Tədbir çərçivəsində mükafatlandırılan jurnalist yazı müsabiqəsinin qalibləri sırasında “İki sahil”in əməkdaşı Yaqut Aslanova da var
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi baxımından önəmi, ölkəmizdə bu istiqamətdə həyata keçirilən kompleks islahatlar barədə məlumat verib və bu gün təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib.
Aparat rəhbəri Bəyannamədə təsbit olunmuş hüquq və azadlıqların bir çox dünya dövlətlərinin konstitusiyalarında, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğunu, milli qanunvericiliyin məhz bu prinsiplər əsasında formalaşdığını qeyd edib. Son illər ərzində dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartların Bəyannamədə və digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların təmin olunmasında və müdafiəsində çətinliklər yaratdığı bildirilib.
Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən A.Səfixanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıdışının təmin olunduğunu, onların pozulmuş hüquqlarının bərpa edildiyini diqqətə çatdırıb. Hazırda regionda və dünyada sülhün təmin olunması istiqamətində dövlətimiz tərəfindən mühüm addımların atıldığı, ölkəmizin BMT-nin qətnamələrinin icrasını təmin etdiyi qeyd edilib.
BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi və Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının təşviqi və təmini istiqamətində həyata keçirilmiş tədbirlərdən danışıb, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ölkəmizdə tətbiq olunmasından bəhs ediblər.
Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.
Eyni zamanda, tədbirdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş xüsusi “Fibonacci” intellektual oyunu təşkil olunub.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Konstitusiya və Suverenlik medianın gözü ilə” və “Konstitusiya və Suverenlik uşaqların gözü ilə” mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
“Konstitusiya və Suverenlik medianın gözü ilə” mövzusunda elan edilmiş ənənəvi jurnalist yazı müsabiqəsinə
təqdim olunmuş jurnalist yazılarının ədalətli və peşəkar qiymətləndirilməsi (yazıların plagiat olub olmamasının, yazı sahiblərinin mövzu üzrə biliklərinin yoxlanılması) məqsədilə məqalələrə Ombudsman Aparatının və Mətbuat Şurasının ekspertləri tərəfindən rəy verilib.
Belə ki, müsabiqədə “Report” İnformasiya Agentliyinin müxbiri Şəfiqə Nazimqızı 1-ci yerə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Siyasi və rəsmi xəbərlər redaksiyasının redaktoru Hikmət Əhmədov və “İki sahil” qəzetinin müxbiri Yaqut Aslanova 2-ci yerə, “Azvision.az” saytının müxbiri İlkin Nəcəfzadə və “Minval.az” saytının müxbiri Zarina Orucəliyeva 3-cü yerə layiq görülüb. “AZİA.az” bloqunun rəhbəri Subut Mehdiyev və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Göyçək Mahmudluya isə həvəsləndirici mükafatlar təqdim edilib.
“Konstitusiya və Suverenlik uşaqların gözü ilə” mövzusunda elan edilmiş ənənəvi Uşaq rəsm müsabiqəsində
Uğur Quliyev 1-ci yerə, Fidana Qasımova və Yusif Alişanov 2-ci yerə, Fatimə Həşimova, Şəlalə Həsənli və Nərmin Nuralıyeva 3-cü yerə, 12 nəfər iştirakçı isə həvəsləndirici yerə layiq görülərək diplom və hədiyyələrlə mükafatlandırılıb.
Mükafatlandırma mərasimində rəsm müsabiqəsinin münsifi kimi Azərbaycan Respublikasının Xalq rəssamı Ağali İbrahimov təşəkkürnamə ilə təltif edilib.
Slovakiyanın azad olunmuş ərazilərimizdə əldə etdiyi uğurun rəmzi - “Ağıllı kənd”