Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) urbanizasiya, kənd və yaşayış məntəqələrinin gələcəyi baxımından mühüm beynəlxalq platformadır. Biz sevinirik ki, Azərbaycanda yüksək səviyyədə bu cür beynəlxalq forum keçirilir. Bu forum əsasən müasir şəhərlərin, yaşayış məntəqələrinin və kəndlərin inkişafı, yəni urbanizasiya məsələlərinə həsr olunub.
Bunu Qazaxıstanın Jambıl vilayəti Akimatının Mədəniyyət və Dillərin İnkişafı İdarəsinin Tarixi-Mədəni Abidələrin Mühafizəsi və Bərpası Direksiyasının direktoru, arxeoloq Sauran Kaliev “İki sahil”ə özəl müsahibəsində söyləyib.
O, bildirib ki, bu forum çox vacibdir, çünki bəzi kəndlərdə insanlar yaşayır, lakin həmin kəndlər tədricən boşalır və insanlar böyük şəhərlərə köçürlər. Bu isə düzgün deyil. İmkan varsa, şəhərləri və kəndləri məhz yerində inkişaf etdirmək lazımdır.
Müsahibimiz qeyd edib ki, hazırda süni intellekt və innovativ texnologiyalar hər bir yaşayış məntəqəsinin inkişafına geniş imkanlar yaradır. Çünki kəndlər bizim xalqlarımızın köküdür. Ona görə də belə yaşayış yerlərini tərk etmək olmaz. İmkanlar var, müxtəlif variantlara baxmaq, əhalinin bərpası üçün innovativ layihələr həyata keçirmək lazımdır.
Arxeoloq vurğulayıb ki, Azərbaycanda təbii şərait çox əlverişlidir və inkişaf üçün böyük imkanlar mövcuddur. Qazaxıstanda da vəziyyət oxşardır. Hazırda ekoloji problemlər regionumuzda ciddi təhlükə yaradır. Bəzi insanlar yaşayış yerlərini tərk edir, bəzi ərazilərdə isə həyat şəraiti çətinləşdiyi üçün şəhərlər bərpa olunur. Bu forum isə regionların necə inkişaf etdirilməsi mexanizmlərini araşdırır. Təkcə qlobal problemlər deyil, həm də konkret inkişaf imkanları nəzərdən keçirilməlidir. Mən düşünürəm ki, bu Forum çərçivəsində çox vacib məsələlər müzakirə olunur və həll yolları tapılır.
Müsahib sonda forum çərçivəsində bir çox vacib məsələlərin həlli yollarının araşdırıldığına inandığını bildirib:”Hazırda regionumuzun inkişafı üçün geniş imkanlar yaradılır. Mən inanıram ki, bu problemləri həll etmək mümkündür. Azərbaycana göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”.
Yaqut Ağaşahqızı, “İki sahil”