25 noyabr 2025 02:31
118

Türkiyə dünyanın taleyi üçün narahatdır

Gələn il COP31 qardaş ölkədə keçiriləcək

Atom bombası və digər dağıdıcı silahların təcrübəsinin keçirilməsi Yer kürəsi üçün təhdidə çevrilib. Bunun nəticəsidir ki, atmosferin ozon qatı deşilmiş, anormal həyat üçün qorxulu təbiət hadisələrinin törənməsinə şərait yaranmışdır.

Kütləvi qırğın silahlarından, atomla işləyən elektrik stansiyalarından istifadə bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir. II Dünya müharibəsi başa çatandan sonra ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini atom bombası ilə darmadağın etməsinin, 1985-ci ildə Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında qəzanın dəhşətli nəticələri indi də davam etməkdədir. Lazımi tədbirlər görülməsinə baxmayaraq hər iki ölkədə ilk vaxtlar ölənlər çox oldu. Ancaq bununla qurtarmadı, Çernobılda indi də anadangəlmə şikəst doğulan uşaqların sayı az deyil. Təəssüf ki, təhlükə təkcə bu deyil. Zəlzələlər, anormal istilər, sunamilər, meşə yanğınları, normadan artıq yağıntılar düşməsi, içməli suyun sürətlə azalması Yer kürəsində həyatı labüd təhlükəyə məruz qoyur. Baş verən faciələr dünyada ciddi narahatlıq doğurur.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) 2026-cı ilin noyabr ayında Türkiyədə keçiriləcək.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 Sammitinin sessiyasında çıxış edərkən bildirib.

Türkiyə Prezidentinin sözlərinə görə, Avstraliya ilə COP31-ə ev sahibliyi etmək barədə razılaşma qlobal miqyasda konsensus platformalarının zəifləməsi fonunda xüsusilə əhəmiyyətlidir. Təəssüf ki, bir çox dövlətlər dünyanı gözləyən təhlükələrin qarşısının alınmasına o qədər də əhəmiyyət vermirlər. Ona görə də Türkiyə dövlət başçısı Sammit iştirakçıları ilə bərpaolunan enerji mənbələrinə (BEM) diqqət yetirərək ölkəsinin enerji inkişaf planlarını bölüşüb.

Prezident Ərdoğan bildirib ki, Türkiyənin Günəş və külək elektrik stansiyalarının gücü 2035-ci ilə qədər dörd dəfə artacaq. Bundan əlavə, artıq 2025-ci ilin sonuna qədər ölkənin elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 60 faizi keçəcək.

Göründüyü kimi, bu, çox böyük bir nailiyyətdir. Yaxşı olardı ki, bütün dövlətlər Türkiyənin qazandığı nailiyyətə dəstək versin, qabaqlayıcı tədbirlərin həyata keçirilməsində ondan nümunə götürsün. Axı, söhbət hamının-bütün bəşəriyyətin taleyindən gedir. Ona görə də bu məsələyə məsuliyyətlə yanaşılması tələb olunur. Azərbaycan bu çağırışa ilk səs verən dövlətlərdən biridir.

Qeyd etmək lazımdır ki, Azərbaycan COP29-a ev sahibliyi etməzdən əvvəl iqlim dəyişikliklərinin normallaşdırılması sahəsində addımlar atmışdır. Azad edilən ərazilərdə yeni su-elektrik stansiyalarının açılmaşı nəticəsində bir çox bölgələrimiz ekoloji təmiz enerji ilə təmin olunub. Günəş və külək stansiyalarının quraşdırılması və ya inşası isə davam etməkdədir. Bu enerjilər ekoloji cəhətdən təmiz, ucuz və əlverişlidir.

Xatırladaq ki, Azərbaycanın COP29 və Braziliyanın COP30 Sədrliyi “Bakıdan Belemə Yol Xəritəsi”ni təqdim edib. Bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunmasına yönələn strateji planı əks etdirir.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev və COP30 Prezidenti, səfir Andre Korrea do Laqo vurğulayıblar ki, bu hədəfə çatmaq mümkündür. Lakin bunun üçün ənənəvi maliyyə mənbələri ilə yanaşı, yeni və innovativ mexanizmlərin də səfərbər olunması vacibdir.

Yol Xəritəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bakı Maliyyə Hədəfi (“Baku Finance Goal”) çərçivəsində hazırlanıb. Sənəd Paris Sazişinin qəbulundan 10 il sonra iqlim maliyyələşdirilməsində növbəti mərhələyə keçid üçün əsas addım kimi qiymətləndirilir.

“Biz hərəkətə keçməliyik və bu, indi baş verməlidir. 2030 və 2035-ci illərin hədəfləri bizə verdiyimiz vədləri reallığa çevirmək, planetimizi qorumaqla yanaşı, yeni iş yerləri yaratmaq və dayanıqlı rifahı təmin etmək imkanı verir”, – deyə COP29 Sədri Muxtar Babayev bildirib. Göründüyü kimi, Azərbaycan dünya dövlətlərini zəif və kiçik ölkələri yaxınlaşan təbii fəlakətlərdən xilas etməyə çağırır. Bu, əlbəttə, çox böyük humanizmdir. Ölkəmiz superdövlətlərlə müqayisədə tam imkanlı olmasa da öz nümunəsi ilə həmin dövlətlərə örnək göstərir, “mənim kimi et” mesajını göndərir. Əgər hamı əlbir olsa təbii fəlakətlərin qarşısını almaq və ya təsirini azaltmaq olar.

Vəli İlyasov, “İki sahil”