Paraflanmış sülh sazişi Azərbaycan və Ermənistanı onilliklər boyu davam edən qarşıdurmadan əməkdaşlığa aparan yeni siyasi mərhələnin astanasına gətirir
44 günlük Vətən müharibəsindən sonra yaranan yeni siyasi nizam regionda sülhün çərçivəsini dəyişdirir. Ötən beş il ərzində Azərbaycan regionda dayanıqlı sülhün bərqərar olması üçün ardıcıl, sistemli və məqsədyönlü siyasət yürüdüb. Müharibənin qalibi kimi formalaşan yeni geosiyasi reallıqların düzgün qiymətləndirilməsi, Azərbaycanın diplomatik fəallığının genişlənməsi, xüsusilə Prezident İlham Əliyevin bölgədə sülhün yalnız hərbi nəticələrlə deyil, rasional siyasi və iqtisadi hesablamalarla möhkəmləndirilə biləcəyini vurğulaması prosesə strateji məzmun qazandırıb. Dövlətimizin başçısının müxtəlif platformalarda səsləndirdiyi sülh çağırışları Ermənistan üçün daha çox iqtisadi üstünlüklər yaradır fikri faktiki olaraq yeni dövrün siyasi fəlsəfəsini müəyyənləşdirir. Yəni, Ermənistanın inkişaf imkanlarının açılması birbaşa regionda sabitlikdən keçir.
Paraflanmış saziş Cənubi Qafqazın gələcəyini müəyyən edəcək
Bu kontekstdə 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə sülh sazişinin mətninin paraflanması Cənubi Qafqazda uzun müddətdir gözlənilən siyasi transformasiyanın real mərhələyə daxil olduğunu göstərdi. Bu addım təkcə iki dövlət arasında razılaşdırılmış sənəd deyil, həm də onlar üçün gələcək onilliklərin təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək strateji çərçivə kimi qəbul olunur. Sazişin əsas komponentləri ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, regional kommunikasiyaların açılması, humanitar normallaşma və qarşılıqlı təhlükəsizlik qarantlarının formalaşdırılması münaqişə sonrası düzənin mahiyyətini ifadə edir. Bu müddəalar həm Ermənistanın uzunmüddətli izolyasiyadan çıxmasını, həm də Azərbaycanın regionda davamlı inkişaf və təhlükəsizlik strategiyasını həyata keçirməsini təmin edə bilər.
İrəvan üçün sülh sənədi “strateji müqavilə”yə çevrilir
Ermənistanın baş naziri Nikol Paşinyanın paraflanma mərhələsindən sonra səsləndirdiyi proses icra mərhələsinə keçir mesajı İrəvan üçün bu sazişin adi diplomatik sənəd olmadığını göstərir. Paşinyanın açıqlamalarında sülh sazişi “strateji müqavilə” adlandırılır və Ermənistan üçün yeni siyasi identitetin formalaşdırılması baxımından mühüm vasitə kimi qiymətləndirilir. Dövlət kimi uzun müddət münaqişə xətti üzərində qalmış Ermənistan bu gün təhlükəsizliyi təmin etməyin yeganə yolunu regionda qarşıdurma mühitinin deyil, əməkdaşlıq platformasının qurulmasında görməyə başlayır. Bu baxış həm də Ermənistan rəhbərliyinin Qərbə inteqrasiya kursu ilə üst-üstə düşür.
Revanşizm köhnə düşüncə tərzini qorumağa çalışır
Lakin bu siyasi istiqamətin daxili mühitdə ciddi müqavimətlə qarşılanması Ermənistanın ən böyük çətinliyidir. İllərdir revanşizmlə qidalanan müxalif qüvvələr Paşinyanın siyasətini “təslimçilik” adlandırır və onun sülh xəttini “dövlətçiliyin təhdidi” kimi təqdim etməyə çalışırlar. Məhz buna görə Paşinyan hakimiyyəti sülh danışıqlarını yalnız diplomatik masa deyil, eyni zamanda, daxili legitimliyin möhkəmləndirilməsi üçün vasitə kimi qiymətləndirir. Baş nazirin son çıxışlarında daxili legitimlik fundamental məsələdir fikrinin vurğulanması həm prosesin nə qədər həssas olduğunu, həm də Ermənistan rəhbərliyinin qarşılaşdığı siyasi riskləri açıq şəkildə ortaya qoyur.
Konstitusiya ətrafında gərginlik Ermənistanın siyasi dilemmasını üzə çıxarır
Daxili siyasi gərginliyin mühüm elementlərindən biri də Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsidir. Azərbaycan tərəfi haqlı olaraq rəsmi İrəvandan işğalçı dövlətinin konstitusiyasında yer alan və vaxtilə separatizmi təşviq edən “Dağlıq Qarabağ”a dair müddəaların aradan qaldırılmasını tələb edir. Bu tələb beynəlxalq hüquq normalarına tam uyğundur və Ermənistanın gələcəkdə hər hansı ərazi iddiası irəli sürməsinin qarşısını almaq üçün hüquqi təminat yaradır. Lakin belə bir dəyişiklik Paşinyan üçün həm parlament müstəvisində, həm də ictimai rəydə ciddi müqavimət riski daşıyır. Buna baxmayaraq, Ermənistan mediasının son açıqlamalarından göründüyü kimi, Paşinyan yeni konstitusiyanın qəbulunu zəruri hesab edir və bunu ölkənin sabitliyi üçün vacib hesab edir.
Azərbaycanın real addımlara əsaslanan sülh fəlsəfəsi bölgədə yeni dinamika yaradır
Azərbaycan isə sülh prosesini sürətləndirmək və onun real nəticələrə çevirmək üçün paralel diplomatik və praktiki addımlar atır. Regionda kommunikasiya xətlərinin açılması, sərhəd məntəqələrinin fəaliyyətinin optimallaşdırılması, tranzit və yükdaşımaların fasiləsiz təmin olunması Bakı tərəfindən həm etimad quruculuğu, həm də iqtisadi potensialı artırmaq üçün atılan addımlardır. Azərbaycan Ermənistanın yükdaşıma ehtiyaclarına maneə yaratmamaqla həm iki ölkə arasında etimadın artmasına, həm də regionun iqtisadi inteqrasiyasına töhfə verir. Bu addımlar Bakının sülhün yalnız sənəd üzərində deyil, real həyatda tətbiq olunan siyasət olmasına böyük önəm verdiyini göstərir.
Sülh diplomatiyasının daha bir mühüm istiqaməti ictimai diplomatiyadır. Azərbaycan QHT nümayəndələrinin İrəvana səfəri və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin Bakıya gəlişi uzun illər davam etmiş təcrid və qarşılıqlı mənfi təsəvvürlərin aradan qaldırılması üçün unikal platforma yaradır. Bu cür qarşılıqlı səfərlər bir tərəfdən iki ölkənin ictimai rəyinin yumşalmasına, digər tərəfdən, münaqişənin psixoloji yükünün azalmasına kömək edir. İctimai diplomatiyanın fəallaşması həm də sülh prosesinin artıq yalnız dövlət başçıları səviyyəsində deyil, cəmiyyətlər arasında da getdiyini göstərir. Cənubi Qafqaz kimi həssas region üçün ən davamlı sülh modeli məhz xalqlar arasında formalaşan etimad mühiti üzərində qurula bilər.
Regional proseslərin mürəkkəbliyi danışıqların asan olmayacağını sübut edir. Cənubi Qafqaz qlobal aktorların maraqlarının toqquşduğu məkan olduğuna görə sülh prosesinə müdaxilə cəhdləri daim mövcud olacaq. Bu gün Ermənistan müxalifəti sülhə qarşı aktiv şəkildə çıxış edən əsas qüvvədir. Onların mitinqləri, kütləvi çağırışları və Paşinyanın istefası tələbləri İrəvanın siyasi manevr imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, Ermənistanın geosiyasi balansı dəyişmək cəhdi Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmaq və ABŞ-ın region siyasətində fəallığının artması – sülh prosesini həm motivasiya edir, həm də çətinləşdirir. Rusiya ilə münasibətlərin soyuması, KTMT-dən faktiki olaraq uzaqlaşma cəhdləri, Qərb institutları ilə əməkdaşlığın genişlənməsi regionun gələcək təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır.
Tarixi mərhələ yeni regional nizamın konturlarını formalaşdırır
Bütün çətinliklərə baxmayaraq, Cənubi Qafqazda sülhün təmin edilməsi region üçün misilsiz imkanlar yarada bilər. Sərhədlərin açılması, ticarətin genişlənməsi, yeni nəqliyyat marşrutlarının formalaşması, xüsusilə Ermənistan kimi kiçik iqtisadiyyat üçün geniş inkişaf imkanları açır. Regional əməkdaşlıq modellərinin güclənməsi Cənubi Qafqazı uzun illərdir rəqabət meydanı kimi tanınan siyasi məkandan əməkdaşlıq platformasına çevirə bilər.
Bu gün Azərbaycan–Ermənistan sülh prosesi tarixi mərhələyə daxil olub. Sazişin mətni razılaşdırılıb, tərəflər siyasi iradə nümayiş etdirir, regionda sülhün təmin olunması üçün real fürsətlər mövcuddur. Danışıqların uğurla tamamlanması yalnız diplomatik iradə deyil, həm də cəsarət, strateji uzaqgörənlik və regional sabitliyi qorumaq bacarığı tələb edir. Bu mürəkkəbliklərə baxmayaraq, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması artıq yalnız arzu deyil, reallığa çevrilməkdə olan prosesdir. Bu prosesin sonu illərlə davam etmiş gərginliyin yerini əməkdaşlıq, etimad və iqtisadi tərəfdaşlığın tutacağı yeni regional nizamın formalaşması ola bilər və olmalıdır. Başqa yol yoxdur.
Nigar Orucova, "İki sahil"
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil