Azərbaycan enerji sektorunda yeni bir mərhələ başlayır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı ölkəmizin bərpaolunan enerji potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və beynəlxalq investisiya əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımdır. 240 MVt gücündə bu stansiya həm yerli energetiklərin peşəkarlığını nümayiş etdirir, həm də enerji sisteminin müasirləşdirilməsinə və ixrac imkanlarının artırılmasına töhfə verir.
Mövzu ilə əlaqədar ekoloji ekspert Gülşən Axundova bildirdi ki, külək elektrik stansiyaları ətraf mühitə minimal təsir göstərir və ölkənin enerji təhlükəsizliyinə mühüm dəstək verir. Onun sözlərinə görə, bu tip layihələrin artması Azərbaycanın davamlı və ekoloji dayanıqlı enerji strategiyasını gücləndirəcək.
-“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji təhlükəsizliyinə və ixrac potensialına hansı konkret təsirləri göstərəcək və bu layihə ölkənin bərpaolunan enerji strategiyasında hansı mərhələni ifadə edir?
- “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji təhlükəsizliyinə birbaşa və praktik təsir göstərən mühüm addımdır. 240 MVt gücündə bu stansiya elektrik istehsalında təbii qazdan asılılığın azalmasına imkan yaradır. İndiyədək daxili elektrik tələbatının əsas hissəsi qazla işləyən istilik stansiyaları hesabına ödənildiyi üçün, külək enerjisinin artması daxili bazarda sərf olunan qaz həcmlərini azaldır. Bu isə azad olunan qazın ixraca yönəldilməsinə və ölkənin ixrac gəlirlərinin artmasına şərait yaradır. Bununla yanaşı, enerji istehsalının mənbə baxımından şaxələndirilməsi sistemin dayanıqlığını artırır. Elektrik təminatı yalnız bir resursa bağlı olmadıqda, risklər azalır və gözlənilməz vəziyyətlərdə enerji təhlükəsizliyi daha yaxşı qorunur. Xüsusilə sənayenin, xidmət sektorunun və rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə bu cür sabitlik mühüm əhəmiyyət daşıyır. Strateji baxımdan “Xızı–Abşeron” layihəsi Azərbaycanın bərpaolunan enerji siyasətində keyfiyyətcə yeni mərhələdir. Bu layihə göstərir ki, ölkə artıq bərpa olunan enerjini ikinci dərəcəli istiqamət kimi deyil, enerji balansının əsas hissəsinə çevirməyə başlayıb. Yəni, Azərbaycan plan və niyyət mərhələsindən çıxaraq, real icra və nəticə mərhələsinə keçib. Prezident çıxışında 2030–2032-ci illərədək 8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılacağını bildirdi.

-Bu hədəflərə çatmaq üçün mövcud enerji infrastrukturu və ötürücü şəbəkələr nə dərəcədə hazırdır?
-2030–2032-ci illərədək 8 giqavat bərpaolunan enerji gücünün yaradılması Azərbaycanın enerji siyasətində tarixi və strateji bir mərhələdir. Mövcud enerji sistemi artıq müəyyən texniki baza və təcrübəyə malikdir və bu, yeni mərhələyə keçid üçün möhkəm başlanğıc nöqtəsi yaradır. Son illərdə enerji sektorunda aparılan islahatlar, yeni yarımstansiyaların tikintisi və şəbəkələrin mərhələli şəkildə gücləndirilməsi göstərir ki, ölkə bu məqsədə doğru ardıcıl addımlar atır.
Doğrudur, hazırkı enerji infrastrukturu əsasən iri istilik və su elektrik stansiyalarına uyğunlaşdırılıb. Lakin bu, eyni zamanda üstünlükdür: mövcud sistem bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün dayaq rolunu oynaya bilər. Külək və günəş enerjisinin hava şəraitindən asılılığı şəbəkədən daha çevik idarəetmə tələb etsə də, bu, texnoloji inkişaf üçün yeni imkanlar açır. Abşeron yarımadası, Qarabağ və Şərqi Zəngəzur kimi bölgələrdə bərpaolunan enerji layihələrinin cəmləşməsi regional şəbəkələrin inkişafını sürətləndirəcək, yeni ötürücü xətlərin və müasir yarımstansiyaların inşasına təkan verəcək. Bu proses yalnız çətinliklər deyil, eyni zamanda böyük imkanlar yaradır. Yeni ötürücü xətlərin çəkilməsi və mövcud şəbəkələrin gücləndirilməsi enerji təhlükəsizliyini artıracaq, itkiləri azaldacaq və regionlararası enerji balansını daha sabit edəcək. Paralel olaraq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və xarici investisiyaların cəlbi bu yenilənməni daha sürətli və effektiv edə bilər. Balanslaşdırma məsələsinə gəldikdə isə, hazırda qazla işləyən stansiyalar bu funksiyanı uğurla yerinə yetirir və yaxın illərdə də keçid dövründə mühüm rol oynayacaq. Bununla yanaşı, enerji saxlanması texnologiyaları, ağıllı şəbəkələr və istehlakın çevik idarə olunması üzrə layihələr mərhələli şəkildə gündəmə gəlir. Bu alətlərin tətbiqi bərpaolunan enerjinin payının artmasını asanlaşdıracaq və sistemi daha dayanıqlı edəcək.Beləliklə, 8 giqavatlıq hədəf yalnız texniki çağırış deyil, həm də enerji sektorunun keyfiyyətcə yeni mərhələyə keçidi üçün güclü stimul kimi qiymətləndirilə bilər. Qarşıdakı illər Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və yaşıl enerji sahəsində regional liderliyinin möhkəmləndirilməsi baxımından ümidverici bir dövr olacaq.
-Xarici investorların, xüsusilə “ACWA Power” kimi qlobal şirkətlərin Azərbaycana marağını şərtləndirən əsas üstünlüklər nələrdir və bu əməkdaşlıqlar yerli enerji sektorunun inkişafına necə təsir göstərəcək?
-Xarici investorların Azərbaycana marağı bir neçə mühüm üstünlüyün birləşməsi ilə izah olunur. İlk növbədə ölkədə siyasi və iqtisadi sabitlik mövcuddur. Enerji siyasətinin dövlət səviyyəsində strateji prioritet kimi müəyyənləşdirilməsi və bu kursun ardıcıl davam etdirilməsi investorlar üçün riskləri xeyli azaldır. Digər vacib amil qərarların mərkəzləşdirilmiş və koordinasiyalı şəkildə qəbul edilməsidir. Böyük enerji layihələrinin icrasında dövlət qurumları arasında əlaqənin səmərəli qurulması layihələrin daha qısa müddətdə həyata keçirilməsinə imkan verir. Bundan əlavə, Azərbaycanın yüksək külək və günəş potensialı, eləcə də Avropa ilə Asiya arasında yerləşməsi qlobal enerji şirkətləri üçün layihələrin iqtisadi cəlbediciliyini artırır. Bu əməkdaşlıqlar yerli enerji sektoruna da müsbət təsir göstərir. Beynəlxalq şirkətlər müasir texnologiyalar, idarəetmə təcrübəsi və beynəlxalq standartlar gətirir. Bu isə yerli mütəxəssislərin bilik səviyyəsinin yüksəlməsinə, rəqabətin artmasına və sektorun ümumi inkişafına təkan verir. Uzunmüddətli perspektivdə Azərbaycan bərpaolunan enerji sahəsində regional mərkəzə çevrilə bilər.

-Batareya Enerji Saxlanc Sisteminin yaradılması bərpaolunan enerji istehsalında hansı problemləri həll edəcək və bu sahədə gələcəkdə özəl sektorun və beynəlxalq investorların rolu necə görünür?
-Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) yaradılması bərpa olunan enerji istehsalının əsas zəif cəhətlərini aradan qaldıran mühüm texnoloji həllərdən biridir və xüsusilə külək və günəş enerjisinin payı artdıqca strateji əhəmiyyət qazanır. Azərbaycan üçün BESS-in tətbiqi təkcə texniki yenilik deyil, enerji sisteminin daha çevik və dayanıqlı mərhələyə keçidi deməkdir. İlk növbədə, batareya sistemləri bərpa olunan enerjinin dəyişkən istehsal problemini həll edir. Külək və günəş stansiyaları hava şəraitindən asılı olduğuna görə istehsal qeyri-sabit olur. BESS artıq istehsal olunan enerjini saxlayaraq, tələbatın yüksək olduğu vaxtlarda şəbəkəyə qaytarır və istehsal ilə istehlak arasında tarazlığı təmin edir. İkinci mühüm funksiya şəbəkə sabitliyinin artırılmasıdır. Böyük həcmdə bərpa olunan enerjinin sistemə daxil olması tezlik və gərginlik dalğalanmalarına səbəb ola bilər. Batareya sistemləri sürətli reaksiya verərək tezlik tənzimlənməsi, ehtiyat gücün təmin edilməsi və qəza hallarında şəbəkənin qorunması kimi vacib funksiyaları yerinə yetirir. BESS həmçinin pik yüklərin idarə olunmasına imkan yaradır. Elektrik tələbatının artdığı saatlarda əlavə generasiya gücü yaratmaq əvəzinə, əvvəlcədən saxlanılmış enerji istifadə olunur ki, bu da xərclərin azalmasına və mövcud stansiyaların daha səmərəli işləməsinə şərait yaradır.
Strateji baxımdan enerji saxlanması bərpa olunan enerjinin sistemdə payının artırılmasının əsas şərtidir. Batareyalar olmadan yeni külək və günəş güclərinin geniş miqyasda inteqrasiyası çətinləşir. BESS bu məhdudiyyəti aradan qaldıraraq 8 giqavatlıq və daha yüksək hədəflərin reallaşmasını mümkün edir. Gələcəkdə bu sahədə əsas rolu özəl sektor və beynəlxalq investorlar oynayacaq. Batareya texnologiyalarının ucuzlaşması BESS layihələrini kommersiya baxımından cəlbedici edir. Müvafiq tənzimləyici çərçivə yaradıldığı halda, enerji saxlanması uzunmüddətli və stabil gəlir mənbəyinə çevrilə bilər. Dövlətin rolu isə əsasən qaydaların müəyyənləşdirilməsi və ilkin mərhələdə risklərin bölüşdürülməsi ilə məhdudlaşacaq, inkişafın əsas yükü isə getdikcə özəl sektorun üzərinə keçəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”