27 noyabr 2025 01:58
76

Paşinyan ilanın yuvasına çöp uzadır...

Ötən hər gün Ermənistanı gələn ilin yayında keçiriləcək parlament seçkilərinə yaxınlaşdırdıqca hakimiyyət uğrunda siyasi mübarizə daha da qızışır. Seçkilərdə iddialı baş nazirin qarşısını kəsməyə cəhd edən qüvvələrdən biri də Erməni Apostol Kilsəsinin katolikosu Ktrıc Nersisyanın (II Qaregin) başçılığı altındakı kilsə agentura şəbəkəsidir. Onların məqsədi qonşu ölkələrin ərazilərini işğal etməklə “böyük Ermənistan” xəyallarını reallığa çevirməkdir. Cırtdan bir qondarma dövlətin vətəndaşlarının belə axmaq məqsəd üçün vurnuxması absurd və gülüncdür. Məlumdur ki, başqalarının ərazilərini zəbt etməklə öz ərazisini genişləndirmək kimi təcavüzkar məqsədin müəllifi kilsədir.  İdmanda buna “boyundan yuxarı hoppanmaq” deyirlər. Ancaq hazırkı baş nazir Nikol Paşinyan isə xəyali Ermənistan deyil, real Ermənistan siyasəti ilə onlara qarşıdır.

Erməni kilsəsi ilə savaş vəziyyətində olan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Eçmiədzin bələdiyyəsində 33 yerdən 19-na sahib olması Paşinyan hakimiyyətinin sosial dayaqlarının güclü olduğunu büruzə verir. Üstəlik, Ermənistanın dini mərkəzi hesab olunan bir şəhərdə belə kilsənin siyasi təsir mexanizmlərinin artıq əvvəlki kimi işləmədiyini təsdiqləyir. Bu, Ermənistan daxilində dərin siyasi-ictimai struktur dəyişikliyinin simptomu olmaqla yanaşı, Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında uzunmüddətli amansız qarşıdurmanın real nəticəsidir. Kilsənin xarici dövlətin mənafeyinə qulluq etməsi artıq sirr deyil və ona görə də nüfuzunu itirib. Araqarışdıran bir neçə keşiş tutlaraq həbsə atılıb. İndi 74 yaşlı qoca katolikos xaricdən ona verilən siyasi sifarişi yerinə yetirmək üçün sadəcə dirəniş göstərir.

 Baş nazir Nikol Paşinyan bildirib ki, hökumətin maraqlarının təmin ediməsi məqsədi ilə xüsusi bir dini qrup formalaşdırılıb. Nikol Paşinyan da ermənidir, lakin o, qızışdırıcı mövqe tutan kilsənin bir əsr geridə qaldığını, yüz il əvvəlki təsəvvürdə olmasını sərt tənqid edir. Təbii ki, cəmiyyətdə dərin kök salmış ziyankar kilsəyə qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil. Ona görə də baş nazir müasir düşüncəli xüsusi dini qrup yaratmağa məcbur qalıb.

“Joxovurd” qəzeti öz mənbələrinə istinadla yazır ki, həmin dini qrup katolikos II Qareginin əleyhinə plan hazırlayır və onu həyata keçirmək üçün düşünülmüş tədbirlər görür.

Qəzetin məlumatına görə, bu dini qrupun üzvləri daxili müzakirələr zamanı katolikosun ətrafındakı şəxslərin günahlarına görə başlayan anti-kilsə kampaniyası haqqında mütəmadi danışmalıdırlar. Kilsənin siyasətə qarışmasını, qanunsuz aksiyalar təşkil etməsini ifşa etməlidirlər. Mənbələr iddia edir ki, bu fəaliyyətlər Ermənistan Apostol Kilsəsi daxilində narazılığa səbəb ola və katolikos II Qaregin əleyhinə etirazları gücləndirə bilər. Nəticədə onun Etçmiədzindəki iqamətgahını tərk etməyə məcbur olacağı ehtimal edilir. Ancaq erməni həyasızlığı dünyada “məşhurdur”, II Qareginin vəzifədən üzü sulu gedəcəyinə qətiyyən inanmaq olmaz. Çünki kilsə rəhbərləri həmişə özlərini dövlət başçılarından da üstün tutublar.

Qəzet Nikol Paşinyanın özəl görüşlərində kilsəyə təzyiqin yaxın zamanda artacağını və hökumətin arzuladığı nəticələri əldə edəcəyini bildirdiyini yazır. Ancaq bu da inandırıcı deyil, çünki dini rəhbərin dayaqları hələ möhkəmdir.

