09 yanvar 2026 19:38
154

Dumanlı-çənli dağlar...

Qışı soyuq, yayı sərin keçən Kəlbəcər rayonu dəniz səviyyəsindən 3600 metr, dağların zirvələri isə 3900 metr yüksəklikdə yerləşir. Yazda bu yerlər yaşıl örpəyə bürünür, havası mülayimləşir. Zirvələrdə qar ərimir, gələn ilə qalır. Yayda güllü-çiçəkli, baldırğanlı-şoşanlı,laləli, bənövşəli cənnətməkan bu yerlər insanlara “gəl-gəl” deyir. Burada məşhur İstisu və digər müalicəvi sular xəstəliklərdən əziyyət çəkənlərə şəfa verir.

Postsovet dövründə Sovet İttifaqının ən uzaq guşələrindən buraya müalicəyə gələrdilər. Şair və yazıçılarımız İstisuya həm gəzməyə, həm də yaradıcılıq günləri keçirməyə buraya üz tutardılar. Sevimli şairimiz Səməd Vurğunun İstisu yaylağında  aşıq Şəmşirlə görüşü və deyişməsi elin dilində əzbər olmuşdu. Böyük şair demişdi:

Düşə, ya düşməyə bir də güzarım,

Səfərdi, salamat qalasız dağlar.

“Tunel” adlanan yerdə Azərbaycanın qədim yaşayış məskəninin xarabalıqları qalmaqdadır. Mahrasa kəndinin IV-V əsrlərdə mövcud olması barədə tarixi məlumatlar var. Bu kənd 10-15 evdən ibarət olmuş, feodal müharibələrindən birində tamamilə dağıdılmışdır. Kəndin evlərinin yarıuçuq divarları hələ də qalır. Hər addımbaşında qıdim alban izlərinə rast gəlinir. Ümumiyyətlə, burada saysız tarixi abidələr mövcuddur və turistlər üçün cəlbedici yerdir. Burada hər qayanın, hər daşın altında bir tarix yatır...

Təəssüf ki, Kəlbəcərin növrağı Ermənistanın quldur dəstələrinin hücumu ilə dağıdıldı. İstisu sanatoriyaları, zavod və yaşayış binaları vəhşicəsinə yerlə-yeksan edildi. Nəhayət, iyirmi yeddi ildən sonra müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində bütün ərazilərimiz, o cümlədən Kəlbəcər də azad edildi. Lakin haylar evləri yandırdıqlarına və yararsız hala saldıqlarına görə ora gedib bir gün qalmaq belə mümkün deyildi. Bölgəni canlandırmaq, abad hala salmaq üçün ilk növbədə infrastrukturu formalaşdırmaq lazım gəlirdi. Ölkə rəhbərliyi də işə elə bundan başladı və nəhayət, rayona gələnlərin gecələməsi üçün də tədbirlər görüldü.

Artıq Kəlbəcərə gedənlər orada gecələyə biləcəklər. Beləliklə, Kəlbəcər rayonunda yeni motel tipli hotel istifadəyə verilib. “Tunel” adı ilə məşhur olan ərazidə yeni “Tunel” hotelinin istifadəyə verilməsi Kəlbəcərə səfər edən vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanıb. Əlbəttə, illərdir ki, bunu səbirsizliklə gözləyənlər vardı.

Qeyd edək ki, bu hotel Kəlbəcər rayonu ərazisində fəaliyyətə başlayan ikinci hoteldir. Ötən ilin sonlarında Kəlbəcər şəhərində motel tipli “Kəlbəcər” hoteli istifadəyə verilib. “Tunel” hoteli Tərtər çayının sahilində Kəlbəcər-Ağdərə yolunun yaxınlığında yerləşir. Əvvəllər bu yerdə yalnız taxtadan tikilmə iki meşəbəyi evi, restoran, tinglik, kiçik dükan, üç ailənin yaşaması üçün birmərtəbəli evlər vardı.

İndiyədək Kəlbəcərə səfər edən soydaşlarımız, xüsusilə turistlər və ezamiyyət məqsədilə bölgəyə gələn vətəndaşlar gecələmə yerlərinin məhdudluğu səbəbindən müəyyən çətinliklərlə üzləşirdilər. Yeni “Tunel” hotelinin istifadəyə verilməsi bu problemin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Artıq buraya gələnlər gecələmək qayğısından azad olublar.

Müasir tələblərə cavab verən, rahatlıq və xidmət keyfiyyəti ilə seçilən hotelin fəaliyyətə başlaması Kəlbəcərin turizm potensialının bərpası və inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Hotel Tərtər və Tutqu çaylarının kəsişdiyi yerdə tikilib. Qarşıda göz oxşayan Çiçəkli dağı ucalır. Yaxından axıb gedən buz kimi bulağın ətrafı elatın müvəqqəti dincəldiyi bir təbiət beşiyidir. Hündür qayaların başında qıy vurub süzən qartallar gah dövrə vurur, gah da ovunun üstünə şığıyır, gözəl bir tablosu yaranır. Maşınların işlədiyi həmin tunel də burada dağın altından keçərək aralı düşmüş kəndləri bir-birinə qovuşdurur.

Uzun illər işğal altında qalan və hazırda yenidən qurulan Kəlbəcər rayonu addım-addım dirçəlir, rayonun sosial və turizm infrastrukturu genişlənir.

Kəlbəcərdə həyata keçirilən bu kimi layihələr regionun sosial-iqtisadi inkişafına və turizmin canlanmasına töhfə verəcək. Həmişə aşıqların çal-çağır yeri olan Kəlbəcər yenə də aran camaatının sevimli yerinə çevriləcək.

Vəli İlyasov, “İki sahil”