12 dekabr 2025 08:36
116

907-ci düzəlişin tam şəkildə ləğvi yenidən gündəmdə

Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi ABŞ Konqresinə təqdim edilib. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır. O bildirib ki, hazırda Azərbaycana hərbi və maliyyə yardımını məhdudlaşdıran 907-ci düzəlişin tam şəkildə ləğvi zəruridir. Konqresmenin fikrincə, mövcud məhdudiyyətlər artıq real vəziyyətə cavab vermir və tərəfdaşlıq münasibətlərinə maneə yaradır. Belə bir addımın atılması həm də Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verə bilər. Yeri gəlmişkən qeyd edək ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin inkişafı müsbət məcraya qayıdıb. ABŞ liderinin öz sosial media hesabında Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından paylaşımlar etməsi, Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim etməsi, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün vasitəçilik təşəbbüsü ilə çıxış etməsi, dövlətimizin başçısı ilə ilk görüşündə 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması iki ölkə arasında dostluq münasibətlərindən xəbər verir. Əminliklə demək olar ki, hazırda Azərbaycan-ABŞ münasibətləri günün tələbləri səviyyəsindədir. Donald Tramın bir neçə gün öncə Prezident İlham Əliyevə göndərdiyi məktubunda da bu fakt bir daha təsdiqini tapır: “Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq”.  Bu mənada Trampın “qeyri-mümkün nə varsa” deyiminin arxasında 907-ci düzəlişin tamamilə ləğvi məsələsinin də dayandığı istisna deyil.

Unutmayaq ki, Azərbaycan bu gün geosiyasi baxımdan həm Cənubi Qafqazda, həm də Avrasiya nəqliyyat arteriyalarında əsas keçid nöqtəsinə çevrilib. Orta Dəhliz, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) və digər təşəbbüslər məhz Bakının fəal iştirakına söykənir. Bu mənada demək olar ki, 907-ci düzəlişin birdəfəlik aradan qaldırılması  Amerika üçün faydalıdır. Belə bir addımın gerçəkləşməsi həm də sülh məsələlərini zəhərləmək istiqamətində çalışan erməni lobbisinə dərs olardı. Unutmayaq ki, bu düzəliş erməni diasporunun təsiri altında qəbul edilmişdir.

 Qeyd edək ki, ötən ay da ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Ermənistan və Azərbaycan arasında 30 illik düşmənçiliyə faktiki olaraq son qoyulduğunu, iki ölkə arasında münasibətlərin artıq normal olduğunu əsas gətirərək Konqresi Azərbaycan əleyhinə olan 907-ci düzəlişi tamamilə ləğv etməyə çağırmışdı. Şübhəsiz, bütün bunlar o deməkdir ki, 907-ci düzəlişin tamamilə ləğvi o qədər də uzaqda deyil.  907-ci düzəlişin tamamilə qüvvədən salınması üçün isə Konqresin hər iki palatası – Senat və Nümayəndələr Palatası yeni qanun layihəsini təsdiqləməlidir. Yeri gəlmişkən, Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı demişdir ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

Xatırladaq ki, 1992-ci ildə ABŞ Konqresi rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə gətirərək ölkəmizə Birləşmiş Ştatların dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi. Halbuki o zaman Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş, Qərbi Azərbaycandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və ölkəmiz böyük bir qaçqın və məcburi köçkün axını ilə üzbəüz qalmışdı. 11 sentyabr 2001-ci il hadisələri ilə əlaqədar ABŞ-ın Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə bu düzəliş hər il müvəqqəti olaraq dayandırılsa da, Bayden-Blinken administrasiyası erməni lobbisinin təşəbbüsü ilə bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, ölkəmizə  qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı. Amma bu il Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlıq sayəsində bu düzəliş dondurulub.

Qvami Məhəbbətoğlu, “İki sahil”