11 dekabr 2025 01:58
201

Rəsmi İrəvan sülhə əngəl olan addımlar atmaqdan çəkinməlidir

Hazırda Cənubi Qafqaz real sülh mərhələsinə qədəm qoyub. Azərbaycan sülh prosesinə töhfə vermək üçün ciddi addımlar atır. Rəsmi Bakı regionda sülhün və sabitliyin təmin olunması məqsədilə səylərin və imkanların səfərbər edilməsi üçün ciddi addımlar atır. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews” kanalına verdiyi müsahibədə bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh qlobal kontekstdə nadir uğur nümunəsidir. Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər “mövcud fikir ayrılıqlarını kənara qoyaraq” sülhə doğru irəliləmək barədə qərar veriblər: “Brüsseldə görüşmək üçün yaxşı imkan yarandı. Bundan sonra liderlərimiz sülh yoluna keçmək və mövcud fikir ayrılıqlarını kənara qoymaq qərarı verdilər. Birgə sülh prosesi münaqişələrlə dolu qlobal kontekstdə nadir uğur hekayəsidir”.

O vurğulayıb ki, tərəflər artıq münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə qədəm qoyub. Hikmət Hacıyev bildirib ki, sülh yeni iqtisadi imkanları açacaq və regionu birgə inkişaf dövrünə çıxaracaq: “İndi isə Azərbaycan və Ermənistan regionda böyük iqtisadi inkişaf səhifəsi açır və bu hər iki xalqın maraqlarına xidmət edir”.

Həmçinin beynəlxalq sülh və rifah üçün “Tramp marşrutu”nun strateji əhəmiyyət daşıdığını vurğulayan H.Hacıyev bildirib ki, bu maşrut Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə vurğulayıb ki, hər iki ölkənin rəhbərlikləri “regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlər hazırlamağa” çalışıblar: “Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik. Biz məhz bu istiqamətdə irəliləyirik və bunun ən real sübutu Hacıyevlə Dohada eyni studiyada oturmağımızdır”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sülh prosesinin başlaması regionda yeni vəziyyət yaradıb”. O, həmçinin qeyd edib ki, sülh dövrünə qədəm qoymaq Bakı və İrəvan üçün böyük nailiyyətdir. Baş nazir Azərbaycanın öz ərazisindən İrəvana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına toxunaraq bildirib ki, Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını yüksək qiymətləndirirlər. O, həmçinin vurğulayıb ki, bu, müstəqil Ermənistanın tarixində görünməmiş bir hadisədir: “Çünki bu, çox vacib və müsbət bir hadisədir. Cəmi bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə indi reallığa çevrilib: taxıl Qazaxıstandan Ermənistana dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə daşınıb. Ermənistan həm siyasi, həm də texniki cəhətdən bu gün Türkiyə ilə Azərbaycan arasında yük daşımalarını açmağa və öz ərazisindən keçməsinə icazə verməyə hazırdır. Əminəm ki, sülhün bərqərar olması üçün gündəlik çalışmaqla, Vaşinqton Bəyannaməsinin mətninə və ruhuna riayət etməklə və bu prosesi poza biləcək fikirləri rədd etməklə Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında davamlı sülhü təsis edə biləcək”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, Azərbaycanla bütün istiqamətlərdə iş davam edir: “Həm bizim, həm də Azərbaycan tərəfdən müsbət münasibət var. Biz müzakirələri davam etdirməliyik ki, bir-birimizə olan etimadı bərpa edək. Bu, asan deyil, lakin həyata keçirilməsi mümkündür”.

Azərbaycan sülh prosesinə töhfə vermək üçün ciddi addımlar atır.

Ermənistan 8 avqust tarixindən etibarən postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlərə kölgə sala biləcək qeyri-konstriktiv addımlardan çəkinməlidir. Bu mənada 2025-ci il dekabrın 2-də Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən sənədə dair şərhində bildirilib ki, Aİ ilə Ermənistan arasında imzalanan bu sənəd sülh gündəliyinə ziddir. Qeyd olunub ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda Aİ-Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətlə bağlı ciddi suallar yaradır. Bütün bunların fonunda bir daha demək lazımdır ki, Ermənistan sülh prosesinin irəliləməsinə, əldə olunan razılışmalara, deyildiyi kimi, qlobal kontekstdə nadir uğur nümunəsinə əngəl olan addımlar atmaqdan çəkinməli, regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olunması üçün ciddi iradə nümayiş etdirməliddir.

Zahid Rza, “İki sahil”