Bu rayonun yağı düşmən tapdağından qurtulmasından beş il ötür
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən kapitulyasiyaya məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam və Laçın rayonları ilə yanaşı, hər daşı-qayası tarix olan Kəlbəcər də siyasi yolla Azərbaycana qaytarıldı. Bununla da 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirilmədən işğaldan azad edildi. Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Artıq 5 ildir ki, inzibati-coğrafi baxımdan ölkəmizin ən böyük rayonu olan Kəlbəcərdə də genişmiqyaslı bərpa və infrastruktur işləri həyata keçirilir. Ümumi sahəsi 2.24 hektar olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 528 şagirdlik ümumtəhsil orta məktəbinin və 80 yerlik uşaq bağçasının, 7 peşə təhsili üzrə emalatxana və 70 yerlik yataqxananın tikintisinin də növbəti ildə tamamlanması gözlənilir. SSRİ dövründə fəaliyyət göstərmiş Kəlbəçərin rəmzi sayılan "İstisu” Müalicə-İstirahət Kompleksi də bu gün yenidən bərpa edilir. Artıq “İstisu” mineral suyu ticarət şəbəkələrində satışla yanaşı, rəsmi qəbullarda və görüşlərdə də görünməkdədir. Bu isə o deməkdir ki, bura tezliklə ölkəmizin əsas turizm məkanlarından birinə çevriləcək.
Yeri gəlmişkən, Kəlbəcərə yaxın ərazidə inşa olunan Laçın Beynəlxalaq Hava Limanı bu rayonun nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Həm də bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları da inşa olunub.
İşğaldan azad edildikdən sonra dövlətimizin başçısı Kəlbəcərə çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində və açılışlarında iştirak edib, görülən və həyata keçiriləcək işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin avqust ayının 21-də Kəlbəcərdə olarkən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olmaqla yanaşı, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, Kəlbəcər şəhər parkının təməlqoyma mərasimlərində, həmçinin “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın, Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib. Elə həmin gün Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı buraya köçən sakinlərlə görüşündə demişdir ki, sizin üçün ən gözəl şərait yaradılmalıdır: “Siz neçə il əziyyət içində yaşamısınız. Ona görə sizin üçün ən gözəl şərait yaradılmalıdır. Bu da İsveçrə layihəsidir. İsveçrədəki şəhərlərə tam uyğundur. Bəli, həm memarlıq, həm də daxildəki dizayn baxımından. Bilirsiniz, İsveçrə dünyada insanın həyat keyfiyyətinə görə birinci yerdədir. Ona görə, biz Kəlbəcər üçün bunu seçmişik”.
Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Kəlbəcər layihəsi memarlıq baxımından fərqli tikililərdən ibarətdir. Bu məkan artıq xaricilərin də diqqət mərkəzindədir. Məsələn, filippinli səyyah Frensis Kandiya Kəlbəcərlə bağlı təəssüratlarını dövri mətbuata açıqlayarkən demişdir ki, sanki mən İsveçrə və ya Avstriyadayam: “Bu, İsveçrə Alplarındakı kimi bir hissdir. Bura mütləq qayıdacağam".
Halbuki erməni vəhşiləri Kəlbəcər şəhərində, eləcə də rayonun heç bir kəndində bir dənə də bina salamat saxlamamışdılar. Dövlətimizin başçısı çıxışlarında bunu dəfələrlə vurğulayıb: “Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb”. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da təmin edilir. Xatırladaq ki, bu il avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutub.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”