10 dekabr 2025 23:15
131

Təhsil sistemində dövlət dilinin tədrisi genişləndirilir

Ölkənin gündəmi təhsil sektoru ilə bağlı yeni müzakirələrlə daha da fəallaşıb. Məktəblərdə tədrisin hansı dildə aparılacağına dair yayılan məlumatlar, xüsusilə də bütün fənlərin Azərbaycan dilində keçirilməsi ilə bağlı iddialar ictimai rəydə geniş rezonans doğurub. Məlumatların çoxluğu fonunda rəsmi instansiyalar bildiriblər ki, aparılan dəyişikliklərdə ümumi keçid nəzərdə tutulmur, bu, seçilmiş fənlər üzrə planlı və mərhələli yenilənmədir. Bu yanaşma həm tədris proqramlarının uyğunlaşdırılması, həm də müəllim hazırlığının keyfiyyətinin qorunması məqsədi daşıyır.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, artıq hərbi hazırlıq və musiqi fənləri tədris dilindən asılı olmayaraq, bütün siniflərdə Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Onun sözlərinə görə, məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir: "Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək".

Hazırkı vəziyyət onu göstərir ki, Azərbaycan dili təhsildə daha geniş tətbiq olunmağa doğru gedir. Lakin bu, bütün fənlərə şamil edilmir. Mərhələli strategiya çərçivəsində dövlət dili prioritetləşdirilir və yeni tədris proqramları üzərində iş davam etdirilir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, bu məsələ dövlətin təhsil və dil siyasətində mühüm istiqamət kimi qiymətləndirilə bilər: "Bu qərarın əsas məqsədi Azərbaycan dilinin ölkənin bütün təhsil müəssisələrində tədris və vahid ünsiyyət dili kimi mövqeyini gücləndirmək, eyni zamanda, şagirdlərdə dövlət dili üzrə səriştə və milli özünüdərki möhkəmləndirməkdir. Xüsusilə musiqi və çağırışaqədərki hazırlıq kimi fənlərin məzmun etibarilə milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhu ilə sıx bağlı olduğunu nəzərə alsaq, bu fənlərin Azərbaycan dilində tədrisi məntiqi və məqsədyönlü addım kimi görünür. Xüsusilə qeyd edim ki, hazırda çağırışaqədərki hazırlıq fənni 10-11-ci siniflərdə tədris olunur və tədris Azərbaycan dilində aparılır. 1-5-ci siniflərdə tədris olunan musiqi fənninə dair dərsliklərdə milli mahnılar ana dilində təqdim olunmuşdur. Həmçinin artıq bir neçə ildir ki, Azərbaycan tarixi fənni də tədris dilindən asılı olmadan bütün ümumtəhsil müəssisələrində Azərbaycan dilində tədris olunur."

Pərvinə Qədimovanın sözlərinə görə, digər fənlərin də mərhələli şəkildə Azərbaycan dilində tədrisinin gündəmə gəlməsi isə daha geniş və həssas yanaşma tələb edir: "Bu proses həm də müəllimlərin dil hazırlığı, dərslik və tədris resurslarının keyfiyyəti, eləcə də şagirdlərin mövcud dil bacarıqları nəzərə alınmaqla həyata keçirilməlidir. Əks halda, tədrisin keyfiyyətinə və öyrənmə nəticələrinə mənfi təsir riski yarana bilər.

Ümumilikdə, bu təşəbbüs dövlət dilinin təhsil sistemində mövqeyinin möhkəmləndirilməsi baxımından müsbət qiymətləndirilməlidir. Gözlənilən nəticələrin əldə olunması üçün prosesin mərhələli, sistemli və dəstəkləyici mexanizmlərlə aparılması, xüsusən də müəllim hazırlığına və metodiki təminata xüsusi diqqətin ayrılması vacibdir. Bu halda həm milli dil siyasəti möhkəmlənər, həm də təhsilin keyfiyyəti qorunub saxlanılar."

Şahnigar Əhmədova, "İki sahil"