Zəngəzur dəhlizi yalnız bir infrastruktur layihəsi deyil, Türk dünyasının birliyinin və ortaq gələcəyinin simvolu kimi qiymətləndirilir
Asiya və Avropanı birləşdirən marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda birbaşa artıma imkan verir. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur.
«Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirir ki, bu çərçivədə Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu nəqliyyat və enerji layihələri əməkdaşlıq əlaqələrinin nəqliyyat sektorunun inkişafı ilə bağlı ardıcıl siyasət həyata keçirir. Dövrün tələblərinə uyğun olaraq bu sahədə yeniləşmə, təkmilləşmə belə bir reallıqda öz əksini tapır ki, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dövlətimizin başçısı İlham Əliyev bu ilin əvvəlində keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə görülən işləri əsaslı şəkildə diqqətə çatdıraraq onların fonunda hədəfləri açıqlamışdı.
Son illərdə Bakı şəhərində və onun ətraf ərazilərində böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa olundu, yeni yollar salındı. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları icra edildi. Bu proqramlardan irəli gələn vəzifələrin uğurlu icrası reallıqlarda özünün aydın ifadəsini tapır. Həmin proqramlarda nəqliyyat infrastrukturu prioritet məsələ kimi qeyd edilmişdi. Ümumilikdə, nəqliyyat məsələləri daim diqqət mərkəzində olur. Həmin müşavirədən sonra dövlətimizin başçısı İlham Əliyev «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında» Sərəncam imzaladı.
Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Bu isə öz növbəsində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsini, təkmilləşdirilməsini şərtləndirir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər 20 il əvvələ nəzər salsaq o vaxt yollarımızın nə vəziyyətdə olduğunu görərik. Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Hazırda bütün şəhərləri müasir yollar birləşdirir. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb. Hər il bu məqsədlər üçün vəsait ayrılır.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü roluna əsas verir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri bu rolunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev belə bir reallığı diqqətə çatdırır ki, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Azərbaycan coğrafi vəziyyətindən səmərəli istifadə edib. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərir və praktiki işlər görür.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün mühüm addımlar atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə də Azərbaycanın nəqliyyat imkanları xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir. Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərində də əsas diqqət infrastruktur layihələrinin uğurlu icrasına yönəldilir. Qısa zamanda tikilib istifadəyə verilən Füzuli, Zəngilan və Laçın Benəlxalq Hava limanlarını xüsusi qeyd etməliyik. Qarabağımız və Şərqi Zəngəzurumuz hava qapılarını dünyaya açdı. Atılan bu addımlar ölkəmizin iqtisadi imkanları ilə yanaşı, azad edilmiş ərazilərimizin strateji əhəmiyyətini nümayiş etdirir. Bu torpaqlarımız böyük turizm imkanlarına malikdir. Qarabağımız və Şərqi Zəngəzurumuz tezlıklə böyük investisiyalar, turizm məkanına çevriləcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları genişlənir. Bu imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin bu günlərdə keçirilən həmrəylik forumunda da Azərbaycanın nəqliyyat imkanlarına diqqət yönəldildi. Cənab İlham Əliyev forum iştirakçılarına müraciətində qeyd etdi ki, Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq.
Qardaş Türkiyənin təmsilçiləri Zəngəzur dəhlizini sadəcə, nəqliyyat xətti deyil, Türk dünyasını birləşdirən geosiyasi və geoiqtisadi körpü kimi dəyərləndirirlər. Qeyd edilir ki, bu dəhliz Mərkəzi Asiyadan Anadoluya, Xəzərdən Aralıq dənizinə uzanan inteqrasiya xəttinin əsas sütunlarından biridir. Zəngəzur dəhlizi həm Azərbaycanın beynəlxalq tranzit imkanlarını genişləndirəcək, həm də regionda davamlı sülhə və iqtisadi əməkdaşlığa töhfə verəcək strateji layihədir. Beynəlxalq siyasi proseslər və böyük güclərin mövqeləri nəzərə alınsa da, nəticə etibarilə bu layihənin həm Azərbaycan, həm də Türkiyə üçün uzunmüddətli fayda verəcəyinə əminlik ifadə edilir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının, üzv ölkələrin, vətəndaş cəmiyyətlərinin və beynəlxalq qurumların bu təşəbbüsə verdiyi dəstək regionun gələcəyi üçün mühüm rol oynayacaq. Zəngəzur dəhlizi yalnız bir infrastruktur layihəsi deyil, Türk dünyasının birliyinin və ortaq gələcəyinin simvolu kimi qiymətləndirilir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda Zəngəzur dəhlizinə xüsusi diqqət yönəldildi. Panel iclasında bu məsələ ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerji və kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işləri sürətləndirilib və artıq son mərhələyə keçilib.
Qeyd olunanların fonunda bu ümumiləşdirməni apara bilərik ki, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir. Ölkəmizin tranzit imkanları əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı da edir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Ölkə Prezidenti bu reallığı da açıqlayır ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanılıb. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırılmağa başladı. Eyni zamanda, qonşularla da bağlantı körpüləri quruldu: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.»
Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır.
Yeganə Əliyeva, «İki sahil»