Bu rayonun yağı düşmən tapdağından qurtulmasından beş il ötür
Azərbaycanın dövlətçilik tarixində Laçın rayonu həm coğrafi mövqeyi, həm də siyasi-strateji əhəmiyyəti ilə seçilən mühüm məkanlardan biridir. Qədim yaşayış məskəni olan bu diyar 1923-cü ildə şəhər statusu almış, 1930-cu ildə isə inzibati rayon kimi formalaşdırılmışdır. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Bu sərhəd mövqeyi Laçını qısa müddət ərzində strateji əhəmiyyət daşıyan bölgələrdən birinə çevirdi. 1 şəhər, 1 qəsəbə, 125 kəndə sahib rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Laçın rayonunun ərazisi zəngin təbii resurslarla, geniş yaylaq və meşə sahələri ilə yanaşı, tarixi-mədəni abidələrin çoxluğu ilə də diqqət çəkir. Lakin bu gözəl diyarın taleyinə XX əsrin sonlarında ağır sınaqlar yazıldı.
1992-ci ilin mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğalı Azərbaycan tarixində ən faciəli səhifələrdən biri oldu. Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Yüzlərlə sosial obyekt, təhsil və səhiyyə müəssisələri, sənaye sahələri, mədəniyyət ocaqları dağıdıldı, qiymətli tarixi abidələr vandalizmə məruz qaldı. Şübhəsiz ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdi. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı. Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi. Nəticədə Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdı.
2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər Laçın üçün də tarixi dönüş nöqtəsi oldu. 10 noyabrda imzalanmış üçtərəfli Bəyanata əsasən 1 dekabr 2020-ci il tarixində Laçın rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Daha sonra 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Bununla da tarixi ədalət bərpa edilərək 30 ilə yaxın davam edən ədalətsizlik aradan qaldırıldı.
Bu gün Azərbaycanın azad edilmiş digər torpaqları kimi Laçın da yenidən qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Laçına ilk sakinlər geri dönüb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə burada müasir infrastruktur layihələri həyata keçirilir, eyni zamanda, işğalın vurduğu yaralar sağaldılır, Laçın əvvəlkindən də güclü bir mərkəzə çevrilir. Şəhərin yenidən qurulması, infrastruktur layihələrinin həyata keçirilməsi, sosial-mədəni mühitin bərpası Laçını Azərbaycanın müasir simasına uyğun şəkildə inkişaf etdirir.
Laçın rayonu təkcə strateji mövqeyi ilə deyil, həm də enerji imkanları ilə seçilir. Rayon ərazisində ümumi gücü 65,5 MVt, illik 194 milyon kilovat-saat istehsal potensialı olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Güləbird SES istifadəyə verilmiş, daha sonra “Ağbulaq”, “Mişni”, “Alxaslı” kimi stansiyalar bərpa olunmuşdur. 2023–2025-ci illərdə istifadəyə verilən “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” SES-ləri isə ölkəmizin yaşıl enerji strategiyasına töhfə verir. Laçında inşa edilən yeni avtomobil yolları, xüsusən də 75,8 kilometrlik Kəlbəcər-Laçın yolu bölgənin inkişafında həlledici rol oynayacaq. Bu yolun üzərində 17 tunel və 23 körpünün tikilməsi yalnız texniki göstəricilər baxımından deyil, həm də Laçının regionun nəqliyyat mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2025-ci ilin 28 mayında istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın mühüm strateji nailiyyətlərindən biridir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən və ölkəmizdə ən yüksək aeroport olan bu hava limanı həm strateji hərbi-siyasi, həm də turizm baxımından böyük imkanlar açır. Uçuş-enmə zolağının 3 min metr uzunluqda olması istənilən tip hava gəmisinin qəbuluna şərait yaradır. Laçın, Şuşa və Kəlbəcər istiqamətlərinə yaxın yerləşməsi isə regionun beynəlxalq inteqrasiyasını möhkəmləndirir.
Laçının Baş planı müasir urbanizasiya prinsiplərinə əsaslanır. 258 hektar ərazidə fərdi evlər, çoxmənzilli yaşayış binaları, məktəb, xəstəxana, muzey, mədəniyyət və turizm obyektləri inşa edilir. “15 dəqiqəlik şəhər” prinsipi isə bütün gündəlik tələbat obyektlərinin yaxın məsafədə yerləşməsini təmin edərək həm sakinlərin rahatlığını, həm də ekoloji dayanıqlığı nəzərdə tutur. Şəhərdə müasir standartlara cavab verən 626 fərdi ev, 138 mənzil və 87 qeyri-yaşayış sahəsi artıq sakinlərin ixtiyarındadır. Hazırda burada tikinti və bərpa işləri davam etdirilir, yüzlərlə yeni evin istifadəyə verilməsi planlaşdırılır.
Laçının turizm potensialı xüsusi diqqət mərkəzindədir. 2025-ci ildə açılışı olan “Laçın” İstirahət Kompleksi həm yerli, həm də xarici turistlər üçün yüksək standartlı xidmət təqdim edir. Mehmanxana, kotteclər, konfrans və ziyafət zallarından ibarət bu məkanda yüzlərlə insan işlə təmin olunmuşdur. Laçında turizm infrastrukturuna çaykənarı bulvar, asma körpü, göl, çimərlik və kanat yolu da daxildir. Bu layihələr həm əhalinin istirahətini, həm də turizmin inkişafını təmin edir.
2025-ci ildə isə Laçının beynəlxalq mədəni statusu daha da gücləndi – MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın “MDB-nin mədəniyyət paytaxtı” elan edildi. İyun ayında keçirilən açılış mərasimi Laçının mədəni inteqrasiyasının rəsmi təsdiqi oldu.
Prezident İlham Əliyevin Laçına səfərləri rayonda bərpa-quruculuq işlərinin miqyasını və strateji əhəmiyyətini əks etdirir. 2021-ci ildən etibarən keçirilən səfərlər zamanı Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, hava limanının və əsas infrastruktur layihələrinin təməlinin qoyulması, elektrik yarımstansiyaları, su anbarları və tunellərin inşası kimi mühüm layihələr reallaşdırılıb. Sonrakı illərdə şəhərin Baş planı təqdim olunub, məktəblər, sənaye zonası, mebel və tikiş fabrikləri, balıqçılıq təsərrüfatı, mehmanxana və istirahət kompleksləri açılıb, kəndlər bərpa olunaraq sakinlərə evlər təqdim edilib. Cari ildə isə Laçın Beynəlxalq Hava Limanının açılışı, kanat yolunun təməlqoyması və beynəlxalq Zirvə görüşünün keçirilməsi Laçının təkcə Azərbaycan üçün deyil, region üçün də mühüm strateji və siyasi mərkəzə çevrildiyini təsdiqləyib.
Laçın bu gün bərpa və quruculuğun, milli həmrəyliyin və qayıdışın rəmzi kimi öz tarixində yeni bir səhifə açır. Burada görülən işlər ölkəmizin gücünü, dövlət siyasətinin məqsədyönlülüyünü və xalqın doğma yurduna bağlılığını nümayiş etdirir. Laçının dirçəlişi bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf yolunun aydın göstəricisinə çevrilmişdir.
Sevinc Azadi, “İki sahil”
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil