Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimizin son onilliklərdə qazandığı ən böyük nailiyyətlərdən biri dünyanın əksər aparıcı dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilərək inkişaf etdirilməsi, qlobal strateji layihələrin uğurla həyata keçirilməsidir. Artıq iqtisadi gücünə, dünyəvi proseslərə təsir imkanlarına görə dünyanın əsas mərkəzlərindən birinə çevrilmiş Çin Xalq Respublikası ilə münasibətlər bu baxımdan xüsusi önəm kəsb edir.
Ötən il Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsini uğurlu siyasət kimi dəyərləndirmək olar. Dünya bazarında neftin qiymətinin müxtəlif istiqamətlərdə dəyişməsi, iqtisadi transformasiyanı qaçılmaz edib. Buna görə də Azərbaycan da öz iqtisadi sisteminin şaxələndirilməsini həyata keçirərək Çin kimi böyük iqtisadi qüdrətə malik olan ölkə ilə strateji əməkdaşlıq əlaqələri qurmağı bacardı. Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır.
2025-ci il Azərbaycan-Çin münasibətləri üçün önəmli, hətta tam əminliklə deyə bilərik ki, tarixi bir il oldu. Həm siyasi, həm iqtisadi, həm humanitar sahədə aktivlik müşahidə olundu. Siyasi baxımdan təbii ki, 2025-ci il Azərbaycan-Çin münasibətlərinin tarixinə həkk olunacaq. Belə ki, ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı 2 ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat imzalanıb. Beləliklə, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əlaqələrimizən yüksək səviyyəyə qalxıb.
Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb.
Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi açılıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub.
Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır.
İkitərəfli münasibətlərdə iqtisadi sektor xüsusi yer tutur. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün iqtisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir. İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir. Qlobal çətinliklərə baxmayaraq, Azərbaycan da iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaqda davam edir. Ölkə xarici borcun azaldılması strategiyasını uğurla reallaşdırır. Ölkəmiz yüksək investisiya cəlbediciliyinə malikdir.
Çin əlverişli investisiya iqliminə malik Azərbaycana yönəltdiyi sərmayələrin həcmini artırır. Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir.
Qarabağ zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizi regional əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə Orta Dəhlizi daha da şaxələndirməyi hədəfləyir. Çin və Orta Asiya ölkələrindən gələn yüklərin gələcəkdə həm də Zəngəzur dəhlizi boyunca hərəkəti mümkün olacaq. Bu da öz növbəsində həm daşınan yüklərin həcmi üçün, həm rəqabətqabiliyyətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativ təşkil edəcək. Təbii ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün iqtisadi faydası ilə yanaşı, siyasi dividentləri də olacaq.
Elşad Cəfərov,
YAP Culfa rayon təşkilatının məsləhətçisi