Mənbələr, həmçinin bildirirlər ki, katolikos tərəfindən dini statusdan məhrum edilmiş Ata Ter Aram (Stepan Asatryan) hökumətin təşkil etdiyi bu qrupun rəhbəri olacaq və katolikosun əleyhinə çıxışlar edəcək. Katolikosun şəxsi düşməni olan Ter Arama hökumət tərəfindən istədiyi şəkildə hərəkət etmək üçün bütün zəmanətlər verilib. Məqsəd isə Ermənistanı müharibə poliqonuna çevirmək niyyətində olan xarici dövlətlərin sifarişini yerinə yetirən katolikosun vəzifəsindən uzaqlaşdırılması, Eçmiədzin iqamətgahından çıxarılması və vəzifəsindən kənarlaşdırılmış Stepan Asatryanın kilsəyə geri qaytarılmasıdır. Əgər o, dini rəhbər olarsa Ktrıc Nersisyanın bütün tərəfdarlarını dağıdacağına heç bir şübhə ola bilməz. Bir sözlə, Stepan Asatryan kilsədən katolikosun “izini qaşıyıb” atmağa çalışacaq. Bu, olduqca çətin missiyadır. Çünki katolikosun arxasında revanşistlər, daşnaklar, erməni lobbilərinin imkanlı şəxsləri var. Onlar uzun illərdir ki, Ermənistanın ayaqda qalması üçün milyonlar axıdırlar. Amerikadan, Rusiyadan, Hindistandan, Fransadan, Suriyadan, Livandan və digər ölkələrdən ianə və yardım adı altında göndərilən külli miqdarda pullar türklərlə “mübarizəyə” sərf olunur. Daşnak əhval-ruhiyyəli bəzi iddialı xarici ermənilər II Qareginin öz vəzifəsində qalması üçün heç nəyi əsirgəmirlər. Üstəgəl, əllərinin altında terror qrupları hazır vəziyyətdə əmr gözləyirlər. Belə işlər cinayətkar erməni toplumunun “sağ əlindən” gələn işlərdir. Yəni, katolikosun bir fitvası ilə terrorçu qrupları hərəkətə gətirə bilər. Belə nadürüstlüklər ermənilərin tarixində yüz illərdir ki, davam etməkdədir, çünki namərdlik bunların qanındadır. “Ümumi iş” üçün lazım gələndə öz yaxınlarını belə qurban verməyə hazırdırlar. 1999-cu və 2008-ci illərdə olduğu kimi.

1999-cu il terroru nəticəsində o dövdəki baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçiyan, vitse-spikerlər Yuri Baxsıyan və Ruben Miroyan, təcili işlər naziri Leonard Petrosyan, deputatlar Henrik Abrahamyan, Armenak Armenakyan və Mixail Kotanyan 5 nəfər silahlı şəxs tərəfindən gülləbaran edilərək vəhşicəsinə öldürüldülər. Ermənistan parlamentinin ən azı 30 nəfər üzvü ağır və ya yüngül dərəcədə yaralandı.

Ona görə ki, onlar “Qarabağ klanının” hakimiyyətdən uzaqlaşdırılmasının, ölkədə islahatlar aparılmasının,  Azərbaycanla münaqişənin dayandırılmasının və danışıqlar aparılmasının tərəfdarları idilər. Ancaq işğalın uzanmasında maraqlı olan bəzi xarici və daxili qüvvələr bunun qarşısını qanla aldılar.

Şübhəsiz ki, Nikol Paşinyan da mənsub olduğu toplumun cinayətkar xarakterinə dərindən bələddir və özünü kilsədən, terror aktından qorumağı çoxdan planlaşdırıb. Belə olmasaydı yüz illər fitnə-fəsad yuvası kimi tanınan kilsə ilə qarşıdurmaya getməz, necə deyərlər, “ilanın yuvasına çöp uzatmazdı.”

Bu hadisələr nifaq yuvası Eçmiədzin kilsəsi və hökumətin arasında gərginliyin daha da dərinləşdiyini göstərir. İnandırıcı faktdır ki, Ktrıc Nersisyanın nə qədər pulu, ölkədə və xaricdə nə qədər tərəfdarı olsa da sonda məğlubiyyətə məhkumdur. El dilində desək, dövətlə çiling-ağac oynamaq olmaz.

Vəli İlyasov, “İki sahil”