Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında son illərdə formalaşmış münasibətlərin mahiyyəti mühim əhəmiyyət daşıyır. Hesab edirəm ki, 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bu münasibətlər sıradan diplomatik əlaqə çərçivəsindən çıxaraq praktik və nəticəyönümlü strateji tərəfdaşlıq modelinə çevrilmişdir. Məqalədə sübut olunur ki, Azərbaycan–ABŞ tərəfdaşlığı regional təhlükəsizlik, enerji şaxələndirməsi və qlobal logistika sisteminin formalaşmasında əsas dayaqlardan birinə çevrilməkdədir.
Son illər Azərbaycanın ABŞ ilə münasibətləri xeyli dəyişib. Əvvəllər bu əlaqələr daha çox rəsmi görüşlər və bəyanatlar səviyyəsində idi. Amma indi bu münasibətlər real nəticələr verən, ölkəyə konkret fayda gətirən əməkdaşlığa çevrilib.Bu dəyişiklik təsadüfi deyil. Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə tamam başqa mövqeyə sahib oldu və ABŞ da bunu qəbul etdi.
44 günlük müharibədən sonra bölgədə yaranan yeni vəziyyət təkcə Ermənistan üçün yox, bütün dünya üçün oyunun qaydalarını dəyişdi. ABŞ artıq Azərbaycanı sadəcə bir enerji ölkəsi kimi yox, regionun əsas söz sahibi kimi görməyə başladı.ABŞ-ın Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələri açıq şəkildə dəstəkləməsi bunun ən açıq sübutudur. Çünki bu yollar yalnız bizim üçün yox, həm də ABŞ üçün Çin və Rusiya marşrutlarına alternativdir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan ölkələrdən biridir. ABŞ-ın Azərbaycan qazını etibarlı mənbə kimi qəbul etməsi bizim üçün böyük üstünlükdür.Hesab edirik ki, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinə ABŞ şirkətlərinin cəlb olunması ölkəmizin gələcəkdə enerji sahəsində daha da güclənəcəyini göstərir.
Azərbaycan artıq Çinlə Avropanı birləşdirən əsas yolun mərkəzində dayanır. Orta Dəhliz bunun əsas nümunəsidir. Zəngəzur dəhlizi də tam açıldıqdan sonra bu yol daha da güclənəcək.
Bu yolların işlək vəziyyətə gəlməsi Azərbaycanın iqtisadi və siyasi əhəmiyyətini xeyli artıracaq.
Azərbaycan bu gün təkcə öz torpaqlarını qoruyan yox, həm də bölgədə sabitliyin qorunmasına təsir edən ölkəyə çevrilib. ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq da bunu göstərir.Bu əməkdaşlıq gələcəkdə bölgədə yeni münaqişələrin qarşısını almaqda mühüm rol oynayacaq.
Azərbaycanın ABŞ ilə münasibətlərində baş verən dəyişiklikləri daha aydın başa düşmək üçün bir məsələyə xüsusi diqqət yetirmək lazımdır: bu münasibətlər artıq yalnız diplomatik söhbətlərdən ibarət deyil. Burada konkret layihələr, konkret yollar, konkret investisiyalar var. Yəni bu əlaqələr ölkənin gündəlik həyatına birbaşa təsir edir.
Məsələn, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən enerji layihələrini götürək. Bu bölgələr uzun illər işğal altında qaldığı üçün həm infrastruktur, həm də iqtisadiyyat baxımından geridə qalmışdı. İndi isə ABŞ şirkətlərinin də iştirakı ilə burada günəş və külək elektrik stansiyaları qurulur. Bu o deməkdir ki, həmin ərazilərdə yeni iş yerləri açılır, əhali geri qayıdır və bölgə yenidən canlanır. Mən hesab edirəm ki, bu proses təkcə enerji məsələsi deyil, həm də insanların doğma torpaqlarına qayıdışı üçün çox ciddi stimul yaradır.
Digər tərəfdən, nəqliyyat layihələri Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Artıq bu gün Çinlə Avropa arasında daşınan yüklərin böyük hissəsi Azərbaycan üzərindən keçir. Bu isə ölkəmizin həm tranzit gəlirlərini artırır, həm də bizi qlobal ticarət sistemində əvəzolunmaz edir. Zəngəzur dəhlizi tam işə düşdükdən sonra bu axın daha da sürətlənəcək. Məncə, bu yol Azərbaycanın gələcək onilliklərdə iqtisadi cəhətdən daha da güclənməsinin əsas səbəblərindən biri olacaq.
Bu əməkdaşlıq siyasi sahədə də özünü göstərir. ABŞ Azərbaycanın bölgədə sabitliyin qorunmasında oynadığı rolu artıq açıq şəkildə etiraf edir. Bu, o deməkdir ki, Azərbaycan regionda tək qalmır, beynəlxalq səviyyədə dəstəklənir.Bu, gələcəkdə ölkəmizin təhlükəsizliyi üçün çox önəmlidir.
Bütün bunlarla yanaşı, Azərbaycan–ABŞ münasibətləri təhsil və texnologiya sahələrinə də təsir edir. ABŞ universitetləri ilə əməkdaşlıq, gənclər üçün mübadilə proqramları, yeni texnologiyaların ölkəmizə gətirilməsi Azərbaycanın insan kapitalını gücləndirir. Bu isə uzunmüddətli inkişaf üçün çox vacibdir. Çünki ölkənin gücü yalnız neft və qazla ölçülmür, həm də savadlı və müasir düşüncəli gənclərlə ölçülür.Bu əməkdaşlıq Azərbaycanın gənc nəslinin dünyaya daha açıq və rəqabətə davamlı böyüməsinə imkan yaradır. Gələcəkdə məhz bu gənclər ölkənin beynəlxalq mövqeyini daha da gücləndirəcək.
Sonda demək olar ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən,strateji,dərin düşünülmüş,dövlətçilik prinsiplərinə əsaslan siyasəti nəticəsində Azərbaycan–ABŞ münasibətləri bu gün sadəcə iki dövlətin dostluğu deyil, həm də ölkəmizin iqtisadiyyatına, təhlükəsizliyinə, təhsilinə və insanların gündəlik həyatına birbaşa təsir edən bir tərəfdaşlıqdır. Hesab edirəm ki, bu münasibətlər nə qədər güclənsə, Azərbaycan bir o qədər güclü və sabit olacaq.Sadə dillə desək, Azərbaycan–ABŞ münasibətləri artıq kağız üzərində olan əlaqələr deyil,bu münasibətlər real layihələrə, real yollara, real investisiyalara çevrilib.Məncə, yaxın illərdə bu əlaqələr həm Azərbaycanın güclənməsinə, həm də bölgədə sabitliyin möhkəmlənməsinə ciddi təsir göstərəcək.
Ülviyyə Hümbətova,
58 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi