Müasir təhsil siyasətində istedadlı uşaqların erkən mərhələdə aşkarlanması və onların intellektual, yaradıcı və sosial potensialının sistemli şəkildə inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız fərdi nailiyyətlərin təmin edilməsinə xidmət etmir, eyni zamanda, ölkənin elmi, sosial və iqtisadi inkişafının möhkəm təməlini formalaşdırır. Qlobal rəqabətin gücləndiyi bir dövrdə istedadlı şagirdlərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, onların akademik və karyera trayektoriyalarının düzgün qurulması xüsusi aktuallıq kəsb edir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov “İki sahil”qəzetinə müsahibəsində ARTİ-nin istedadlı uşaqlarla işdə sistemli yanaşmasını, uğurlu təcrübələrini və beynəlxalq səviyyədə əldə etdiyi nəticələrindən söhbət açır, həmçinin Azərbaycan təhsilinin davamlı inkişaf strategiyasından bəhs edir.
- ARTİ-nin istedadlı uşaqlarla iş sahəsində illik fəaliyyət prioritetləri hansılardır?
- ARTİ-nin istedadlı uşaqlarla iş sahəsində illik fəaliyyət prioritetləri onların erkən aşkar olunması, inkişafı üçün xüsusi məzmun və metodik dəstəyin hazırlanması, həmçinin olimpiada və müsabiqələrə sistemli hazırlığın təşkilindən ibarətdir.
- Azərbaycanın müxtəlif bölgələrində istedadlı uşaqlarla işdə hansı çətinliklər mövcuddur və ARTİ bunu necə həll edir?
- Azərbaycanın ucqar bölgələrində təşkil edilən olimpiada və müsabiqələr barədə məlumatın uşaqlara və məktəblərə vaxtında çatmaması əsas çətinlikdir; ARTİ isə bu problemi aradan qaldırmaq üçün təhsil idarələri ilə sistemli şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi müsabiqə və olimpiadaların bütün kitabçalarını ölkənin hər bir evinə qədər çatdırmaqdır.
- İstedadlı şagirdlərin müəyyənləşdirilməsi və onlarla işin təşkili prosesində hansı yanaşmalar tətbiq olunur?
- İstedadlı şagirdlərin müəyyənləşdirilməsi və onlarla işin təşkili prosesində müşahidə, fərdi inkişaf planlarının hazırlanması, eləcə də onların maraq və potensialına uyğun metodik və yaradıcı təlim üsullarının tətbiqi kimi elmi əsaslı yanaşmalar istifadə olunur.
- İstedadlı uşaqların sosial-emosional inkişafını dəstəkləmək üçün ARTİ hansı metod və strategiyalardan istifadə edir?
- ARTİ istedadlı uşaqların sosial-emosional inkişafını dəstəkləmək üçün beynəlxalq olimpiadalardan öncə psixoloqla görüşlər keçirərək onlara motivasiyaedici dəstək göstərir, streslə bağlı fərdi və qrup söhbətləri təşkil edir. Həmçinin, hər il 500-dən çox müəllimə istedadlı uşaqlarla iş sahəsində təlimlər təşkil edilir ki, bu məsələ də əsas prioritetlərdən biri olur.
- İstedadlı uşaqların motivasiyasını qorumaq və yaradıcılıqlarını inkişaf etdirmək üçün hansı xüsusi fəaliyyətlər və təşviq üsulları tətbiq olunur?
- Şagirdlər üçün təşkil edilən tədris-təlim düşərgələri onların bilikləri daha dərindən mənimsəmələrinə, komanda ruhunun formalaşmasına, sosial bacarıqlarının və özünəinamının güclənməsinə şərait yaradan effektiv inkişaf mühitidir.
- İstedadlı uşaqların gələcək karyera və akademik inkişafı üçün ARTİ tərəfindən hansı dəstək və tövsiyələr verilir?
- İstedadlı uşaqların gələcək karyera və akademik inkişafı üçün ARTİ onları həm təhsil, həm də peşə yönümlü istiqamətdə dəstəkləyir. Beynəlxalq olimpiada qaliblərinin hazırda dünyanın ən prestijli universitetlərində təhsil alması şagirdlər üçün real nümunə və motivasiya rolunu oynayır. İngilis dili hazırlığı, akademik planlama və karyera seçimi mövzularında olimpiada müəllimləri tərəfindən fərdi tövsiyələr verilir. Bundan əlavə, uşaqların beynəlxalq olimpiada səfərlərində tanıdıqları mühit, dünyanın aparıcı universitetlərini yaxından görmək və qlobal akademik atmosferlə tanış olmaq onların gələcək hədəflərinin formalaşmasına ciddi şəkildə təsir edir və motivasiyalarını artırır.
