Dekabrın 24-ü Azərbaycan teatrı tarixində sözün əsl mənasında mühüm bir gün olub. Həmin gün 143 il əvvəl İrəvanda əsası qoyulmuş İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının istismara verilməsi münasibətilə açılış mərasimi keçirilib. Teatr kollektivinin uzun illər gözlədiyi bu hadisə təkcə bayram olmayıb, eyni zamanda varisliyin, yaddaşın və mədəni əzmkarlığın rəmzinə çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə teatrın direktoru vəzifəsini müvəqqəti icra edən Zivər Abbasova teatrın açılış çərçivəsində jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, kollektivin sevincinin həddi-hüdudu yoxdur və tədbir yüksək səviyyədə təşkil olunub. Zivər Abbasova qeyd edib ki, xüsusi qürur doğuran məqam ondan ibarətdir ki, məhz bu teatr, ehtimal ki, İrəvan adını yaşadan və daşıyan yeganə mədəni ocaqdır.
“Teatr 1989-cu ildən etibarən Bakıda fəaliyyətini davam etdirir, daim dövlətin qayğı və dəstəyini hiss edir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə teatra göstərilən diqqət və qayğı xüsusilə əhəmiyyətli olub. Yeni binanın istismara verilməsi bu siyasətin ən yüksək səviyyədə ardıcıl şəkildə davam etdirildiyinin əyani təsdiqidir”, – deyə Zivər Abbasova vurğulayıb. O, həmçinin xatırladıb ki, İrəvan sadəcə bir şəhər, xəritədə adi bir nöqtə deyil. Bu, bütöv bir xalqın yaddaşı, onun ruhunun və irsinin dirçəlişidir.
“Bu yaddaşın, kimliyin, köklərin və folklorun qorunub saxlanılmasının ən təsirli vasitələrindən biri teatrdır. Əminəm ki, İrəvan teatrının səhnəsi bundan sonra da tamaşaçılara milli dəyərlərimizi təcəssüm etdirən əsərləri, həmçinin Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı nümunələrini layiqli səviyyədə təqdim edəcək, gənc nəslə mənəvi və əxlaqi dəyərləri aşılayacaq”, – deyə o əlavə edib.
Sonda Zivər Abbasova teatr kollektivi adından Prezident İlham Əliyevə bu sevinci yaşamaq imkanı yaratdığı üçün dərin minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu hadisə təkcə İrəvan teatrı üçün deyil, ümumilikdə Azərbaycanın bütün teatr ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Ankarada Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib - FOTO
Dövlət sifarişi ilə istehsal ediləcək 10 film layihəsi müsabiqənin növbəti mərhələsinə keçib