18 dekabr 2025 09:42
116

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunub - FOTO

Bakıda İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə aparıcı Rahib Azəri açıb. O, çıxışında Azərbaycanın mədəni irsinin qorunması və təbliği sahəsində görülən işlərin ən bariz nümunələrindən birinin məhz İçərişəhər olduğunu vurğulayıb.

“Düşünürəm ki, harada anadan olmağımızdan asılı olmayaraq, İçərişəhər hər birimiz üçün son dərəcə vacib məkandır. Təsadüfi deyil ki, biz tez-tez “İçərişəhər açıq səma altında muzeydir” deyirik. Bu ifadədə dərin məna var, belə ki, bəzən hər gün yanından keçdiyimiz binalar, küçələr və həyətlər elə bir zəngin tarix və yaddaşı özündə daşıyır ki, onları yenidən kəşf etmək mümkündür”, – deyə aparıcı bildirib. Rahib Azəri qeyd edib ki, bu cür mədəniyyət ocaqlarının təbliği, onların əhəmiyyətinin daha geniş auditoriyaya çatdırılması və dünya sivilizasiyasına verdiyi töhfənin önə çəkilməsi son dərəcə vacibdir. Onun sözlərinə görə, İçərişəhərin qorunması, burada aparılan bərpa işləri yaşayış və fəaliyyət məkanı kimi mövcudluğunu davam etdirməsi bu dəyərlərin saxlanılması üçün xüsusi əhəmiyyət daşıyır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud vurğulayıb ki, dekabrın 2-də bu unikal irs nümunəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 ili tamam olub. Onun sözlərinə görə, yubiley təkcə əlamətdar tarix deyil, eyni zamanda görülən işlərə nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və gələcək istiqamətləri müəyyənləşdirmək üçün mühüm fürsətdir.

Rüfət Mahmud vurğulayıb ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmə hər bir ölkəyə göstərilən nadir və yüksək etimad nümunəsidir, çünki bu siyahıya müstəsna ümumbəşəri dəyərə malik mədəni irs obyektləri salınır.

O, qeyd edib ki, İçərişəhərin bu siyahıya daxil edilməsi təkcə onun qədim tarixi ilə deyil, Şərq və Qərb sivilizasiyalarının qovşağında formalaşmış unikal şəhərsalma strukturu, orta əsr memarlıq ənənələrinin bütöv şəkildə qorunub saxlanılması, eləcə də əsrlər boyu fasiləsiz yaşayış mühitinin mövcudluğu ilə şərtlənir. Məhz bu xüsusiyyətlərə görə, İçərişəhər insan yaradıcılığının dahiliyinin görkəmli nümunəsi və müxtəlif tarixi dövrləri, mədəni təsirləri özündə birləşdirən nadir şəhərsalma məkanı kimi beynəlxalq səviyyədə tanınıb.

Çıxışında Rüfət Mahmud xüsusi olaraq vurğulayıb ki, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə, onun milli-mədəni irsin qorunmasına göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasəti nəticəsində mümkün olub. O, əlavə edib ki, bu gün də İçərişəhərin qorunması və inkişafı istiqamətində işlər Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ardıcıl şəkildə davam etdirilir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, müstəqil Azərbaycanın beynəlxalq mədəni arenadakı mövqeyi milli-mənəvi dəyərlərin qorunması və onların ümumbəşəri irs kimi dünyaya təqdim edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strategiya sayəsində bu gün Azərbaycan UNESCO çərçivəsində ən fəal və nüfuzlu ölkələrdən biri kimi tanınır.

S.Yusifova vurğulayıb ki, UNESCO siyahılarına daxil edilmə Azərbaycan üçün sadəcə formal status deyil: “Bu, xalq olaraq kimliyimizin təsdiqi, dövlətçilik ənənələrimizin qədimliyinə və Azərbaycan xalqının yaradıcılıq ruhuna dair dünyaya ünvanlanan bir mesajdır”.

