KÖŞƏ

Taleh Turqut

Erməni yalanlarının “ağbirçəyi”

23 noyabr 2016 23:20
616

Yalanı bir nəfərin və yaxud bir neçə nəfərin söyləməsi onun mahiyyətini dəyişmir. Hətta onu bağıraraq söyləmək, adamların gözünə soxmaq da həqiqətə çevirmir. Yalanın adı üzərindədir: istər bir dəfə söylə, istərsə də hər gün təkrar elə- yalan elə yalandır.

Ermənilərin onilliklər boyu söylədikləri yalanlar da belədir. Onu istər erməni söyləsin, istərsə də bir fransız, rus və yaxud bir italyan- erməni yalanları həqiqətə çevrilməyəcək. Onu qaniçən erməni yazarı Zori Balayan da yazsa şər-böhtandır, qələmini pula satan italyan yazarı Milana Qabanelli də...

Bu həmin Qabanellidir ki, onu İtaliyada “ətəkli Alfieri” adlandırırlar və bu təsadüfi deyil. Faşizmin əsas təbliğatçılarından olan Dino Alfieri İtaliya faşistlərinin rəhbəri Mussolinin mətbuat və təbliğat naziri olduğu dövrdə danışdığı yalanlarla “şöhrət” qazanmışdı. M. Qabanelli davranışları və düşüncələri, şovinist baxışları ilə digər sələfi, XX əsrdə yaşamış italyan jurnalist və yazıçı Orianna Fallaçidən də geri qalmır. Bu, həmin Fallaçidir ki: “Əgər Leonardo Da-Vinçilərin, Raffaelloların, Giottoların sənət şəhəri Floransaya məscid tiksələr, onu öz əllərimlə havaya uçuraram”-deyərək müsəlmanlara açıq nifrətini bəyan edirdi.

İtaliyanın “Corriere della Sera” qəzetinin köşə yazarı, jurnalist Milena Qabanellinin Azərbaycana qarşı qərəzli fikirlərlə dolu “Report” adlanan verilişi də antiazərbaycan, antiislam əhval-ruhiyyə üzərində qurulub. Ermənistanın Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı işğal etməsi üzündən bölgədə yaranan hərbi gərginliyi xanım jurnalist ciddi-cəhdlə “xristian-müsəlman müharibəsi” müstəvisində təqdim etməyə çalışır. Veriliş boyu danışdırılan ermənilər sanki əvvəlcədən öyrədilmişcəsinə bütün fikirlərini məhz bu müstəviyə yönəldirlər. “Baxın, azərbaycanlılar bizi hədəfə alıblar. Xristian olduğumuza görə bizi vurur, atəşə tutur, bombalayırlar. Çünki onlar müsəlman, biz xristianıq. Azərbaycan bizim varlığımızı istəmir”-bunu həmin “reportajda” qondarma rejimin “xarici işlər naziri” kimi təqdim olunan Karen Mirzoyan deyir. Keşiş Samvel Mkrtıçyan isə daha böyük canfəşanlıqla problemin “xristian-müsəlman” məsələsindən qaynaqlandığını qabartmağa çalışır. Bu, ermənilərin köhnə və ənənəvi üsullarındadır. Hər zaman xristian dünyasının diqqətini və dəstəyini bu yalanları ilə cəlb etməyə çalışıblar. Təəssüf ki, M. Qabanelli kimilərinin simasında zamanla müəyyən mənada buna nail də olublar.

Qabanelli ermənilərin “hədiyyələrindən” necə həvəsə gəlibsə, az qala Azərbaycanı bütün Avropanın düşməni kimi qələmə verməyə çalışıb. Hətta o, İtaliya hökumətinin Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməsinə təəccüb və təəssüf etdiyini də ifadə edir. M. Qabanelli Dağlıq Qarabağ münaqişəsini “xristianlarla müsəlmanlar arasındakı konflikt” kimi xarakterizə edir və bununla da qərəzini, islamofobiyaya qapıldığını açıq nümayiş etdirir.

62 yaşlı qadın jurnalistin ölkəmizə qarşı qərəzi təkcə bu verilişdə deyil. Hələ 2015-ci ildə M. Qabanelli çalışdığı qəzetdə Azərbaycanın əleyhinə böyük və şər-böhtanla dolu bir məqalə ilə çıxış edib. O yazırdı ki, guya 2013-cü ildə AŞPA-da Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı məsələ müzakirə edilərkən təklif edilən qətnamənin qəbul edilməməsi (qətnamədə Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olması iddia edilirdi) Azərbaycanın “qeyri-etik yollarla lobbiçiliklə məşğul olması” üzündən baş verib. Lakin elə həmin yazısından və bədnam “Report” verilişindən bu xanım jurnalistin hansı “etikaya” və “peşəkar mədəniyyətə” sahib olması aydındır.

Qabanellinin “xristian damarı” necə güc gəlibsə, o, Azərbaycanın təbii qazının Avropaya daşınmasını da həzm edə bilmir. Onun proqramında TAP layihəsi də hədəfə alınıb. Guya İtaliyanın yerli “ekoloji lobbisi”nin nümayəndələrini danışdıran aparıcı anlamaq istəmirdi ki, TAP qonşu Yunanıstan və Albaniya ilə yanaşı, İtaliyanın özündə minlərlə yeni iş yeri yaradacaq. İtaliyanın əsas qaz təminatı gələcəkdə məhz bu layihə ilə təmin ediləcək.

Ermənilərdən hədiyyə aldığını özü də etiraf edən Qabanelli bütün katoliklərin dini lideri, Roma Papası 1-ci Fransiskin Bakıda olarkən Azərbaycanı “tolerantlıq, dini dözümlülük və multikulturalizm baxımından bütün dövlətlərə örnək ola biləcək ölkə” adlandırmasını da nəzərə almayıb. Ümumiyyətlə, onun sözügedən proqramında ermənilərdən və ermənipərəstliyi ilə tanınan bir neçə avropalıdan başqa heç kim- bir nəfər azərbaycanlı da dindirilməyib. Bu isə onun nə qədər “peşəkar” və “tərəfsiz” olduğunu göstərir.

Milena Qabanelli bu “ağbirçək” yaşınadək  hələ yalanla doğrunu seçə bilməyibsə, hələ də əməllərini saxtakarlıq üzərində qurubsa, onun da aqibəti ermənilərin aqibəti kimi olacaq: saxtakarlığın, xəyanətin, hiylənin simvolu kimi yaddaşlarda qalacaq. Əgər qalacaqsa...