27 noyabr 2025 02:29
66

İnteqrasiya xəttinin əsas sütunlarından biri - Zəngəzur dəhlizi

Son illərdə beynəlxalq logistika xəritəsində yeni marşrutlar formalaşır ki, bu istiqamətlərdən biri də Cənubi Qafqazı Avropa və Asiya arasında strateji körpüyə çevirəcək Zəngəzur dəhlizidir (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP).  Odur ki, ölkəmizi Naxçıvanla, eyni zamanda, Türkiyə və bütövlükdə Avropa ilə birləşdirəcək bu marşrut rəsmi Bakının təşkil etdiyi bütün tədbirlərdə prioritet təşkil edir. Noyabrın 24-də Bakıda öz işinə başlayan və sonradan Naxçıvanda davam etdirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda da Zəngəzur dəhlizi diqqət mərkəzində olub. Məsələn, “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçirilən panel müzakirəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk dünyasını birləşdirən strateji körpü rolunu oynayacaq Zəngəzur dəhlizinin həm coğrafi, həm iqtisadi, həm də geosiyasi baxımdan olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, tarix boyu yaşanan bəzi hadisələr xalqların taleyini dəyişdiyi kimi, dünya iqtisadiyyatına mühüm faydalar gətirəcək, qlobal ticarət yollarını daha da şaxələndirəcək Zəngəzur dəhlizinin fəaliyyətə başlaması region üçün tarixi bir dönüş nöqtəsi olacaq. Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov isə bu layihənin təkcə iki dövlət üçün deyil, həm də region ölkələri, o cümlədən Mərkəzi Asiya üçün də önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, Zəngəzur dəhlizi ideyası Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinin nəticəsi olaraq meydana çıxıb. Belə ki, bu, müharibənin yekunlarını təsdiqləyən və Ermənistan üçün kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Amma Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min hoqqadan çıxıb. Amma ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması,  Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Donald Trampın “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmaları Zəngəzur dəhlizi məsələsini daha da aktuallaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elisоn Huker Zəngəzur dəhlizi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan arasında əməkdaşlıq məsələlərini müzakirə edib. O, bu görüşlərdə ABŞ-ın Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu üzrə işlərin sürətləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Orta Dəhlizin bir hissəsi olan TRIPP-in fəaliyyətinin təmin edilməsi üçün dövlətimiz tərəfindən əməli addımlar atılır. Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Prezident Kasım-Jomart Tokayev ilə mətbuata birgə bəyanatında demişdir: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu da o deməkdir ki, Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevriləcək Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında önəmli rol oynayacaq. Başqa sözlə desək, bu dəhliz Mərkəzi Asiyadan Anadoluya, Xəzərdən Aralıq dənizinə uzanan inteqrasiya xəttinin, eləcə də yeni Avrasiya geosiyasətinin əsas sütunlarından birinə çevriləcək. Dəhlizin açılması, həmçinin Azərbaycanın tranzit imkanlarını genişləndirərək, ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində rolunu daha da gücləndirəcək. Şübhəsiz, həm də regionda davamlı sülhə və iqtisadi əməkdaşlığa töhfələr verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”