09 dekabr 2025 15:44
95

Bakı və Bratislava arasında əməkdaşlıq sabitliyə, investisiya imkanlarının inkişafına yönəlib

Avropa ölkələri Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlığı genişləndirmək istiqamətində praktik addımlar atır. Mərkəzi Avropa ölkələrindən biri – Slovakiya da Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin bu ölkəyə ilk rəsmi səfəri zamanı bu istiqamətdə effektiv müzakirələr aparıldı. Məlum olduğu kimi, ölkələrimiz ötən il Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə imzalayıb ki, bu da münasibətləri yeni səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr əməkdaşlığın perspektivlərini də müəyyən edir.”

Rəsmi Bakı və Bratislava arasında əməkdaşlıq regionun sabitliyinə, investisiya imkanlarının inkişafına yönəlib.

Yeri gəlmişkən, ötən il Slovakiya Prezidenti Azərbaycanın ev sahibliyi etdiyi COP29-a qatılıb və bu çərçivədə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri ətrafında müzakirələr aparılıb.

Slovakiya dövlət başçısı Peter Pelleqrin də cənab Prezidentlə görüşdə bildirdi ki, ölkəsi Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir.

Azərbaycan–Slovakiya münasibətləri həm də Aİ ilə əməkdaşlıq kontekstində vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın strateji tərəfdaş kimi Aİ üçün əhəmiyyəti ilbəil artır, bu xüsusda Slovakiya ilə ikitərəfli əməkdaşlıq bu prosesə əlavə töhfə vermiş olur. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib. Dövlət başçımız bildirdi ki, Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Cənab Prezident onu da bildirdi ki, artıq 14 ölkəyə qaz ixrac edən Azərbaycan yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə edəcək ki, bununla da Slovakiya və onun qonşularına qaz təchizatı daha böyük həcmdə mümkün olacaq.

Slovakiya həm də müstəqil xarici siyasət aparan dövlətdir. Bu faktor da Bakı ilə Bratislavanın ortaq cəhətlərindəndir. Təsadüfi deyil ki, bu ölkənin baş naziri Robert Fitso ötən il Azərbaycana səfəri zamanı cənab Prezidenti “suveren xarici siyasətin tərəfdarı, beynəlxalq hüququ müdafiə edən, praqmatik şəxsiyyət” adlandırmışdı. O, bu kontekstdə Aİ-nin bəzi hallarda digərlərinə təlimat verməsinə eyham vuraraq ölkəsinin heç vaxt heç bir dövlətin daxili işlərinə qarışmadığını bəyan etmişdi. Azərbaycan üçün də dövlətlərin daxili işlərinə qarışmamaq ən əsas prinsiplərdən biridir.

Rəsmi Bratislava Azərbaycanla Avropa İttifaqı arasında körpü olmağa hazırdır və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək niyyətindədir.

Tərəflərin marağında olan əsas əməkdaşlıq sahələrindən biri də müdafiə sənayesi sahəsidir. Özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində böyük təcrübəyə malik olan Slovakiya ilə Azərbaycan üçün texnologiya ötürülməsi və birgə istehsalın üzərində işləmək, birlikdə istehsal edilən məhsulları üçüncü ölkələrə satmaq əsas prioritetlərdən biridir.

Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edən şirkətlər arasında Slovakiya da var. Belə ki, slovak şirkəti Qarabağda “ağıllı kənd” inşasında öz təcrübəsini bölüşür.

Hesab edirəm ki, cənab Prezidentin Slovakiyaya səfəri iki ölkə arasında əməkdaşlıqda yeni, mühüm bir mərhələnin başlanğıcı olacaq.

Nigar Məmmədova,
​Milli Məclisin deputatı