22 noyabr 2025 18:55
111

Azərbaycan gübrə ixracından qazancını 50 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 75,08 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Hesabat dövründə Azərbaycandan gübrə ixracının dəyəri isə 153,867 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 49,6 % çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,39 %-ni, ixrac isə ümumi ixracın 0,71 %-ni təşkil edib.

Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.