Kolumbiya ABŞ-nin Venesuelaya endirdiyi zərbələrdən sonra milli antidron qalxanının işə salındığını elan edib.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, Kolumbiya Müdafiə Nazirliyinin məlumatına görə, dəyəri 6,2 trilyon Kolumbiya pesosu (təxminən 1,6 milyard dollar) olan layihə regional təhdidlərin artması fonunda ölkənin hava məkanının müdafiəsini gücləndirməyə yönəlib.
Proqram pilotsuz uçuş aparatlarının (PUA) aşkar edilməsi və zərərsizləşdirilməsi üçün sərhədyanı rayonları, kritik infrastrukturu, hava limanlarını və böyük şəhərləri əhatə edəcək ümummilli sistemin yaradılmasını nəzərdə tutur.
Nazirlikdən qeyd edilib ki, bu qərar ABŞ-nin Venesuelanın hava hücumundan müdafiə obyektlərinə endirdiyi zərbələrdən sonra sürətləndirilmiş rejimdə qəbul edilib.
Antidron qalxanı erkən aşkarlama sensorları, radioelektron mübarizə vasitələri, fiziki önləyicilər və vahid idarəetmə sistemindən ibarət çoxsəviyyəli arxitekturanı özündə birləşdirəcək. Layihə Kolumbiya tarixində hava məkanının müdafiəsinə qoyulan ən böyük investisiya adlandırılır.
İcranın birinci mərhələsi artıq yanvarın 16-da beynəlxalq şirkətlər və hökumətin nümayəndə heyətləri ilə qapalı məsləhətləşmələr formatında start götürəcək. Sistemin qurulması tədarükçülər seçildikdən sonra mərhələli şəkildə həyata keçiriləcək. Maliyyələşdirmə isə 2026-cı ilin büdcə planlaması çərçivəsində təmin edilib.
Tramp: ABŞ İrandakı hadisələrə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir