17 dekabr 2025 16:26
239

“Konstitusiya və suverenlik ili” şanlı tariximizə yeni səhifə açacaqdır

Artıq başa vurmaqda olduğumuz 2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik ili” elan edilmişdir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas qanunu olan ilk konstitusiyanın qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci il dönümüdür. Azərbaycan xalqı bu gün əsrlər boyu yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunmuş,  bütün ölkə ərazisində Konstitusiyamız bərqərar edilmişdir. Bu qərar hüququ dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqilliyin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.

Dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendomu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada forma laşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır.

1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazimi təminat vermirdi. Bu səbəbdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-93-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu. Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin  1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. 1995-ci il iyunun 5-də Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası keçirilmişdir. Həmin iclasda geniş nitq ilə  çıxış edən Ulu öndər Heydər Əliyev dövlətimizin Konstitusiya quruculuğu tarixinə geniş şəkildə toxunmuş və qeyd etmişdir ki,  müstəqil dövlətimizin ilk Konstitusiya layihəsinin hazırlanması tarixi nöqteyi nəzərdən olduqca böyük və mühüm bir hadisədir. Ümummilli lider qeyd etmişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müqddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun...”  Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, 1995-ci il  noyabrın 27-də isə qüvvəyə minmişdir. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə “Konstitusiya Günü” kimi qeyd edilir.

1995-ci ildə ölkənin Əsas Qanununun qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olaraq, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə idi. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüququ əsası qismində çıxış edir. Əsas Qanunun preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə  sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.

Konstitusiyanın hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin,  şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan normativ hüquqi aktdır. Bununla belə, Konstitusiyanın qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur. Bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart, 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində ölkə Konstitusiyasına bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. 

Hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyidir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti dövlətimizin zəfərlərinin davamlılığını təmin edir. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarını geri qaytaran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırdı, xalqımızın yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “ Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.  Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə  xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşmışdır. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Dövlətimizin ikinci Qarabağ müharibəsində inamlı qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan ordusunun mövqeləri atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 24 saatdan az müddətdə davam etmiş  əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikası Konstitusiyasının hüququ qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm qələbə sayəsində dövlət bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 44  günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq qələbənin əldə edilməsi silahlı qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasəti, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində mümkün oldu.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri surətli və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kəndlər, şəhərlər yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı Konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Aysel İbrahimova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Azərbaycan tarixi kafedrasının müəllimi