25 noyabr 2025 11:12
128

Kəlbəcər yeni dövrünü yaşayır

Kəlbəcər şəhərinin düşməndən azad olunması Vətən Müharibəsinin parlaq səhifələrindən biridir. Ərazi baxımından ölkəmizin ən böyük rayonlarından olan Kəlbəcər həm də mürəkkəb coğrafi relyefi ilə fərqlənir ki, yürüdülən uğurlu siyasət nəticəsində 10 noyabr 2020-ci il bəyanatında  Kəlbəcərin döyüşsüz qaytarılması təmin edildi. Buna qədər Müzəffər Azərbaycan Ordusunun yerinə yetirdiyi döyüş tapşırığına əsasən Kəlbəcərin bir sıra yüksəklikləri düşməndən azad edilmişdi. Kəlbəcərin şimal hissəsində yerləşən yüksəkliklər üzərində nəzarətin bərpa olunması müharibənin gedişinə ciddi təsir göstərdi. Bu yüksəkliklər düşmənin manevr imkanlarını məhdudlaşdırdı və logistik təchizat xətlərini iflic vəziyyətinə gətirdi. Basarkeçər-Kəlbəcər yolunun bağlanması həm hərbi balansı dəyişdirdi, həm də Ermənistan Silahlı Qüvvələrinin bölgədə möhkəmlənməsinin qarşısını aldı. Bu əməliyyat Kəlbəcərin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Digər işğaldan azad olunan ərazilər kimi, Kəlbəcəri tərk edən ermənilər vandallıq aktları ilə yadda qaldılar, onlar evlərə və meşələrə od vuraraq öz vəhşi xislətlərini nümayiş etdirdilər.

Kəlbəcər təbii zənginliyi ilə digər rayonlarımızdan fərqlənir, dağ massivləri, sıx meşələr, çaylar və bulaqlar özünəməxsus relyef və iqlim şəraiti yaradır. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin işğala qədər əhalisi 53 min nəfərdən artıq idi. Rayonun ümumi sahəsi 3054 kvadrat kilometr təşkil edir və burada 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr tarixinin Kəlbəcər şəhəri günü elan olunması bu rayonun bərpasının dövlət siyasətində mühüm yer tutduğunu təsdiqləyir. Bu amil həm tarixi ədalətin bərpasının təcəssümü, həm də gələcək inkişaf strategiyasının başlanğıcıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiq edilmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına” əsasən, şəhər ərazisinin 130 hektardan 290 hektara, əhalinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur.

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”-nın qəbulu və planın həyata keçirilməsi onu deməyə əsas verir ki, burada həyatın bütün sahələr üzrə yenidən qurulması nəzərdə tutulur. Plana görə şəhər ərazisi genişləndiriləcək, əhali üçün müasir yaşayış fondları yaradılacaq, sosial infrastruktur tamamilə yenilənəcək və şəhər mühiti ekoloji baxımdan dayanıqlı model əsasında formalaşdırılacaq. Yaşıllıq zolaqlarının genişləndirilməsi, piyada və nəqliyyat yollarının yenidən təşkili, təhsil və səhiyyə müəssisələrinin tikintisi müasir şəhər konsepsiyasının əsas elementləridir.
İlk mərhələdə inşa olunan 524 ailəlik yeni məhəllə əhalinin təhlükəsiz və rahat mühitdə məskunlaşdırılmasını təmin edir. İkinci mərhələdə daha 323 ailənin yerləşdirilməsi planlaşdırılır. Kəlbəcər şəhərinə qayıdan ailələrin artması bölgədə sosial həyatın canlanmasına şərait yaradır. Zallar, Yansaq və Zar kəndlərinin yenidən qurulması geniş miqyaslı tərəqqi proqramının əsas istiqamətlərindən biridir. Hər bir kənd üçün müasir məktəblər, uşaq bağçaları, kommunal xidmət obyektləri və yeni fərdi yaşayış evləri inşa edilir.

Bu gün digər işğaldan azad olunan ərazilər kimi Kəlbəcərə də köç karvanları yola düşür. Kəlbəcərdə həyat canlanır və ən əsası hər bir evdə hüzur və sevinc hissi var. 

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı