05 yanvar 2026 23:31
187

Trampa Venesuela məsələsində Ankaranın həssas mövqeyini çatdırdım - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ankaranın Venesuelada baş verən hadisələrlə bağlı mövqeyini Ağ ev rəhbərinin diqqətinə çatdırdığını bildirib.

“İki sahil” xəbər verir ki, Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə çıxış edən dövlət başçısı Venesuelada sabitliyin pozulmasının yolverilməz olduğunu vurğulayıb.

“Cənab Trampa Venesuela məsələsində Ankaranın həssas mövqeyini çatdırdım, bu ölkənin qeyri-sabitlik zolağına sürüklənməsinin yolverilməz olduğunu qeyd etdim. Türkiyə və onun xalqı dost Venesuela xalqının yanında olmağa, bu ölkə əhalisinin inkişafı və rifahının yüksəldilməsinə yönələn səyləri dəstəkləməyə davam edəcək”, – deyə Prezident Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Nikolas Maduro və ümumilikdə Venesuela xalqı dəfələrlə Türkiyənin dostu olduqlarını təsdiqləyib.

“Türkiyə və Venesuela iki dost dövlət kimi, ölkələrimiz üçün çətin dövrlərdə də daxil olmaqla, həmrəyliyə hər zaman üstünlük veriblər”, – deyə Rəcəb Tayyib Ərdoğan xatırladıb və Ankaranın bu gün də məhz bu mövqeyə əsaslandığını vurğulayıb.

“Dövlətlərin suveren hüquqlarının və ümumilikdə beynəlxalq hüquq normalarının pozulması qlobal miqyasda ciddi fəsadlara gətirib çıxara biləcək riskli addımdır. Gücün hüquqdan üstün tutulduğu bir dünyada qeyri-sabitlik, böhran və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüquqa zidd olan heç bir hərəkəti qəbul etmir”, – deyə o, qeyd edib.

Prezident Ərdoğan əlavə edib ki, qlobal arenada qeyri-müəyyənliyin artdığı dövrdə Türkiyə hakimiyyəti milli maraqların müdafiəsi kursunu qətiyyətlə davam etdirir. “Biz güclü bir dövlətin təmsilçiləri olduğumuzu yaxşı dərk edirik. Ölkəmizi müxtəlif beynəlxalq platformalarda şərəf və qürurla təmsil edirik”, – deyə o, bildirib.

Türkiyə Prezidenti ölkə daxilində hökumətə qarşı çıxan qüvvələrin destruktiv mövqeyinə də diqqət çəkib.

“44 günlük Vətən müharibəsi dövründə ölkə daxilində müəyyən dairələr erməni diasporu ilə eyni mövqedən çıxış edərək qardaş Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən Türkiyə hakimiyyətini tənqid edirdilər. Həmin qüvvələr Bəşər Əsəd Suriyadan qaçdıqda isə bizi qonşu ölkənin devrilmiş rəhbərliyi ilə dialoqa çağırırdılar”, – deyə dövlət başçısı bildirib.