O, bildirib ki, UNESCO çərçivəsində Azərbaycanın nominasiya olunan obyektlərinin sayı artmaqdadır. Hazırda ölkənin maddi mədəni irs nümunələri Ümumdünya İrs Siyahısında, muğam, aşıq sənəti, xalçaçılıq, Novruz bayramı və digər elementlər isə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında təmsil olunur. Ümumilikdə bu siyahılarda Azərbaycanın 24 irs nümunəsi qeydiyyata alınıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qeyd edib ki, İçərişəhər hər bir azərbaycanlı üçün doğma məkandır: “İçərişəhər bizim yaşayış məkanımız, qürur mənbəyimiz və ən sevdiyimiz guşələrdən biridir. Bu, hər dəfə yenidən açılan, hər dəfə yeni sima göstərən və sirlərini qoruyub saxlayan tarixi məkandır”.

Onun sözlərinə görə, aparılan elmi araşdırmalara, tədqiqat işlərinə, bərpa və konservasiya tədbirlərinə baxmayaraq, İçərişəhər hələ də çoxsaylı açılmamış səhifələri özündə saxlayır: “Əminəm ki, zaman keçdikcə bu sirlər daha dərindən öyrəniləcək, yeni faktlar üzə çıxacaq. Bu isə cəmiyyətin biliklərini zənginləşdirməklə yanaşı, qürur hissimizi daha da gücləndirəcək”.

Tədbirdə çıxış edən Romualdo Del Byanko Fondunun baş katibi Simone Komette bildirib ki, ötən illər ərzində abidələrin qorunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində mühüm işlər görülüb. Vurğulayıb ki, bu cür dünya irsi obyektləri insanları birləşdirir və sülhə xidmət edir.

UNESCO Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibinin vəzifəsini icra edən Mustafa Şabanov qeyd edib ki, bu mövzu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi narahatlıq doğurub. Onun sözlərinə görə, söhbət ayrı-ayrı tarixi binaların qorunmasından deyil, Azərbaycan dövlətçiliyinin əsas rəmzlərindən biri və paytaxtın tarixi simasının ayrılmaz hissəsi olan İçərişəhərin bütöv mədəni mühitinin mühafizəsindən gedirdi.

O, vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi və birbaşa diqqəti sayəsində İçərişəhərin qorunması məsələsi dövlət siyasətinin prioritet istiqamətləri sırasına çıxarılıb. Qısa müddətdə operativ və səmərəli idarəetmə mexanizmləri formalaşdırılıb, İçərişəhər sistemli dövlət mühafizəsinə alınıb.

Mustafa Şabanov əlavə edib ki, yeni idarəetmə modeli çərçivəsində elmi əsaslandırılmış mühafizə və bərpa proqramları hazırlanaraq mərhələli şəkildə həyata keçirilib, risk faktorlarının aradan qaldırılması üçün tədbirlər görülüb. Nəqliyyat yükü və şəhərsalma təzyiqi məhdudlaşdırılıb, abidələrin sistemli monitorinqi və tədqiqi təşkil olunub, mühafizə normalarına riayət gücləndirilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Sonda bu əlamətdar hadisənin 25 illiyi münasibətilə hazırlanmış təbrik videosu nümayiş olunub.

Qeyd edək ki, Bakının tarixi mərkəzi olan İçərişəhər minilliklər boyu formalaşmış zəngin mədəni irsi, unikal şəhərsalma strukturu və nadir memarlıq nümunələri ilə seçilir. Xəzər dənizi sahilində yerləşən, 22 hektar ərazini əhatə edən bu qədim yaşayış massivi Azərbaycanın orta əsr şəhər mədəniyyətinin günümüzədək qorunub saxlanmış azsaylı unikal nümunələrindən biridir.

Tarixi mənbələr və arxeoloji tədqiqatlar İçərişəhər ərazisində yaşayış məskənlərinin hələ tunc dövründən mövcud olduğunu göstərir. Əsrlər boyu formalaşmış küçə şəbəkəsi, qala divarları ilə əhatələnmiş planlaşdırma strukturu, eləcə də şəhərsalma inkişafında dəniz amilinin nəzərə alınması İçərişəhəri yüksək inkişaf etmiş şəhərsalma sənətinin nümunəsinə çevirib. Qız qalası, Şirvanşahlar Saray Kompleksi, qala divarları, məscidlər, karvansaralar və yaşayış evləri bu tarixi məkanın memarlıq bütövlüyünü təşkil edir.