- İstedadlı uşaqlarla işləyən müəllimlərin və məktəb rəhbərlərinin rolu və məsuliyyəti necə qiymətləndirilir?
- İstedadlı uşaqlarla işləyən müəllimlərin və məktəb rəhbərlərinin rolu və məsuliyyəti şagirdin potensialını vaxtında görmək, onu dəqiq yönləndirmək və inkişafı üçün davamlı dəstək göstərmək baxımından yüksək qiymətləndirilir. Onlar istedadlı uşaqların fərdi xüsusiyyətlərini nəzərə almalı, uyğun tədris mühiti yaratmalı, motivasiyasını qoruyub saxlamalı və təlim prosesini elmi-metodik əsaslarla təşkil etməlidirlər. Məktəb rəhbərliyinin sistemli koordinasiyası və müəllimlərin peşəkar yanaşması istedadlı uşaqların inkişafında əsas həlledici amillərdən biri kimi dəyərləndirilir.
- İstedadlı uşaqlarla işin effektivliyini necə ölçürsünüz və bu sahədə xüsusi uğur qazanmış nümunələr hansılardır?
- ARTİ‑nin istedadlı uşaqlarla işinin effektivliyi onların beynəlxalq olimpiadalarda qazandıqları nəticələr və bu uğurlar sayəsində dünyanın nüfuzlu universitetlərinə — məsələn, MIT, Harvard, Columbia, National University of Singapore, Imperial College London, Nanyang Technological University, KAIST və s. — qəbul olunmaları ilə göstərilir. Bu da ARTİ‑nin yalnız yarışlarda uğur qazanmaqla kifayətlənmədiyini, həm də şagirdlərin akademik və karyera inkişafını davamlı şəkildə dəstəklədiyini nümayiş etdirir. Həmçinin qeyd etmək lazımdır ki, 5-ci siniflər arasında Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, 6-7-ci siniflər arasında fənn müsabiqələri, 8-11-ci siniflər arasında isə Respublika Fənn olimpiadaları təşkil edilir. Hər il keyfiyyət və kəmiyyətdə müşahidə olunan müsbət dinamika effektivliyin göstəricisi hesab oluna bilər.
- İstedadlı uşaqlarla işdə qarşıya çıxan ən böyük çətinliklər hansılardır və ARTİ bunları necə həll edir?
- İstedadlı uşaqlarla işdə qarşıya çıxan ən böyük çətinliklərdən biri məlumatın vaxtında və hər yerə çatmamasıdır. Xüsusən ucqar kəndlərdə internet və kommunikasiya imkanlarının məhdud olması da bu problemi artırır. ARTİ isə bunu aradan qaldırmaq üçün təhsil idarələri ilə sistemli əməkdaşlıq edir, olimpiada və müsabiqələrin materiallarını, kitabçalarını geniş şəkildə paylayır, həmçinin regional təlim və kamp imkanlarını təmin edir. Beləliklə, istedadlı uşaqların bütün bölgələrdə bərabər şəkildə inkişaf imkanları olur.
- ARTİ-nin istedadlı uşaqlarla iş sahəsində gələcək fəaliyyətində hansı hədəflər və prioritetlər müəyyənləşdirilir?
- ARTİ-nin istedadlı uşaqlarla iş sahəsində gələcək fəaliyyətində əsas hədəflər və prioritetlər bu keyfiyyətin daşıyıcıları olan uşaqların erkən aşkar edilməsi, onların potensialına uyğun tədris və metodik dəstəyin hazırlanması, milli və beynəlxalq olimpiadalar üçün sistemli hazırlığın təşkil edilməsi, sosial-emosional inkişafın dəstəklənməsi və şagirdlərin gələcək akademik və karyera inkişafına yönəlmiş proqramların həyata keçirilməsidir. Eləcə də istedadlı şagirdlərin təhsil aldıqları lisey və gimnaziyalarda tədris planı və proqramı ilə bağlı xüsusi təkliflər hazırlanır, xüsusi yanaşmalar təklif edilir.
Yaqut Ağaşahqızı, “İki sahil”