malik ölkələr arasında 3-cü yeri tutub. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya ixracın həcmi 883,6 milyon ABŞ dolları olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,8 faiz çoxdur. Eyni zamanda, göstərilən dövrdə Rusiyadan Azərbaycana idxalın həcmi 2,775 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 135 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.
Rusiyadan fgrqli olaraq cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İran İslam Respublikası arasındakı ticarət əlaqələrində azalma qeydə alınıb. Bu isə yay aylarında gerçəkləşən İsrail-İran müharibəsi ilə əlaqədar ola bilər. DGK-nin məlumatlarına görə, bu dövrdə Azərbaycanın İrana ixracı 7 milyon 212,53 min ABŞ dolları olub. Eyni dövrdə Azərbaycanın İrandan idxalı 450 milyon 401,50 min ABŞ dolları təşkil edib. Ötən ilin 9 ayında İrana ixrac 10 milyon 40,2 min ABŞ dolları, İrandan Azərbaycana idxal isə 453 milyon 355,79 min ABŞ dolları olmuşdu. Bu isə o deməkdir ki, 2025-ci ilin yanvar–sentyabrında Azərbaycanla İran arasındakı ticarətində ixrac təxminən 28 faiz, idxal isə təxminən 0,65 faiz azalıb.
Digər Xəzəryanı qonşumuz olan Qazaxıstanın Azərbaycan ilə ticarətinin həcmi bu ilin doqquz ayında 358,2 milyon dollar olub ki, bu da həmin ölkənin ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib. Qazaxıstan Milli Statistika Bürosunun hesabatında göstərilir ki, ölkəmizə ixrac 302,5 milyon dollara çatıb ki, bu da ümumi ixracın 0,5 faizini təşkil edir. Azərbaycandan malların idxalı isə 55,7 milyon dollar və ya ümumi ixracın 0,1 faizini təşkil edib.
2025-ci ilin birinci yarısında Türkmənistan və Azərbaycan arasında ticarət dövriyyəsi 140,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat verib. Belə ki cari ilin yanvarın 1-dən iyulun 1- dək olan dövrdə Azərbaycanın ümumi xarici ticarətinin 0,57 faizi Türkmənistanın payına düşüb. Azərbaycanın Türkmənistana ixracı 30,3 milyon ABŞ dolları, Türkmənistandan idxalı isə 109,8 milyon ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycandan Türkmənistana qeyri-neft ixracı 29,5 milyon dollara çatıb və ölkənin ümumi qeyri-neft ixracının 1,68 faizini təşkil edib. Türkmənistan Azərbaycanın qeyri-neft məhsullarının ilk 10 idxalçısı sırasında yer alıb.
Məlumdur ki, Xəzəryanı ölkələrin iqtisadi inteqrasiyasının əsas layihələrindən biri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Hazırda dəhliz tam gücü ilə işləməsə də fəaliyyət göstəir. Azərbaycan ərazisində dəmir yolu seqmenti fəaliyyət göstərir, İran–Azərbaycan sərhədində Astarada tikilən yük terminalının işləri 75 faiz tamamlanıb. Rəşt-Astara dəmir yolu xəttinin uzunluğu 162 kilometrdir və son yeddi ay ərzində 70 kilometrlik hissəsi istifadəyə verilib, hazırda yalnız 70 kilometrlik seqment qalıb ki, İran hökuməti yaxın dörd ay ərzində xəttin tam istifadəyə verilməsini planlaşdırır. Layihə mərhələli şəkildə icra olunur, rels qurğusunun quraşdırılması üçün hazırlıq işləri paralel aparılır və Rusiya ilə müqavilə bağlamış podratçı şirkət xəttin tam istifadəyə verilməsindən sonra növbəti mərhələyə keçəcək. Bu tikinti layihəsinin ümumi müddəti üç il olaraq planlaşdırılıb və Şimal–Cənub dəhlizi çərçivəsində yük daşımalarının sürət və xərclərinin optimallaşdırılmasına xidmət edəcək.
Daha çox Xəzəryanı ölkələrin yüklərinə xidmət edən Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Xəzərdə ən böyük və müasir yük mərkəzi kimi çıxış edir. Limanın illik yükaşırma qabiliyyətinin indiki 15 milyon tondan, gələcəkdə 25 milyon ton diapazonuna yüksəldilməsi planlaşdırılır. Ələt limanı Şimal–Cənub dəhlizinin kritik həlqəsi olaraq həm Rusiya və İran, həm də Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirir.
Elçin Zaman, «İki sahil»
Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub