Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisi ilə müqayisədə isə 722 milyon manat çoxdur
Azərbaycanın dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də sosialyönümlü olacaq. Bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 20-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur: Bu xərclərin 89,7 faizi, yəni 15,4 milyard manatı əməkhaqqı və sosial təminat ödənişlərinə ayrılacaq. Qeyd olunub ki, son beş ildə bu istiqamətdəki xərclər 4,4 milyard manat və ya 39,6 faiz artıb: “Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq. Ortamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artıb. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır".
Qeyd edək ki, dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olunur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur. Belə ki, dünya praktikasında sosial xərclərin büdcədə payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən sosial xərclərə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi sosial əhəmiyyətli sahələrdə xərclənən vəsaitlər daxil edilir. Son on illik müddəti götürsək, dünya praktikasına əsaslanan sosial xərclərin həcminin kəskin artdığını görmək olar. Belə ki, Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Sosial müdafiə və sosial təminat” bölməsindən bilavasitə sosial müdafiə və təminat tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan xərcləri, təhsil və səhiyyə bölmələri üzrə faktiki icra edilmiş xərcləri nəzərə alsaq, 2016-cı ildə dövlət büdcəsinin sosial xərclərinin ümumi xərclərdə payı 25.7 faiz (4 milyard 559 milyon 7968 manat) təşkil edib. Əvvəlki ilə nisbətən 2016-cı ildə sosial müdafiə və təminatı xərcləri 250 milyon manat və ya 13.3 faiz, təhsil xərcləri 149.3 milyon manat və ya 9.3 faiz artıb. 2026-cı il üçün dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Bu isə o deməkdir ki, on ildə büdcə xərcləri 2,5 dəfə, sosial xərclər isə 3,7 dəfə artıb. Yəni büdcənin sosial xərcləri onun ümumi xərclərindən daha sürətlə artıb.
Məlumdur ki, sosial xərclərin mühüm bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xəttilə maliyyələşdirilir. Gələn il üçün fondun büdcə xərclərinin 8 milyard 483 milyon 70 min manat (2025-ci illə müqayisədə 10,5 faiz və ya 806.6 milyon manat çox) olması proqnozlaşdırılır. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən Fondun gəlirlərinin 6 milyard 591 milyon manatının, yaxud 79,2 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68 faizi qeyri-büdcə sektorunun, 32 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizi və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu göstərici 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.
Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi gözlənilir. 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 çoxdur. O cümlədən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat hesablanıb.
Xatırladaq ki, 2026-cı ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.
Sevinc Azadi, “İki sahil”
Milli təcrübəmizin qlobal platformada paylaşılması üçün mühüm platforma - Ümumdünya Şəhərsalma Forumu
İpoteka və Kredit Zəmanət Fondunda iqtisadi sahədə ixtisaslaşmış ekspertlərlə görüş keçirilib
Azərbaycanla Türkiyə arasında turizm sənayesinin perspektivləri müzakirə olunub