Böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməklə zəngin təcrübəyə malik Azərbayan gələn il bu sahədə daha bir uğurlu addım atacaq. Belə ki, dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası 17-22 may tarixlərində dövlət və hökumət başçıları səviyyəsində Bakı şəhərində keçiriləcək. Forumun əsas məkanı isə Bakı Olimpiya Stadionu olacaq. Məhz bu məkanda təxminən 90 min kvadratmetr müvəqqəti infrastruktur qurulacaq. Bununla da rəsmi Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə etdiyi təcrübəni Ümumdünya Şəhərsalma Forumunda da tətbiq edəcək. Məlumata görə, WUF13 Əməliyyat Şirkəti gələn ilin martında Forumun keçiriləcəyi məkanı BMT-yə təhvil verəcək.
Mütəxəssislərin fikrincə, bu tədbir həm də Azərbaycanın dayanıqlı şəhərsalma modelini dünyaya nümayiş etdirmək üçün bir platformaya çevriləcək. Şübhəsiz, belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.
Xatırladaq ki, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıblar. Bu ərazilərdə son beş il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub. Həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. Görülən bütün işlər tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə həyata keçirilir. Bu da Azərbaycan dövlətinin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir.
Bu ilin oktyabr ayında Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun iştiraçılarına Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir: “İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur”. Bu mənada Şuşa, Füzuli və Ağdam kimi şəhərlərin “ağıllı şəhər” prinsipləri əsasında bərpasını Azərbaycanın gələcək şəhərsalma modelinin real təzahürü kimi dəyərləndirmək olar. Bir sözlə, bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, həm də qlobal urbanizasiya gündəliyinin yeni model məkanı kimi formalaşır.
Bir məsələni də vurğulayaq ki, ölkəmizin müasir şəhərsalma təcrübəsi yalnız bu bölgələrlə məhdudlaşmır. Digər regionlarda günün tələblərinə cavab verən urbanizasiya vizyonu ortaya qoyulur. Bu mənada sözügedən forum innovativ modellər və texnologiyaları nümayiş etdirmək, həm də işğaldan azad edilmiş ərazilərdə bərpa və miqyaslı inkişaf sahəsində əldə edilmiş nailiyyətlərin nümayişi olacaq. Şübhəsiz, bu tədbir Azərbaycanın şəhərsalma siyasətinin siyasi, iqtisadi və sosial səviyyədə dünyaya inteqrasiyasını daha da gücləndirəcək, milli təcrübənin qlobal platformada paylaşılması üçün geniş imkanlar yaradacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İpoteka və Kredit Zəmanət Fondunda iqtisadi sahədə ixtisaslaşmış ekspertlərlə görüş keçirilib
Azərbaycanla Türkiyə arasında turizm sənayesinin perspektivləri müzakirə olunub