25 noyabr 2025 00:57
117

Kim haqlıdır: Rəsmi statistika, yoxsa Paşinyan?

30 il sürən işğalçılıq siyasəti üzündən Ermənistanın regionun iqtisadi və infrastruktur məkanına inteqrasiya edə bilməməsi bu ölkəyə baha başa gəlib. Ermənistanın regional əmək bölgüsü sisteminə cəlb edilməməsi, nəqliyyat qovşaqlarına, eləcə də münasib enerji mənbələrinə çıxışın olmaması, uzun onilliklər ərzində ucuz xammal və komponentlərə çıxışın çətinləşməsi bu ölkə üçün nikbin proqnozlar söyləməyə belə imkan vermir. Nəticə, daha dəqiq desək, rentabelliyin azalması, geriləmə bütün sahələrdə, xüsusilə Ermənistan iqtisadiyyatında özünü göstərir.

Lakin Ermənistan hökuməti hər zaman və hər sahədə olduğu kimi, iqtisadiyyatının inkişafı barədə də həqiqətə uyğun olmayan xəbərlər yaymaqdadır. Guya aparılan köklü dəyişikliklər sayəsində ölkə iqtisadiyyatı müsbət statistik göstəricilərə malikdir. Reallıq isə bütün bunların əksini göstərməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin iqtisadiyyat, elm və turizm sahələrinə dair göstəricilərdən danışarkən şişirdilmiş rəqəmlər ortaya çıxır. “Yaxın günlərdə Nikol Paşinyan bəyan etmişdi ki, guya Ermənistanda turizm öz “ən yaxşı dövrünü” yaşayır, turizm sektorunda çalışan sahibkarların “yaxşı olacaq” deməyə ehtiyacı yoxdur, çünki “artıq yaxşıdır”, illər əvvəl xəyal etdikləri gələcək “bu gün reallığa çevrilib” və “bundan sonra da belə olacaq”.

Bu barədə Ermənistanın “168.am” nəşri “Rəsmi statistika Nikol Paşinyanın yalanını ifşa edib” başlıqlı məqaləsində yazıb. Nəşrə görə, rəsmi statistika isə bu ilin ilk 9 ayının turizm göstəricilərini dərc edərək Nikol Paşinyanın yalanlarını üzə çıxarıb. “Statistika xidmətinin açıqladığı məlumatlar göstərir ki, Nikol Paşinyan yenə də cəmiyyəti aldadıb və yanlış təsəvvür yaradıb. Ermənistanda turizm heç də öz “ən yaxşı dövrünü” yaşamır. Rəsmi məlumata görə, 9 ayda Ermənistana 1 milyon 734 min turist gəlib, bu isə ötən illə müqayisədə, cəmi 0,8 faiz çoxdur. KİV qeyd edib ki, halbuki yeni-yeni kreditlər götürülür, guya turizmi inkişaf etdirmək üçün yeni turizm klasterləri yaradılır. “Bu qədər “stimullaşdırma”dan sonra turist axınının cəmi 0,8 faiz artması olduqca zəif göstəricidir. Üstəlik, bu il iki il əvvəlkindən xeyli az turist gəlib. 2023-cü ilin 9 ayında Ermənistana 1 milyon 839 min, yəni builkindən 105 min çox turist gəlmişdi. Bu il qeydə alınan cüzi artımı artım adlandırmaq belə çətindir, “ən yaxşı dövr” kimi təqdim etmək mümkün deyil. Lakin bu fakt Nikol Paşinyanı öz “saxta sülhünü” xalqa satmaqdan saxlamır. Guya “sülh artıq nəticə verir”, turistlər də “artıq narahat olmurlar” və Ermənistana axışırlar. Halbuki iki il əvvəl, Paşinyanın gətirdiyi “sülh” hələ ortada yoxkən, Ermənistana daha çox turist gəlirdi. 2023-cü illə müqayisədə turistlərin sayı bu il təxminən 6 faiz azalıb”, - deyə müəllif vurğulayıb.

Nəşr qeyd edib ki, Paşinyanın “turizmin ən yaxşı dövrü” kimi təqdim etdiyi vəziyyət budur və bu işdə artıq azərbaycanlılar da öz töhfəsini verməyə başlayıblar. “Düzdür, hələlik Azərbaycandan gələn turistlərin sayı çox deyil, amma hakimiyyətin gördüyü işlər yaxın illərdə bu rəqəmin artacağını göstərir”.

KİV-in yazdığına görə, birinci yeri əvvəlki kimi Rusiya tutur, halbuki Rusiyadan gələn turistlərin sayı azalmağa davam edir: “9 ayda bu ölkədən 713 min turist gəlib. Ötən illə müqayisədə bu rəqəm 4 faiz və ya 27 mindən çox azalıb. İki il əvvəlki ilə müqayisədə fərq daha da böyükdür. 2023-cü ilin 9 ayında Rusiyadan 931 mindən çox turist gəlmişdi. Rəqəm 218 min azalıb. Bu, “turizmi inkişaf etdirmək” adı ilə təqdim edilən siyasətin real nəticəsidir.

Erməni mətbuatında yer alan məlumatlara görə, Ermənistana gələn turistlərin ikinci böyük qrupu xaricdə yaşayan Ermənistan vətəndaşlarıdır. Bu il onlar ölkəyə gələn turistlərin 252 min nəfərini təşkil edib. Onların sayı təxminən 3 min nəfər artıb. Üçüncü yer Gürcüstana məxsusdur. Bu ölkədən 210 min nəfər gəlib. Onların böyük qismi Gürcüstanda yaşayan ermənilərdir, müəyyən hissəsi isə gürcülərdir. Əks istiqamətdə isə Ermənistandan Gürcüstana gedənlərin sayı qat-qat çoxdur. Bu ildə təxminən 1 milyon nəfər təşkil edir. Bu isə Ermənistanda turizmin “çəkiciliyindən” xəbər vermir.

Dördüncü böyük tərəfdaş İranıdır. Bu il İrandan gələn turistlərin sayı artaraq 138 minə çatıb. Bunun birbaşa səbəbi İran-İsrail müharibəsi nəticəsində çoxlu sayda iranlının Ermənistana, buradan isə başqa ölkələrə keçməsi olub.

Hindistan istiqamətində isə qəribə bir dəyişiklik baş verib. Ermənistanda hələ də çoxlu hindlinin görünməsinə baxmayaraq, rəsmi statistika Hindistandan turist axınının kəskin azaldığını göstərir. Ötən il Hindistandan 33 min 200 nəfər gəlmişdisə, bu il 20 min 800 nəfər gəlib. Yəni, 37 faizdən çox azalma müşahidə olunur. Rəsmi məlumatlara görə, bu il Ermənistandan Hindistana gedənlərin sayı gələnlərdən çox olub.

Sevinc Azadi, “İki sahil”